Azərbaycan Yazıçılar Birliyində “Söz körpüsü” ədəbi birliyinin təşkilatçılığı ilə Türkiyə Respublikasının vətəndaşı, tərcüməçi Tahirə Günəşin Azərbaycan klassik poeziyasından urdu dilinə tərcümələrini əhatə edən “Güldəstə” kitabının təqdimatı keçirilib.
Ədəbi ictimaiyyətin böyük marağına səbəb olan tədbirdə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri, şair və yazıçılar, qiraətçilər, gənc qələm sahibləri və ədəbiyyatsevərlər iştirak ediblər.
Tədbirdə Xalq şairi Sabir Rüstəmxanlı, tanınmış yazıçı Seyran Səxavət, şair və publisist Qulu Ağsəs, Xəyal Rza, Güləmail Murad, Rəbiqə Nazimqızı, Rəfail Tağızadə, Əli bəy Azəri, Narıngül Nadir, Təranə Yusifqızı, Elnare Zeynalova,Fidan Nəsirova,qiraətçilər Bəhiyyə Nağıyeva və İsmayıl Etibarlı, eləcə də gənc şairlər Emrah Tənha, Aypara Ayxan, Nazlı Çiçək və digər ədəbiyyat nümayəndələri iştirak ediblər.
Tədbirin aparıcısı, ziyalı və ədəbiyyat təəssübkeşi Leyla Səmədova mərasimi yüksək peşəkarlıq, zəngin nitq mədəniyyəti və xüsusi aparıcılıq məharəti ilə idarə edib. Leyla Səmədova tədbirin ayrı-ayrı məqamları arasında uğurlu keçidlər edərək, iştirakçılar və qonaqlar arasında səmimi ədəbi ünsiyyət mühitinin formalaşmasına mühüm töhfə verib.
Təqdim olunan “Güldəstə” kitabı Azərbaycan klassik poeziyasının zəngin bədii irsini urdudilli oxuculara çatdırmaq baxımından xüsusi əhəmiyyət daşıyır. Bu nəşr iki xalqın ədəbi-mədəni əlaqələrinin inkişafına, Azərbaycan poeziyasının beynəlxalq miqyasda tanıdılmasına xidmət edən dəyərli ədəbi təşəbbüsdür.
Kitabın ön sözü və urdu dilinə tərcümə prosesində müəllifə göstərilən xüsusi ədəbi və yaradıcı dəstək azərbaycanlı şair Aysel Nəsirzadəyə məxsusdur. Onun bu layihədəki iştirakı Azərbaycan poeziyasının başqa bir dil və mədəniyyət mühitində tanıdılması baxımından təqdirəlayiqdir.
Tədbir iştirakçıları kitabın nəşrini Azərbaycan ədəbiyyatının təbliği, milli poeziyamızın dünya xalqlarına tanıdılması və xalqlar arasında mədəni körpülərin qurulması istiqamətində əhəmiyyətli hadisə kimi qiymətləndiriblər. Qonaqlar “Güldəstə”ni böyük maraqla qarşılayıb, nəşrin ədəbi və mədəni əhəmiyyəti ətrafında fikir və təəssüratlarını bölüşüblər.
Tədbirin sonunda təşkilatçılar – Aysel Xanlarqızı, Aysel Nəsirzadə və Həmidə Yaqubova iştirakçılara və qonaqlara təşəkkürlərini bildiriblər. Səmimi və xoş ovqatda keçən görüş xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.
“Güldəstə” Azərbaycan poeziyasının söz çələngini urdu dilində təqdim etməklə ədəbiyyatın sərhəd tanımadığını, sözün və sənətin xalqları birləşdirən ən möhkəm körpülərdən biri olduğunu bir daha nümayiş etdirib.