Nizami Cəfərov: 10 yaşlı uşaq nə bilir hicab nədir? Bu, valideyn təzyiqidir!


Azərbaycanda məktəblərdə hicab məsələsi və vahid məktəbli formasının tətbiqi ətrafında müzakirələr davam edir. Dini geyimlə bağlı fikir ayrılıqları ilə yanaşı, məktəblərin daxili qaydalarına müdaxilə və təhsil müəssisələrinə kənar təsir göstərilməsi məsələsi də diqqət çəkir.

Məktəblərin dünyəvi prinsipləri əsasında fəaliyyət göstərməsi, onların üzərinə müəyyən dini və ya ideoloji yanaşmaların qəbul etdirilməsi cəhdləri cəmiyyətdə müzakirələrə səbəb olur.

Mövzu ilə bağlı səsləndirilən mövqedə məktəblərə qarşı belə müdaxilələrin yolverilməz olduğu, təhsil müəssisələrinin öz prinsipləri və qanunvericilik çərçivəsində fəaliyyət göstərməli olduğu vurğulanır. Eyni zamanda, azyaşlı uşaqların hicab taxması və bu seçimin nə dərəcədə müstəqil qərar olması məsələsinə də diqqət çəkilir.

Turkustan.az mövzu ilə bağlı Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərovun fikirlərini öyrəndi.

Nizami Cəfərov:

"Azərbaycan Nazirlər Kabineti tamamilə haqlı olaraq və mövcud təcrübəyə əsaslanaraq, heç bir qeyri-adi addım atmadan xüsusi qərar qəbul edib. Qərara əsasən, orta məktəblərdə şagirdlər xüsusi məktəb formalarında təhsil almalı və tərbiyə olunmalıdırlar.

Burada söhbət hələ dünyagörüşü formalaşmamış və ya kifayət qədər formalaşmamış uşaqlardan, yeniyetmələrdən gedir. Buna görə də kənardan hər hansı müdaxilənin edilməsi, ayrı-ayrı şəxslərin və ya ictimai-siyasi qüvvələrin öz prinsiplərini məktəblərə diktə etməsi düzgün deyil və özünü doğrultmur.

Məktəb dünyəvi bir müəssisədir. Burada təhsil və tərbiyə prinsiplərinin əsasını insan hüquqları, beynəlxalq normalar və dövlətin müəyyən etdiyi qaydalar təşkil edir. Yeniyetmələrin hər hansı radikal hadisələrə, proseslərə və ya qruplara cəlb edilməsi yaxşı hal deyil və müsbət nəticələr vəd etmir.

Məktəbə təzyiq göstərmək, onun fəaliyyətinə müdaxilə etmək və müəyyən tələbləri diktə etmək yolverilməzdir. Belə hallara qarşı dövlətin qanunları və qaydaları var, bu məsələləri də dövlət tənzimləməlidir. Məktəblərin riayət etməli olduğu prinsiplər mövcuddur və bu, dünyanın bir çox ölkəsində belədir.

Dini və ya digər fərdi seçimlərə gəlincə, bunlar insanın dünyagörüşü formalaşdıqdan sonra şəxsi qərarı əsasında müəyyənləşməlidir. İnsan öz həyat tərzini seçməkdə sərbəst olmalıdır. Lakin məktəb hər hansı dini və ya başqa özünəməxsus baxışların nümayiş etdirildiyi məkana çevrilməməlidir.

Düşünmək lazımdır ki, bu gün dünyagörüşü hələ formalaşmamış 10-11 yaşlı bir qız uşağı məktəbə hicabla gəlirsə, bu qərar nə dərəcədə onun öz seçimi ola bilər? Belə yaşda uşağın bu qərarı müstəqil şəkildə verməsi sual doğurur. Bu, valideynlərin təzyiqinin, ailədə gördüklərini təqlid etməsinin və ya ətraf mühitin təsirinin nəticəsi ola bilər. Təqlid və təzyiq isə müəyyən hallarda gələcəkdə gərginliklərə səbəb ola bilər.

Digər tərəfdən, məktəbdə vahid geyim qaydalarının olması sosial bərabərlik baxımından da əhəmiyyətlidir. Bir şagirdin maddi imkanı geniş, digərinin isə məhdud ola bilər. Hər kəs məktəbə fərqli geyimlərdə gəldikdə, bu fərqlər sosial ziddiyyətləri daha da qabarda və məktəbi cəmiyyətdəki ayrı-seçkiliklərin nümayiş olunduğu məkana çevirə bilər.

Bir məqamı da unutmaq olmaz: məktəbə heç bir qüvvə təzyiq göstərə və öz tələblərini diktə edə bilməz. Məktəbdə şagirdlər və müəllimlər var, təhsil prosesinin əsasını isə dövlətin qanunları, müəyyən etdiyi prinsiplər və beynəlxalq normalar təşkil edir".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