Tarif Şurası qərar verə bilər... – Kommunal ödənişlər azalır?


Havaların soyuması ilə əlaqədar olaraq əhalinin qaz və elektrik enerjisinə olan tələbatı da sürətlə artır.

Soyuq havalarda evlərin qızdırılması, işıqlandırma və məişət cihazlarından daha intensiv istifadə olunması enerji istehlakının yüksəlməsinə birbaşa səbəb olur.

Bu vəziyyət isə bəzi abonentlərin daha yüksək tarif pilləsinə keçməsi ilə nəticələnərək vətəndaşların büdcəsinə əlavə yük yarada bilər. Məhz soyuq havalarda istehlakın artması fonunda qaz və elektrik enerjisi üzrə tətbiq olunan limitlərin artırılması və ya dəyişdirilməsi məsələsini aktuallaşdırır.

Xatırladaq ki, bir müddət öncə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin plenar iclasında “Aqrar sahə haqqında” yeni qanun layihəsi müzakirə olunarkən Azərbaycanda aqrar bölgələrdə kommunal tariflərin azaldılması və enerji istehlakı limitləri müəyyənləşdirilərkən iqlim fərqlərinin nəzərə alınması təklif edib:

“Bakı və Abşeronda orta illik temperaturla yüksək dağ və sərhəd rayonlarında qış mövsümü eyni uzunluqda və sərtlikdə davam etmir. Qusar, Quba, Gədəbəy, Daşkəsən, Lerik, Yardımlı, Şahbuz, Kəlbəcərdə yeddi-səkkiz aya qədər istiliyə ehtiyacı olan ailə ilə mülayim iqlimdə yaşayan ev təsərrüfatlarının enerji tələbatını eyni limitlə ölçmək sosial bərabərsizlik yaradır.

Hazırkı qaz tariflərində illik istehlakın ilk 1200 kubmetri üçün hər kubmetrə 12,5 qəpik, 1200–2500 kubmetr hissəsi üçün 22 qəpik, 2500 kubmetrdən yuxarı hissəsi üçün isə 30 qəpik tətbiq olunur”.

Deputat elektrik enerjisi tariflərinin də iqlim fərqlərinə baxmayaraq ölkə üzrə eyni olduğunu qeyd edib.

“Ona görə də aqrar bölgələrdə kommunal tarifləri azaltmağı təklif edirik”, - deyə komitə sədri vurğulayıb.

Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev isə yerli mediaya verdiyi açıqlamasında deyib ki, kənddə yaşayan insanın kommunal yükü şəhərdə yaşayan vətəndaşla eyni olmamalıdır:

"Kəndlə şəhər arasında yalnız coğrafi deyil, iqtisadi və sosial baxımdan da müəyyən fərq olmalıdır. Söhbət kənddə yaşayan vətəndaşın şəhərdə yaşayan vətəndaşdan daha az hüquqa malik olmasından yox, əksinə, kənddə yaşamağı təşviq edən əlavə imkanların yaradılmasından gedir. Ona görə də kommunal xidmətlərin kəndlərdə tamamilə limitsiz və ya ödənişsiz olması məsələsinə yalnız bir istiqamətdən yanaşmaq düzgün deyil.

Mənim təklifim kənd əhalisi üçün elektrik, qaz, su və digər kommunal xidmətlərdə daha əlverişli, sosial və differensial tariflərin tətbiq edilməsidir. Yəni kənddə yaşayan insanın kommunal yükü şəhərdə yaşayan vətəndaşla eyni olmamalıdır. Çünki kənd sakinlərinin gəlir imkanları, məşğulluğu və xidmətlərə çıxışı şəhərlə eyni deyil”.

O qeyd edib ki, kənd və rayonlarda yaşayan insanlar üçün kreditlər daha əlçatan və faizlər daha aşağı olmalıdır:

"Digər tərəfdən, kənd əhalisi ölkənin ərzaq təhlükəsizliyinə birbaşa töhfə verir. Fermer, maldarlıqla, əkinçiliklə məşğul olan ailə həm öz ailəsini dolandırır, həm də ölkənin kənd təsərrüfatı məhsullarının istehsalında iştirak edir. Belə bir şəraitdə kənddə yaşayan insanların xərclərinin müəyyən hissəsinin azaldılması sosial güzəşt olmaqla yanaşı, iqtisadi siyasət də ola bilər. Kənd və rayonlarda yaşayan insanlar üçün kreditlər daha əlçatan və faizlər daha aşağı olmalıdır.

