Fazil MUSTAFA
Bir məsələni unutmayın. Dünyada müsəlmanlar iki təsnifata uyğun gəlir. Birincilər, xeyirsevər, barışsevər müsəlmanlar, ikincilər isə vəhşi müsəlmanlar. Əlbəttə, deyilə bilər ki, vəhşi nədir, müsəlman nədir? Axı biz ən azı namazını qılan, orucunu tutan, geyimi ilə, davranışları ilə müsəlman görüntüsü verən hər kəsin bu adla tanınmasını qəbul etməliyik. Ancaq adamın aqressiyası, söyüşü, böhtanı, təhqiri birbaşa vəhşilik əlaməti olduğundan bu termini işlətməyi məqsədəuyğun saydım. İndi baxıram, həmin vəhşi müsəlmanlardan biri belə bir yönləndirici vidio paylaşıb və çıxışamıa münasibət bildirib. Digər həmcinsləri də səhifəyə doluşaraq öz tərbiyələrinə uyğun rəylərini yazıblar. Olsun! Mən onsuz da nadanlığa, cəhalətə, vəhşi dinçiliyə qarşı mübarizə apamağı dövlətimizin və millətimizin milli təhlükəsizlik problemi saydığıma görə illərdir mövqeyimi açıq ifadə edirəm. Hər zaman bu cür mübahisə açan vəhşi müsəlmanlara deyirəm ki, mənim Quran mətni ilə bağlı yetərincə araşdırıb nəticəyə vardığım mövqe var və ona əsaslanaraq da dinimi yaşayıram. Məntşünaslıq sahəsində də yetərincə bilgi və təcrübə sahibi olduğumdan, Quran mətni üzərindən fikirlərimi əsaslandırmaqda da çətinlik çəkmirəm. Əlbəttə, bir xeyirli müsəlman anlayır ki, insan özünü mömin elan edə bilməz, bunun şərtləri çox ağırdır. Namazın, Orucun icrası möminlik əlaməti olsa, o zaman gərək İslam dünyasının hər yerində qurd rahatlıqla quzu ilə otlayardı. Öncə möminlərin zövcələrinə kimlər aiddir və mömin kimdir suallarına cavab verilməlidir. Ardınca, möminlərin qızları barədə Quran ayəsində hansısa göndəriş yoxdursa, haşa bunu Allahmı unutmuş ola bilir? O halda qızların örtünməsini haradan icad etmişsiniz? Ümumiyyətlə, kim deyib ki, geyim forması İslam əqidəsidir? Ən gözəl örtünün Quranda təqva olduğunu unudub, ancaq sözün hərfi mənasına varmaqla qadının yaşamını da bir çox hallarda cahil kişilərin zorakılıqla təyin etməsinə fürsət yaratmısınız. Ona görə də İslam arealı deyillən məkanlarda hər yerdə əzilən, zorakılığa məruz qalan, təhsilsiz buraxılan qadınların ah-naləsini addımbaşı duymaq mümkündür. Düşüncəmə və anladığım Quran məntiqinə görə harada iradə üzərində zorakılıq varsa, orada İslam dini, yəni Allahın dini ola bilməz! Demək ki, dinin tələblərinə fərqli baxışlarımız varsa, o halda bizim haqqımıza girib ədəbsizlik etməyin, bu cür paylaşımlarınızla vəhşiliyinizi göstərməyin, özünüzü Allahdan görəv almış din qoruyucusu yerinə qoymayın, sadəcə yaşayın öz anladığınız dini. Qoy zərəri özünüzə dəysin, çirkabınızı yoluxdurmayan dürüst, faydalı insanlara! Ancaq başqasına zərər vurmadan, dövlətin qanunlarına qarşı gəlmədən, uydurma ibadət və geyim formaları ixtira etmədən din adını qoyub uydurduqlarınızı buyurub yaşayın. Onsuz da çağımızın iffətli, abırlı qadınları öz geyimlərini sizlərdən, bizlərdən daha yaxşı bilirlər, özlərini təhrikedici geyimlə məhrəm olmayanların gözünə soxmurlar. Kimisə təhrik etmə niyyəti olan qadın hicab dediyiniz geyimin içində də bunu etməyə qadirdirsə, o halda əsas önəmi təqvaya verməyə çalışın. Başı örtülü olsun, başı örtüsüz olsun, bu qadının geyim haqqıdır, bu haqqa da kimsə qarışa bilməz və qarışmır da! Dövlət məktəbdə vahid geyim forması deyəndə əsasən açıq-saçıq geyinmək istəyənlərin maraqlarına zərbə vurur. Vahid geyim forması ancaq məktəbin içində keçərlidir, buyurub hər kəs məktəbdən kənarda, küçədə-bayırda, evində arzuladığı şəkildə geyinsin, örtüsünü daşısın. Yəni əminəm ki, bütün xeyirli, barışsevər müsəlmanlar bu qərara qarşı ideoloji yanaşma sərgiləmirlər, "vaveyla şəriət əldən getdi" deyib hay-küy salmırlar, qarşıdurma yaratmırlar. Ona görə də məmləkətimizdə başqalarını qorxutmayan, İslamı hərfi mənada anlamayan və yaşamayan xeyirli müsəlmanlar bu cür paylaşımlar etməz.
Yeri gəlmişkən, eyni vəhşiliyi başqa bir məsələdə də gördüm. Kazinolarla bağlı sual verirlər, bildirirəm ki, qumarın hər növünə, o cümlədən lotereya, topaz, kazino qumarına münasibətim mənfidir, vaxtaşırı bunların əleyhinə də çıxışlar edirəm, bu motivli qanunlara da səs vermirəm. Ancaq artıq qanun var, demək ki, açılacaq, o halda şəhərdən kənarda, qapalı yerdə, insanların rahatlığını pozmayacaq məkanlarda yerləşməsi doğru olardı. Yeni eyni vəhşilər öz tərbiyələrinə uyğun davranışlarını təkrarlayırlar.
Bütün hallarda Allah xeyirli müsəlmanları, bütövlükdə isə bütün xeyirli insanları vəhşi müsəlmanların şərindən qorusun!
https://www.facebook.com/share/r/1CVTxvwAK5/?mibextid=wwXIfr