Qazaxıstan Yazıçılar Birliyinin, Qazaxıstan Milli Coğrafiya Cəmiyyətinin üzvü, uyğur əsilli yazıçı İsmailjan İminovun “Altı şəhər diyarına, yaxud Altışara yeni səyahət” kitabı uyğur türklərinin yaşadığı Doğu Türküstan, Təklə-Məkan bölgəsi, Kaşğar, Opal, Yarkənd şəhərləri və diyarın Yusif Balasaqunlu, Mahmud Kaşğarlı kimi fikir dahiləri, eyni zamanda uyğurların Mollla Nəsrəddini haqqında son dərəcə maraqlı hekayətdir.
Kitabdan bir neçə bölümü oxuculara təqdim edirik.
(Əvvəli BU LİNKDƏ)
MAHMUD KAŞĞARİNİN DƏFN OLUNDUĞU OPALDA
Qədim Kaşğarın və bütün Altı Şəhər bölgəsinin ən böyük övladı bənzərsiz alim, elm adamı və dilçi Mahmud Kaşğarlıdr. Alimin 190 illik yubileyinə həsr olunmuş “Çokan Vəlixanovun izi ilə” ekspedisiyası Mahmud Kaşğarlının məqbərəsini ziyarət etmək və Əbədi Şəhərin məşhur oğluna ehtiramını bildirmək qərarına gəldi. Təəssüf ki, məqbərənin divarlarına tamaşa etdikdən sonra içəri girə bilmədik, amma mən dəfələrlə ora getdim, buna görə də 2014-cü ildə gördüklərimi sizinlə bölüşmək istəyirəm.
Mahmud Kaşqarlının anadan olmasından min il keçib, lakin Kaşğar və digər qonşu türkdilli ölkələr hələ də onun səviyyəsində alim yetişdirməyib.
Mahmud Kaşğarlı Qaraxanlılar İmperiyasının qədim paytaxtı olan şəhərin simvolu və qürurudur. Bu günədək dünyanın bir çox ölkəsindən alimlər, şairlər və hətta adi insanlar dahi Kaşğarlının külünə ehtiramlarını bildirmək üçün qədim şəhərə gəlirlər.
Alimin məzarı şəhərdən əlli kilometr aralıda yerləşir. Kaşğarlılar həmin yeri “məzar həzrətim mollam” – “müqəddəs müəllimin məzarı” - kimi tanıyırlar. Əsrlər boyu məqbərəyə hörmətlə məhz bu cür adlandırıblar.
Məqbərə minillik çinar ağaclarından ibarət nəhəng parkdadır. Astanasından həyəcan içində keçdim. Bizi alimin əzəmətli abidəsi qarşıladı. Hündür postament üstündə sağ əlində kitab tutmuş, gələcəyə inamla baxan Mahmud Kaşğarlının ən yaxşı vaxtlarını əks etdirən ağ mərmərdən heykəli ucalır.
Nəhəng çinarların yanında dayandıq, onların yanından ötüb keçmək mümkün deyildi. Ağaclar tənək kimi qıvrılır - bəzən köklərinin harada olduğunu belə demək çətindir.
2012-ci ildə buranın harasındasa bir bulağa rast gəldiyimi xatırlayıram. İndi isə onu görməyə, büllur kimi təmiz suyunu içməyə tələsirəm, amma nədənsə tapa bilmirəm. “Bulaq həqiqətən quruyub? Ola bilməz!” - əzab içində düşünürəm. “Mənim bulağım haradadır? Yaxınlıqda olmalıdır. Hə, budur!” Nəhayət, onu görüb sevindim.
Amma qədim bulaq dəyişmişdi - bunu dərhal hiss etdim. Keçən dəfə ora enib suyunu içə bilirdimsə, indi bu, mümkün deyildi: bulaq və altından axan çinar ağacı hasara alınmışdı. Bu, açıq-aydın zəruri tədbir idi — məqbərənin rəhbərliyi onları gələcək nəsillər üçün qorumaq istəyir. Əlbəttə, başa düşürəm, amma yenə də kədərlidir.
