Altı şəhər diyarına, yaxud Altışara yeni səyahət



İsmailjan İMİNOV
(Qazaxıstan)

Qazaxıstan Yazıçılar Birliyinin, Qazaxıstan Milli Coğrafiya Cəmiyyətinin üzvü, uyğur əsilli yazıçı İsmailjan İminovun “Altı şəhər diyarına, yaxud Altışara yeni səyahət” kitabı uyğur türklərinin yaşadığı Doğu Türküstan, Təklə-Məkan bölgəsi, Kaşğar, Opal, Yarkənd şəhərləri və diyarın Yusif Balasaqunlu, Mahmud Kaşğarlı kimi fikir dahiləri, eyni zamanda uyğurların Mollla Nəsrəddini haqqında son dərəcə maraqlı hekayətdir.
Kitabdan bir neçə bölümü oxuculara təqdim edirik.

DAHİ ŞAİRİ ZİYARƏT
Düşünürəm ki, geniş türk dünyasının savadlı insanları arasında qədim Qaşqarın böyük şairi Yusif Balasaqunlu (Xas Hacib) haqqında eşitməyən adam tapmaq çətindir. Qədim şəhərə girəndə həmkarım Asılbek Kojaxmetovun (ictimai xadim, biznes təhsili və idarəetmə üzrə ekspert, Almatı İdarəetmə Universitetinin (AlmaU) təsisçisi və prezidenti) əlində Naum Qrebnevin rus dilinə tərcüməsindəki klassik “Xoşbəxt olmaq elmi” poeması vardı.
“Mənim üçün Yusif Balasaquni Qaraxanlılar dövlətinin qədim paytaxtının simvollarından biridir. Onun poemasını Almatıda oxumağa başladım, bu qədim diyarı anlamaq istədim. “Dahi əcdadımızın yaratdığı dastanla tanış olmaqdan böyük məmnuniyyət duyuram”, - deyir.
Bilirdik ki, şair Kaşğarda əbədi rahatlıq tapıb və şəhərin ən müqəddəs yerlərindən biri UNESCO-nun himayəsində olan Yusif Balasaqunlu ziyarətgahıdır.
Günorta istisi çoxdan səngiyib. İsti iyul axşamı idi. Təmiz cənub mehi əsirdi. Ekspedisiyamız şəhərin tarixi mərkəzindən o qədər də uzaq olmayan məqbərəyə yaxınlaşırdı. Hətta uzaqdan belə, artıq məqbərənin əzəmətli gözəlliyinə heyran olmuşduq.
Səfər yoldaşlarım bura ilk dəfə idi ki qədəm basırdılar, amma mən dahi şairin məzarını ziyarət artıq iki dəfə - 2012 və 2014-cü illərdə - etmişdim.
Sanki ilk dəfə gəlirdim, həyəcan içində sağ ayağımı bənzərsiz memarlıq tikilisinin astanasından içəri qoyub “Bismillah ir-Rəhman ir-Rəhim” dedim. Məqbərənin taleyi də orada uyuyan insanın taleyi kimi, heyrətamiz və sirlərlə doludur. Bəs, Şokan Vəlixanov bu məzarlığı ziyarət edib böyük şair haqqında eşitmişdimi?