İpoteka mexanizmləri də Bakı və iri şəhərlərlə məhdudlaşmamalı, regionlarda ev almaq və ya ev tikmək istəyən vətəndaş üçün real imkan yaratmalıdır. Bu məsələ xüsusilə vacibdir, çünki hazırkı ipoteka mexanizmlərində gəlir və əmlakla bağlı müəyyən tələblər var və bəzi rayonlarda ipoteka kreditləşməsinin əhatəsi də yetərli deyil”.

Deputat bildirib ki, əgər biz kəndlərin boşalmasının qarşısını almaq istəyiriksə, yalnız "kənddə qalın” deməklə bunu edə bilmərik:

"Məqsəd insanları kəndə məcbur etmək deyil. Məqsəd elə şərait yaratmaqdır ki, insan kənddə qalmağı özü üçün sərfəli və rahat seçim hesab etsin. Bunun üçün kommunal xərclərin azaldılması, güzəştli kreditlər, əlçatan ipoteka, keyfiyyətli yol və internet, səhiyyə və təhsil xidmətləri, kənd təsərrüfatı üçün maliyyə imkanları bir-birini tamamlamalıdır.

Əgər biz kəndlərin boşalmasının qarşısını almaq istəyiriksə, yalnız "kənddə qalın” deməklə bunu edə bilmərik. Kənddə yaşamağın iqtisadi üstünlüklərini artırmalıyıq. Mənim bir ilə yaxındır söylədiyim əsas fikir də məhz budur: kənddə yaşayan vətəndaş dövlət tərəfindən əlavə dəstək hiss etməlidir.

Kommunal xidmətlərdən tutmuş kreditə, ipotekadan tutmuş kənd təsərrüfatına qədər bütün siyasət kənd həyatını daha dayanıqlı və cəlbedici etməyə xidmət etməlidir. Bu, təkcə sosial siyasət məsələsi deyil. Bu, regionların inkişafı, kəndlərin boşalmasının qarşısının alınması və ölkənin gələcək ərzaq təhlükəsizliyi ilə bağlı strateji məsələdir”.

Məsələ ilə bağlı REAL Partiyasının sədri, iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda kommunal (elektrik, qaz, su və istiliyin) ödənişlərin azalması ənənəsi yoxdur:

“Son bir neçə gündə neftin və qazın qiymətlərində müəyyən ucuzlaşma müşahidə olunsa da, yekun göstəricilərə nəzər saldıqda enerji daşıyıcılarının qiymətləri iki dəfədən çox bahalaşıb”.

O qeyd edib ki, ötən ilin eyni dövründə neftin qiyməti 55-60 dollar civarında olduğu halda, hazırda 100 dollara yaxındır.

Onun sözlərinə görə, Azərbaycanda kommunal xidmətlərin qiymətləri dünya bazarından asılı deyil və inzibati qaydada tənzimlənir:

“Azərbaycanda kommunal xidmətlərin qiymətləri dünya bazarından asılı deyil. Onlar inzibati qaydada tənzimlənir və Nazirlər Kabinetinin qərarından asılıdır. Nazirlər Kabineti və Tarif (qiymət) Şurası istəsələr, sabahdan bu qiymətləri endirə bilərlər.

Azərbaycanda, təəssüf ki, belə bir praktika yoxdur. Qiymətlər həmişə artır. Ona görə də dünya bazarında baş verən proseslərlə ölkə daxilində kommunal xidmətlərin qiymətləri arasında heç bir korrelyasiya yoxdur”.

O bildirib ki, kommunal tariflər bazar iqtisadiyyatının prinsiplərinə əsasən deyil, daxili qanunvericilik və Tarif (qiymət) Şurasının qərarları ilə tənzimlənir. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