Bulağın yanında dayanıb, hasara söykəndim, məyus-məyus artıq əlçatmaz olan çeşməyə baxdım. Əməlli-başlı susamışdım. Bulaq yaxınlıqda, amma həyatverici suyu əlçatmaz idi. Bir ağsaqqal axınlaşdı.
-Yəqin ki, əvvəllər bu bulaqdan su içmisiniz, amma təəssüf ki, indi içə bilmirik. İstəyirsiniz, sizə bulağın və çinar ağacının hekayəsini danışım? – o, təklif etdi.
-Əlbəttə ki, eşitməkdən məmnun olardım.
Qoca kişi bulağın yanında dayanıb mənə qədim bir hekayə danışdı.
-Aydındır ki, məşhur həmvətənimiz Mahmud Kaşğarlının heyrətamiz taleyi haqqında məndən pis bilmirsiniz. Sizə onun həyatından bircə epizod danışacağam. Dünyanı gəzməyə məcbur olanda o, Bağdada çatdı. Bu yad ölkədə çətin anlar yaşadı. Darıxmışdı, vətəninə qayıtmağı, Kaşğarı yenidən görməyi arzulayırdı.
Bağdadda Mahmud neçə illərdən bəri yazdığı kitabı bitirdi. Məlumdur ki, zaman keçdikcə insan təkcə həyat deyil, həm də ölüm haqqında düşünməyə başlayır. Bir gün o, yerli bir müdrikdən soruşdu:
-Məni harada dəfn edəcəklər?
-Əkdiyin çinar ağacının budağı bitən yerdə dəfn olunacaqsan, - müdrik cavab verdi.
İllər keçdi... Mahmud vətəninə - Kaşğara – qayıtdı, doğulub boya-başa çatdığı, valideynlərinin dəfn olunduğu Opal kəndinə gəldi. Bir gün o, gözəl çinar ağaclarının burula-burula göyə uzandığı meşəyə girdi, milçəkləri qovmaq üçün kiçik bir budağı qırdı. Günorta namazının vaxtı idi. Budağı torpağa basdırıb namaz qıldı.
Bir neçə ay keçdi. Mahmud bir də doğma kəndinə qayıdanda torpağa bsdırdığı budaqdan yaraşıqlı çinar ağacının bitdiyini gördü. Alim ağaca yaxınlaşdı, ağac ona baş əydi.
-Vay! Vay! - Mahmud çinarın sınacağından qorxub qışqırdı.
Həmin ağac bu günədək başını aşağı əyərək orada durur, altından isə minillik bir bulaq, Mahmudun içdiyi su axır.
Elə buna görə də, oğlum, Kaşğar xalqı təkcə dahi həmyerlilərinin məzarına deyil, həm də bulağa və çinara hörmətlə yanaşır.
***
Mahmud Kaşğarlının məqbərəsi uca təpənin üstündə inşa edilib. Məqbərənin öz hündürlüyü yetmiş metrdən artıqdır. Uyğur memarlığı ənənələrinə əsasən tikilib, lakin müsəlman memarlığının təsiri də özünü göstərir. Təbii ki, məzar Kaşğar inşaatçılarının işidir. Bu bölgədəki bir çox abidələr kimi, həddən artıq sadəliyi və əzəməti ilə diqqəti cəlb edir.
Tikili qəbul otağından, məqbərənin özündən, alimin rəssam Qazi Əmətin çəkdiyi portreti asılmış böyük zaldan və onun ölməz əsərinin müxtəlif dillərdə nəşr olunmuş nəşrlərinin nümayiş etdirildiyi kiçik muzeydən ibarətdir.
Təəssüf ki, muzeydə “Divanü Lüğat it-Türk”ün qazax və ya rus dilindəki nəşrlərini görmədim. Allahın izni ilə bir daha Opala baş çəksəm, mütləq əsərin Almatıda nəşr olunmuş tərcümələrini aparacağam. Məqbərədən çıxıb Mahmud Kaşğarlının mənsub olduğu Qaraxanlılar sülaləsi üzvlərinin dəfn olunduğu qədim məzarlığa getdim. Məzarlıq məqbərəni əhatə edən təpələrdə salınıb. Nə iri başdaşıları, nə də orada kimin dəfn olunduğunu göstərən bir yazı var.