Vəlixanov Yusif Balasaquni haqqında yazmayıb. Şair ölümündən sonra şöhrət qazanıb. Lakin sərdaba əsrlər boyu Qaşğarda məşhur yer olub. Aydındır ki, şəhərə gələn hər kəs oranı da ziyarət edirdi. Axı, əsrlər boyu burada təkcə şairin məzarı deyil, həm də mədrəsə, məscid, qəbul otağı, sərgi salonu və nəhayət, məzarın özündən ibarət vahid İslam dini və təhsil mərkəzi yerləşirdi.
Xatırladaq ki, qədim şəhərdə olduğu müddətdə maraqlanan və hər şeyə maraq göstərən Şokan bir çox məscid və mədrəsələri ziyarət edib, tanınmış şairlər, alimlər və ilahiyyatçılarla (axundlarla) görüşüb, Kaşğardan hazırda Rusiyanın Sankt-Peterburq şəhərində olan nadir əlyazmaları gətirib.
Şübhəsiz, o, 1.900 kvadrat metr ərazini əhatə edən bənzərsiz kompleksi görüb. Uyğur memarlığının bu şah əsəri müsəlman Şərqindəki bir çox digər binalar kimi Kaşqar ustaları tərəfindən inşa edilib. Sadəliyi və eyni zamanda təntənəsi ilə diqqəti çəkir.
Bu heyrətamiz kompleksin foyesində Yusif Balasaqunluun büstünü, qonşu otaqda isə şairin görkəmli uyğur rəssamı Qazi Əmətin fırçasınfdan çıxan portretini görürük. Məqbərənin kənarlarında hündür minarələr ucalır, mərkəzdə isə əzəmətli günbəz yerləşir.
Memarlıq abidəsi mavi Uyğur naxışları ilə bəzədilmiş ağ kaşılarla bəzədilib, günbəzin özü isə tünd mavi rəngdədir.
Məqbərəyə daxil olur, təxminən min il əvvəl yaşayıb yazıb-yaradan şairin dəfn olunduğu yerə duyğu ilə yaxınlaşırıq.
İndi isə şöhrəti ölümündən səkkiz yüz il sonra gələn Yusif Balasagunun öz obrazına qayıdaq.
1796-cı il... Osmanlı İmperiyasının paytaxtı İstanbul. Bosfor sahillərində diplomatik xidmətdə olan gənc avstriyalı şərqşünas Jozef fon Hammer-Pürqştal gözlənilmədən qədim əlyazmaya - Yusif Balasaqunlunun uyğur əlifbası ilə yazılmış “Kutadqu Bilig” poemasına rast gəlir.
İosif əsəri alıb Vyana Kral Kitabxanasına bağışladı. Beləliklə, Avropa ilk dəfə bu XI əsr əlyazması haqqında məlumat əldə etdi. Elm aləmində həmin əlyazma Vyana və ya Herat əlyazması kimi tanınır, 1439-cu il iyulun 17-də bitirilib. Daha sonra əlyazma Heratdan Türkiyənin Tokat şəhərinə, oradan isə İstanbula aparılıb.
1896-cı il. Misirin paytaxtı Qahirə. Xidiv Kitabxanasının direktoru, alman alimi B.Moritz ərəb əlifbası ilə yazılmış “Kutadqu Bilig” əlyazmasını aşkar edib.
Nəhayət, 1913-cü il. Fərqanə vadisi, Namanqan şəhəri. 22 yaşlı istedadlı alim Əhməd-Zəki Vəlidi (Vəlidov) İşan Məhəmməd-Xoca Lölyarişin şəxsi kitabxanasında Yusif Balasaqunlu poemasının nadir əlyazmasına rast gəlib.


