Kamil Şahverdi
VIII Yazı
(üçüncü hissə)
(Əvvəli BU LİNKDƏ)
... 1965-ci il mayın 28-də Almaniyanın Münhen şəhərində Azadlıq Radiosunun efirindən dünyaya yayımlanan, elə həmin ildə Türkiyədə musiqişünas-alim Etem Üngörün nəşr etdirdiyi "Türk Marşları" kitabında yer almasının ardınca "Azərbaycan Marsı" bu dəfə incəsənətin ən kütləvi janrı olan kinoda səsləndirildi. 1967-ci ildə qardaş Türkiyədə "501 Numaralı Hücre" filmində "Azərbaycan Marşı" millionlarla tamaşaçılara təqdim olundu. Azərbaycanda bu film haqqında kimsənim xəbəri olmadı. Ola da bilməzdi. Çünki bu anti sovet filmi idi. Bolşeviklərin Azərbaycanı işğal etdikdən sönra törətdikləri represiyalara, dəhşətli işgəncələrə həsr olunmuşdu. Filmin süjetini real həyatdan alınmış hadisələr, 1930-cu illərdə Stalin represiyalarına qarşı üsyan edib sovet təyyarəsini qaçıraraq min bir əziyyətdən keçərək Türkiyəyə sığınan azərbaycanlı hərbi pilot Mehmet Altunbayın həyat hekayəsi təşkil edir.
1950-1960-cı illərdə Türkiyədə fəaliyyət göstərən Azərbaycan mühacirləri arasında çox aktiv fəaliyyəti ilə seçilən gəncəli Mehmet Altunbay başına gələn hadisələri qələmə alaraq İstanbulda çıxan "Hürriyyət" və "Yeni Sabah" qəzetlərdə hissə-hissə çap etdirir. Daha sonra bu hadisəlır əsasında film ssenarisi yaradılır.
Türkiyə Ordusu Foto Film mərkəzinin rəhbəri, hərbi rejissor polkovnik Nüsrət Eraslan 1967-ci ildə “501 Numaralı Hücre”filminin çəkilişlırinə başlayır. Film iki hissədən ibarətdir.
Təxminən 3 saat davam edən film azərbaycanlı pilot Mehmet Altunbayın həyatından bəhs edir. Altunbay sovet hakimiyyəti illərində Bakı Aviasiya Məktəbinin Uçuş Bölməsinin komandiri olarkən KQB-nin ona ölüm hökmü verməsi nəticəsində iki dostu ilə birlikdə sovet təyyarəsini qaçıraraq Türkiyəyə sığınır. Lakin Türkiyəyə sığınana qədər dəhşətli əzablar, mərhumiyyətlər yaşayır.
Film Mehmet Altunbayın xatirələri əsasında yaradılıb və onun dilindən bu cümlələrlə başlayır:
“1920-ci ildir. Mən azərbaycanlı Mehmet Altunbay. Azadlıqdan məhrum bir ölkədə doğulmuşam. Orada azadlığın əsl mənasının nə olduğunu mənə öyrətmədilər. Yaşadığım rejimdə insanlar həmişə bir-birindən qorxurdular, görəsən, günün iyirmi dörd saatı kim kimə jurnal verəcək, bilmirdilər. Hamımız qorxmadan yaşamaq həsrəti ilə dolu idik. Vulkan kimi içimizi dolduran bu hisslər bir gün çörək və su kimi qiymətli bir şeyə çevrildi ki, ondan əl çəkə bilmirik. Hamımız bu mənbədən içdik. Biz azadlıq və xoşbəxtliyə susamış insanlar Stalin diktaturasının o dəhşətli rejiminə boyun əyə bilmədik...”
Bu cümlələrdən sonra kadrda qarlı, çovğunlu havada, amansız rus əsgərlərinin süngüləri altında Azərbaycan türkləri “İstiqlal marşı”nı oxuyaraq addımlayırlar:
“Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!”
Məhəmməd Altunbay 1911-ci ildə Gəncə şəhərində anadan olub. Atası Gəncə qəzasının Qaramusalı kəndindən olub, şəhərdə Dərvişoğlu Qaçaq İbrahim kimi tanınıb, Çar Rusiyasına qarşı mübarizə aparıb.
1916-cı ildə atası dünyasını dəyişdikdən sönra özündən 3 yaş böyük və 4 yaş kiçik qardaşları ilə anasının himayəsində qalır. 13 yaşında ikən böyük qardaşı ilə bərabər fabtikdə işləməyə başlayır. Axşamlar isə orta məktəbdə oxuyur.
1926-cı ildə Cəncədə orta məktəbi min bir iztirab və əziyyətlə bitirdikdən sonra qardaşı ilə bərabər Bakıya gəlirlər. Bakıda da yenə gündüz işləyib, gecələr liseydə oxuyurlar. Eyni zamanda Bakıda türk dilində çıxan “Kommunist” və “Yeni yol” qəzetlərinin aktiv müxbirləri kimi fəaliyyət göstərirlər. Liseyi bitirən ərəfədə Bakıda təyyarə məktəbi açılır. Məhəmməd də bu fürsəti qaçırmayaraq imtahandan və həkimlərin müayinəsindən keçdikdən sonra təyyarə məktəbinə qəbul olunur.