Otluqda oturub ensiklopediyaçı alimin taleyi barədə düşünməyə başladım. Mahmud Kaşğarlı 1008-ci ildə o dövrün güclü Qaraxanlı dövlətinin paytaxtı Kaşğarın yazınlığındakı Opal kəndinin Azıx ərazisində anadan olub. Alim haqqında, demək olar, heç bir bioqrafik məlumat qalmayıb, amma başlıcası budur ki, o, dövrünün ən savadlı və ağıllı insanlarından biri, vətənpərvər və humanist idi.
Məlumdur ki, Mahmud bütün müsəlman Şərqində məşhur olan Kaşğardakı Sajia Mədrəsəsində təhsil alıb. Həmin illərdə bir çox tanınmış alim orada dərs deyib, tələbələrinə mükəmməl təhsil verib. Aradan əsrlər keçsə belə, Mahmud Kaşğarlının unikal biliyinə heyran qalırıq. Əlbəttə ki, bu ensiklopedik alim fenomeni boş yerdə yarana bilməzdi. Aydındır ki, məşhur kaşğarlının müəllimləri yüksək təhsilli və istedadlı insanlar idilər.
Sajia mədrəsəsində tələbələr təkcə İslamı və Qurani-Kərimin əsaslarını deyil, həm də xarici dilləri, dilçiliyi, tarixi, coğrafiyanı, riyaziyyatı, biologiyanı öyrənirdilər... İnanıram ki, həmin illərdə bir çox böyük alim və şair Kaşğarda yaşayıb-yaradıb, amma təəssüf ki, bu günədək yalnız Mahmud Kaşğarlı və Yusif Xas Hacibin adları qalıb.
“Divanü Lüğat it-Türk”ün yazıldığı XI əsr türk hakimiyyəti əsri idi. X əsrin axırlarında Qaraxanlılar İmperiyası İran Samanilər sülaləsini darmadağın edərək paytaxtı Kaşğar olan güclü imperiya yaratdı. XI əsrdə Səlcuqlu sülaləsinin rəhbərlik etdiyi türklər Yaxın Şərqdə geniş ərazilər ələ keçirdilər. Bizans İmperiyasını məğlub, Konstantinopolu fəth etdilər. Bu dövrdə Türk tayfalarının hakimiyyəti Aralıq dənizindən Qobi səhrasına, Xotandan Qazanadək yayılmışdı
Belə bir şəraitdə dominant dili ərəb olan xalqlar fstehlərin dilini öyrənməyə məcbur edildilər. Mahmud Kaşğarlı da lüğətini məhz bu məqsədlə yazıb. Doğma xalqının dilinə, ədəbiyyatına, folkloruna və tarixinə heyran olan alim türk dilini öyrənmək, bu barədə kitab yazmaq üçün bir çox ölkələrə səyahətə çıxıb.
Görünür, siyasi təqiblərdən qaçan Mahmud Kaşğarlı doğma şəhərini tərk edib, uzun səyahətlərdən sonra Bağdada gedib, orada həyatının əsas kitabını yazıb. “Divanü Lüğat it-Türk” təxminən 950 il əvvəl - 1072-1083-cü illər arasında həmin şəhərdə ortaya çıxıb. O dövrün ənənəsinə görə, alim əsəri Abbasi xəlifəsi əl-Müqtədiyə təqdim edib.
“Divan...” təkcə dialektoloji lüğət deyil, həm də bənzərsiz alim və ensiklopedist-alimin öz dövrünün ensiklopediyasıdır. Bu günədək ədərin tədqiqatçıları bir insanın bu cür lüğət yaza biləcəyinə heyran qalırlar.