Şərqşünaslar Namanqan (Fərqanə) əlyazmasının mövcud nüsxələrin ən mükəmməli olduğuna inanırlar. Şübhəsiz, hər üç nüsxə eyni kitabın əlyazmalarıdır. Lakin Uyğur əlifbası ilə yazılmış Vyana əlyazması ərəb əlifbası ilə yazılmış Qahirə və Namanqan əlyazmalarından bir qədər fərqlənir. Məhz o illərdə də Yusif Balasaqunlu dünya miqyasında şöhrət qazandı.
Bir çox ölkələrdə türkoloqlar “Kutadqu Bilig”i araşdırmağa başladılar, 1942-1943-cü illərdə də Türkiyədə hər üç əlyazmanın faksimile nəşri işıq üzü gördü. Sirr və sehrlərlə dolu olan poemanın heyrətamiz, demək olar ki, detektiv hekayəsi belədir.
Beşinci, ya altıncı sinifdə oxuyarkən ilk dəfə Naum Qrebnevin rus dilinə tərcüməsində klassik bir poemaya rast gəldim. Kitabın adı “Xoşbəxt olmaq elmi” idi. Yeri gəlmişkən, poemanın adının tərcüməsi hələ də müzakirə olunur, müxtəlif alimlər və tərcüməçilər öz şərhlərini təklif edirlər.
Naum Qrebnevin aydın və sadə dildə edilmiş tərcüməsi öz oxucu kütləsini tapdı - həm tələbələr, həm də təcrübəli alimlər üçün əlçatandır. Həmin tərcümənin bəzi səhifələrini hələ də əzbər xatırlayıram.
Daha sonra, 1984-cü ildə Qazaxıstan Dövlət Universitetinin filologiya fakültəsini bitirdikdən sonra Sergey İvanovun tərcümə etdiyi kitabı aldım. Tərcümə “Mübarək bilik” adlanırdı.
Moskvada “Nauka” Nəşriyyatı tərəfindən “Ədəbi abidələr” seriyasında nəşr olunmuş akademik nəşrin baş redaktoru və son sözünün müəllifi məşhur türkoloq və akademik Andrey Kononov (1906-1986) idi. Akademik Kononov qeyd edir ki, “Əxlaqi yönümlü olmasına baxmayaraq, “Kutadqu Bilig” bəzən israr edildiyi kimi quru etik, didaktik təlimatlar və nəsihətlər kitabı deyil və bu cür hesab edilə bilməz. Bu, insan həyatının mənasını və əhəmiyyətini təhlil, insan məsuliyyətlərini və davranış normalarını müəyyən edən fəlsəfi əsərdir; eyni zamanda, Yusif içində yaşadığı cəmiyyəti tənqid etməkdən çəkinmir”.
1995-ci ildə mənə Urumçidə müasir Uyğur dilində nəşr olunmuş “Kutadqu Bilig” kitabının bir nüsxəsini bağışladılar, tərcümədə orijinalın latın qrafikası ilə transkripsiyası da vardı. Elmi tərcüməni türk alimləri Əbdüşükür Turdi və Kadir Əkbər gerçəkləşdirmiş, dastanın poetik üslubunu uğurla çatdırmışlar.
2019-cu ildə həmin tərcümə Almatıda kiril əlifbası ilə nəşr olundu: nəşri kompüter verdiyasını da yerinə yetirən Sadikjan Yunusov hazırladı.
1986-cı ildə görkəmli qazax alimi, filoloq və şair-tərcüməçi Askar Egeubayev dastanı qazax dilinə çevirdi.
Yusif Balasaqunlunun haqqında az məlumat qalıb. Onun 1018-ci ildə Qaraxanlılar sülaləsinin yay iqamətgahı olan Balasaqun şəhərində anadan olduğu məlumdur (digər mənbələrdə 1015 və ya 1016-cı illərdə doğulduğu qeyd olunur). O, uşaqlıq və gənclik illərində mükəmməl təhsil alıb: ana dilindən əlavə, ərəb və fars dillərində də danışıb, antik, həm də orta əsrlərin bir çox böyük alim və şairlərinin əsərləri ilə tanış olub.
Türk alimi R.Arata görə, Balasaqunlu 54 yaşında olanda üzərində 18 ay işlədiyi poemanı tamamlayıb və onu Kaşqar hökmdarı Tabqaç Boğraxana hədiyyə edib. Minnətdar xan şairə yüksək xas hacib - “saray naziri”, “baş kamerger” - titulu verib. Bu vəzifə şairin ikinci adına çevrilib. Müasir Kaşğarda şair Yusif Xas Hacib kimi tanınır. Keçmişin əksər alimləri poemanı didaktik adlandırsalar da, bir çox müasir ədəbiyyatşünaslar onu dövlətin siyasi quruluşuna həsr olunmuş dastan sayırlar. Hər halda, “Kutadqu Bilig” poeması dünya ədəbiyyatı xəzinəsinə əbədi daxil olub. Əsərdə qaldırılmış məsələlərin bir çoxu bu gün də aktuallığını qoruyub saxlayır.
Həmin axşam yalnız Qazaxıstan ekspedisiyası Yusif Xas Hacıb məqbərəsində idi. Şair və filosofun məzarı qarşısında baş əyərək uzun müddət dayandıq. Nurjan Kulumjanov (fəlsəfə doktoru, mədəniyyətşünas, köçəri sivilizasiyanın və qədim türklərin mədəni və fəlsəfi irsi üzrə mütəxəssis) astadan və uzun müddət ulu əcdadımızın ruhuna dua oxudu.
Kaşğarın və bütün türk dünyasının daha bir bənzərsiz övladı ilə qarşılaşmağımızdan heyrətlənmiş halda məqbərədən çıxdıq. Məqbərə gözətçisinin sözlərinə görə, min illər əvvəl əkilmiş üzüm çardağının altında oturduq, uzun müddət Şərqin bu parlaq şəxsiyyətinin sirli taleyi barədə düşüncələrə daldıq.
(Ardı var)
Tərcümə: Nəriman Əbdülrəhmanlı


MANŞET XƏBƏRLƏRİ