Daha sonra Altunbay Odessa Ali Hərbi Hava Məktəbinə daxil olur, 1933-cü ildə buranı bitirir. SSRİ-nin bir sıra bölgələrində pilot kimi fəaliyyət göstərir, üç dəfə fəxri fərmanla təltif olunur. 1935-ci ildən etibarən Azərbaycanda repressiya dalğasının və bolşevik zülmünün güclənməsi fonunda Məhəmməd Altunbay ölkədən çıxmaq barədə qərar qəbul edir və bu məqsədlə eyni düşüncədə olan hərbçilərlə tanış olur. Altunbayın xatirələrinə əsasən SSRİ-yə qarşı çıxan bir çox tanış və dostu hökumət tərəfindən güllələnmişdir və yerdə qalan 22 şəxslə bərabər imperiyanı tərk etmək barədə yekun qərar vermişdilər.
Məmməd Altunbay pilot olduğundan digər iki dostu Həsən və Cəlalla birlikdə 1939-cu ildə SSRİ-yə məxsus hərbi təyyarəni Türkiyəyə qaçırmağa qərar verir. İmperiya sərhədini keçən pilotları sərhədçilər atəşə tuturlar. Məcburi şəkildə İrana eniş edilir. İran tərəfi onların istəklərinə baxmayaraq Türkiyəyə təhvil vermirlər, 9 ay Təbriz həbsxanasında saxlanılırlar.
Hadisədən sonra SSRİ-nin Tehran şəhərində yerləşən səfirliyi vasitəsilə imperiya adından İran Şahına bir necə dəfə rəsmi nota göndərilir. Göndərilən nota mətnində Sovet ordusuna məxsus təyyarənin və fərrari pilotların ən qısa zamanda qarşı tərəfə təhvil verilməsi tələb olunurdu. SSRİ-nin İrana təziq göstərməsindən xəbər tutan pilotlar Buxara katibi və Türkiyə Respublikasının Tehranda yerləşən səfirliliyinin əməkdaşlarının vasitəsilə həbsxanadan qaçıb, Türkiyə səfirliyinə sığınmaq qərarına gəlirlər. Pilotların həbsxanadan qaçmasına səfirliyin Osman Koçaoğlu adlı əməkdaşının da xüsusi xidməti olmuşdur.
Məhəmməd Altunbayın xatirələrinə əsasən qaçış planı ağır şərtlər altında həyata keçirilib və qaçış zamanı pilotlardan biri kommunist təşkilatlarının üzvləri tərəfindən küçədə güllələnərək öldürülüb. Hadisə gecəsi Türkiyə səfirliyinin köməkliyi ilə Məhəmməd Altunbay və digər bir pilot Tehran şəhərindən qaçmağa nail oldular. Şəxslər qaçan zaman kommunist dəstələri tərəfindən yaxalanmaq ehtimalını nəzərə alaraq üzərlərində olan Sovet vətəndaşlığına aid bütün sənədləri yandırmışdılar. Altunbay sənədlərin yandırılmasının onları xilas etdiyini bildirmişdir. Belə ki, qaçış gecəsi pilotlar bir dəstə kommunist tərəfindən sənədlərin yoxlanılması və ayaq üstü sorğu-sual üçün saxlanılmışdır.
Pilotlar səfirlik tərəfindən verilmiş pasportların itirilməsini göstərən sənədləri kommunistlərə təqdim etdikdən sonra oradan uzaqlaşmağa nail olmuşdular. Altunbay kommunistlərin onlara inandığını və onları sənədləri itmiş Türkiyə Respublikasının vətəndaşları zənn etdiklərini bildirmişdir. Qaçaq pilotlar səkkiz həftə ərzində gecəli-gündüzlü bir çox təhlükələrdən, ağır mübarizələrdən keçməklə Bağdad şəhərinə yetişirlər. Bağdad şəhərinə olan məsafəni ölkədə qaçaq olduqlarından piyada və gizlənərək getmək məcburiyyətində idilər.
Bağdad şəhərində yerləşən Türkiyə səfirliyinin attaşesi Sahib İlkin tərəfindən qarşılanan pilotlar Türkiyəyə yola salınmaq üçün Bağdadın Kiçik Teleqraf qatar dayanacağına göndərilirlər. Dayanacaqda Məhəmməd Altunbay və digər pilot gözlənilməz şəkildə ingilis zabitlərinin diqqətini cəlb etmiş və ingilislər onları beşinci alman polkuna mənsub casuslar olması şübhəsi ilə həbs edirlər.