Kitabda təkcə dilçilik deyil, həm də ədəbiyyat, folklor, tarix, tibb, astronomiya, məntiq, kənd təsərrüfatı, hərbi sənətlə bağlı materiallar, həmçinin, Mahmud Kaşqarlının unikal “Müsəlman aləmi əritəsi” var. Xəritədə alim bir çox qəbilələrin yaşadığı ölkələri və şəhərləri, çölləri və dağları, səhraları və çayları, gölləri və meşələri təsvir edib. Bu, dünyanın ən qədim xəritələrindən biridir. Ensiklopedist-alim yalnız həmin xəritəni çəksəydi belə, yenə də dünya tarixində qalacaqdı.
***
“Divanü Lüğat it-Türk” kitabının müasir oxucuya doğru yolu maraqlıdır.
1915. İstanbul. Məşhur türk bibliofili Ali Amiri paytaxt çarşılarının birində təsadüfən qədim əlyazmaya rast gəlir. Qədim əsərlərin əmahir bilicisi olan Amiri maraqlanıb onu alır. Əlyazma sonradan İstanbul Millət Ümumi Kitabxanasına gedib çıxır, 1915-1917-ci illərdə K.Rifat ilk nəşrini gerçəkləşdirir.
1939-1941-ci illərdə Besim Atalay “Divanü Lüğat it-Türk”ü çağdaş türk dilinə tərcüməsi edib. O vaxtdan kitab elmi ictimaiyyətin mülkiyyətinə çevrilib, İllər keçdikcə maraq yalnız artıb.
Bu məşhur kaşğarlı haqqında ilk dəfə uzaq uşaqlıq çağlarımda atam Abdikadir Karidən eşitmişəm. Onun haqqında dərsliklərdə də oxumuşam. 1980-ci illərin əvvəllərində, atamın ölümündən az sonra ana dilimdə çıxan bir qəzetdə oxudum ki, “Divanü Lüğat it-Türk” əsərini İbrahim Muti, İmin Tursun, Mirsultan Osmanov və başqaları Urumçidə müasir uyğur dilində tərcümə və nəşr ediblər.
Kaşqarda yaşayan atamın qardaşı Yaqub İminə məktub yazıb kitabın bir nüsxəsini mənə göndərməsini xahiş etdim. Az sonra qiymətli bağlama aldım: əmim məşhur lüğətin birinci cildini göndərmişdi. Beləliklə, “Divan...” ilə tanışlığım başladı, həmin kitabı bu günədək özümlə gəzdirirəm.
2018-ci ildə “Divan...”ın uyğur dilinə Sincan Uyğur Muxtar Vilayətində (SUMR, ÇXR) tamamlanan tərcüməsi Almatıda kiril əlifbası ilə nəşr olundu. Mıtni Sadikjan Yunusov nəşrə hazırlayıb, kitab xeyriyyəçi Sabit Hacı Yusupovun vəsaiti ilə nəşr olunub. Xüsusilə Zifa-Alua Auezovanın “Divan...”ın orijinaldan rus dilinə tərcüməsi ilə maraqlandım. Bu, çoxdan gözlənilən tərcüməz, təkcə türkologiyada deyil, həm də bütövlükdə şərqşünaslıqda hadisə idi.
Hələ 1980-ci illərin əvvəllərində belə bir tərcümənin planlaşdırıldığını eşitmişdim, amma bunu gənc, təvazökar qadın, böyük alim - başqa bir məşhur türk, ən sevdiyim yazıçılardan biri olan Muxtar Auezovun nəvəsi Zifa-Alua Muratkızı gerçəkləşdirdi.
Bu çalışqan və istedadlı qadın bütöv institutların görə bilmədiyi işi gördü. Onun tərcüməsini ilk dəfə maraqlı roman kimi oxudum, amma indi kitabı istənilən səhifəyə açır, hər dəfə uzaq XI əsrin türk ləhcələri dünyasına heyran oluram.
1997-ci ildə məşhur lüğətin görkəmli ədəbiyyatşünas və şair Askar Egeubayevin (1950–2006) qazax dilinə etdiyi tərcümə Almatıda nəşr olundu.
Tərcümə: Nəriman Əbdülrəhmanlı
(Ardı var)