Ermənistanın Baş naziri Nikol Paşinyan qanunsuz yolla əldə edilmiş əmlakın tam şəkildə geri qaytarılacağını bəyan edib. O, barışıq sazişi çərçivəsində qanunsuz əmlakın 25 faizinin şəxslərdə qalmasına imkan verən normanın ləğv ediləcəyini bildirib.
Turkustan.az xəbər verir ki, Paşinyan bu barədə çıxışında danışıb.
Baş nazir bildirib ki, Qagik Xaçatryan vəziyyət sakitləşən kimi sadəcə getməyəcək, pensiyasının köçürülüb-köçürülmədiyini yoxlamaq üçün qaçacaq. O, eyni vəziyyətin Ermənistanın sabiq prezidenti Robert Köçəryana da aid olduğunu deyib.
Paşinyan vurğulayıb ki, xalq tərəfindən seçilmiş baş nazir kimi oğurlanmış bütün əmlakın sonuncu hissəsinə qədər geri qaytarılmasına siyasi məsuliyyət daşıyır.
Onun sözlərinə görə, qanunsuz əmlakın müsadirəsi sistemində mövcud olan normaya əsasən, barışıq sazişi bağlandıqda əmlakın 25 faizi həmin şəxslərdə qalır, 75 faizi isə dövlətə qaytarılır. Baş nazir bu normanın ləğv edilməsi barədə göstəriş verdiyini açıqlayıb.
Paşinyan qeyd edib ki, hakimiyyət qanunsuz əmlak əldə etmiş şəxslərə 8 il ərzində könüllü şəkildə geri qaytarmaq imkanı verib, lakin onlar bundan istifadə etməyiblər. Buna görə də bundan sonra əmlakın 100 faizinin geri qaytarılması nəzərdə tutulur.
Baş nazir yaxın vaxtlarda müvafiq qanunvericilik dəyişikliklərinin ediləcəyini və barışıq sazişi imkanının aradan qaldırılacağını bildirib.
“Onlar oğurladıqları hər şeyi geri qaytaracaqlar. Hətta qanunsuz yolla əldə etdikləri ayaqqabılarını da əllərindən alacağıq!” – Paşinyan vurğulayıb.
/Bizim.Media