Bağdad şəhərində yerləşən ingilis birlikləri geyimlərindən və danışıqlarından yerli cammaatdan fərqlənən bu iki şəxsi əvvəlcə Bağdad şəhərində yerləşən lokal həbsxanada, daha sonra isə ingilis qarnizonunun həbsxanasına göndərirlər. Pilotlar barəsində aparılan istintaq yekunlaşdıqdan sonra Bağdad ingilis qarnizonunun komandirinin göstərişi ilə hər iki pilot casusluq ittihamı ilə ölümə məhkum edilmişdir.
Türkiyə səfirliyinin attaşesi Sahib İlkin pilotlar barəsində ölüm hökmünün çıxarılmasından xəbər tutandan sonra, diplomatik kanallar vasitəsilə məsələyə müdaxilə etməyə çalışır və aparılan uzun danışıqlardan sonra hər iki pilotun cəzasının ləğv edilməsinə və Türkiyəyə göndərilməsinə nail olur. Pilotlar 1941-ci idə Türkiyənin İstanbul şəhərinə göndərilir.
Mühacir kağızında Altunbayın Türkiyəyə tək gəldiyi qeyd edilib. Sənəd 1943-cü ilin 25 may tarixindək doğum kağızı əvəzinə istifadə etmək üçün verilib. Sənədə Altunbayın şəkli də yapışdırılıb. Mühacir kağızı pilota 1942-ci ilin 25 mayında verilib. Sənədin üzərindəki möhürlərdən anlaşılır ki, Altunbaya mühacir olduğuna görə müxtəlif yardımlar edilib.
Altunbay Türkiyəyədə pilot kimi fəaliyyətinə davam etməyə qərar verir. 1943-cü ildə bu məqsədlə Baş qərargahın sədrinə müraciət edir. Əskişəhər təyyarəçilik məktəbinə göndərilir. İmtahanlardan uğurla keçərək pilotluq sənədi alır. 1945–1960-cı illər ərzində Türk Hava Yollarında çalışır.
1953-1954-cü illərdə Mehmet Altunbay İstanbulda "Hürriyyət" və "Yeni sabah" qəzetlərində xatirələrini "Türk təyyarəçisi Mehmet Altunbay Rusiyadan necə qaçdı?" və "Cəhənnəmdə gördüklərim" başlıqları ilə 9 ay ərzində çap etdirir. 1960-1963-cü illərdə Altunbay Amerika Birləşmiş Ştatlarının Mərkəzi Avropada yerləşən Azadlıq radiosunun Azərbaycan şöbəsi ilə əməkdaşlıq edir. 1963-cü ildə yenidən Türkiyəyə qayıdan Altunbay yaşadıqları ilə bağlı film çəkmək qərarına gəlir.
O özü bu haqda yazır:
"Xatirələrimi ssenari şəklinə salıb Baş Qərargah Sədrliyinə təqdim etdim. Tədqiqat nəticəsində 1966-cı il dekabrın 6-da Baş Qərargah Sədrinin əmri ilə Türk Silahlı Qüvvələrinin milli və əxlaqi tərbiyyəsi üçün faydalı hesab edilən milli məqsəd və milli mənfəət baxımdan heyətin diqqətini cəlb edən ssenarim əsasında "501 Numaralı Hücre" filminin çəkilməsinə qərar verildi..."
Filmin çəkilişləri Türk Ordusu Foto Film mərkəzinim rəhbəri, hərbi rejissor polkovnik Nüsrət Eroslana həvalə olunur Nüsret Eroslan "Onun sevarisi", "Kocatepenin beş atlısı", "Çanakkale Arslanıarı" kimi filmlər çəkmiş tanınmış rejissor idi. Ona təklif olunan yeni filmin çəkilişləeinə dərhal başlamağa qərar verir.
"501 Numaralı Hücrə" filmi 1967-ci ildə çəkilib, 1969-cu ildə ekranlara çıxıb. Film Türkiyənin bütün kinoteatrlarında, hərbi qarnizonıarında uğula nümayiş olunub. Millionlarla insan filmə baxıb. Hətta həmin illərdə ən çox tamaşaçı cəlb edən filmlərdən biri idi. 1971-ci il aprelin 29-da Türkiyə televiziyası ilə bütün ölkəyə nümayiş olunur. Qardaş Türkiyədə belə geniş yayılmasına baxmayaraq, Azərbaycanda bu film haqqında heç bir məlumat yox idi. Bu heç mümkün də deyildi...
Heç şübhəsiz ki, "Azərbaycan Marşı"nın filmdə səslənməsi və üçrəngli ay ulduzlu bayrağımızın kadrlarda əks olunması Məhəmməd Altunbayın təşəbbüsü ilə baş turmuşdur. Azadlıq Radiosunda səsləndirildikdən və Etem Üngörün "Türk Marşları" kitabında çap olunduqdan sonra "Azərbaycan Marşı"nın "501 Numaralı Hücre" filmində də yer alması böyük tarixi hadisə idi. 1960-cı illərdə baş verən bu üç fakt "Azərbaycan Marşı"nın tarixində olduqca böyük önəm daşıyır.
Ardı var