Pakistan Prezidenti Asif Əli Zərdari və Səudiyyə Ərəbistanının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubları ünvanlayıblar.
Turkustan.az xəbər verir ki, Asif Əli Zərdari Zəfər Günü münasibətilə dövlət başçısını və Azərbaycan xalqını Pakistan Hökuməti və xalqı adından, həmçinin şəxsən öz adından təbrik edib.
Pakistan Prezidenti bu tarixi günün Azərbaycan xalqının suverenliyin və ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi fədakarlığı, əzmkarlığı və birliyi təcəssüm etdirdiyini vurğulayıb. O, azad edilmiş ərazilərin bərpası və inkişafında əldə olunan nailiyyətləri yüksək qiymətləndirib.
Asif Əli Zərdari ölkələr arasında qarşılıqlı etimada, ortaq dəyərlərə və davamlı dəstəyə əsaslanan qardaşlıq əlaqələrinin əməkdaşlığın genişləndirilməsi ilə daha da möhkəmlənəcəyinə əminliyini bildirib. O, Pakistanın Azərbaycanla dostluq və həmrəyliyini bir daha təsdiqləyib.
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məhəmməd bin Salman isə Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Prezident İlham Əliyevə səmimi təbriklərini və xoş arzularını çatdırıb.
Hər iki məktubda Azərbaycan Prezidentinə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulanıb.