Nizami Məmmədov Tağısoy
professor
Biz onilliklərdir türk xalqları, o cümlədən xüsusi olaraq qazax ədəbiyyatının, folklorunun, eposunun, klassik dövrünün, folklorşünaslığının, ədəbiyyatşünaslığının, ədəbi tənqidinin nümayəndələrinin yaradıcılığı və s. istiqamətlərilə bağlı tədqiqatlar aparır, elmi-nəzəri mülahizələr söyləyirik. Burada onu da bildirək ki, XX əsrin əvvəllərindən bugünki bizim mərhələyədək türk xalqları və dünya ədəbiyyatları arasında qazax bədii söz sənəti son dərəcə dinamik və intensiv bir sıçrayış dövrü yaşamış və bu gün də yaşamaqdadır. Qeyd etdiyimiz bu fikir eyni zamanda qazax ədəbiyyatşünaslığına və ədəbi tənqidinə də aiddir. Qazax bədii-fəlsəfi və nəzəri-estetik fikrinin bu cəhətini nəzərə alaraq biz onun tanınmış nümayəndələrinin konseptual baxışlarını Azərbaycan filoloji fikir sahiblərinin diqqətinə təqdim etməyi zəruri hesab edirik. Onlardan birinin Kanipaş Madibayevanın yaradıcılığına müraciət etmək önəm başıyır.
Filologiya elmləri doktoru, Əl-Fərabi adına Qazax Milli Universiteti Qazax ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsi kafedrası, ədəbiyyatşünaslıq və dünya dilləri fakültəsinin professoru, tanınmış alim-pedaqoq Kanipaş Madibayev 1968-1972- ci illərdə Abay adına Qazax Dövlət Pedaqoji İnstitutunda təhsil alıb, ədəbiyyatşünas ixtisasına yiyələnməklə on ilə yaxın mətbuat və nəşriyyat işi sahəsində çalışıb, öz peşəkarlıq vərdişlərini yüksəltməyə müvəffəq olmuşdur. 1990-cı ildən o, adını çəkdiyimiz ali təhsil ocağının filologiya fakültəsində müəllim kimi çalışmaqla, həm də elmi-tədqiqat istiqamətli işlərlə yaxından məşğul olmuşdur. Belə intensiv araşdırmalar nəticəsində yorulmaz tədqiqatçı namizədlik və doktorluq dissertasiyaları müdafiə etdikdən sonra keçmiş illər ərzində bir sıra elmi-idraki, nəzəri-praktik əsərlər, dərs vəsaitləri, dərslik və metodik göstərişlər hazırlamaqla qazax ədəbiyyatı tarixi ilə bağlı gərəkli əsərlər ortaya qoymuşdur. Bu baxımdan Kanipaş Madibayevanın “Xan dövrü ədəbiyyatı” adlı kitabında jırau sənətinin inkişaf qanunauyğunluqları və onun formalaşması məntiqi baxımdan sübut edilmişdir. Bundan başqa, onun tərəfindən qazax ədəbiyyatının çeşidli problemlərini nəzərdən keçirən bir sıra dərs vəsaitləri, metodik göstəriş, bakalavr və magistr pillələri üçün zəruri mənbələr hazırlanmışdır. Kanipaş Madibayevanın elmi yaradıcılığının bizi cəlb edən digər bir tərəfi və məqamı isə ondan ibarətdir ki, tədqiqatçı-alim Qazaxıstan müstəqillik əldə etdikdən sonra XIX əsr qazax ədəbiyyatı tarixinə yeni realilər müstəvisində nəzər salmaqla müasirlik təfəkkürünə söykənib, onun bir sıra köklü məsələlərini yeni baxış bucağından işıqlandırmağa çalışmışdır.
Məhz Kanipaş Madibayevanın tədqiqatlarına, onun şair və yazıçıların, jırşi və jırauların həyatı və yaradıcılığı ilə bağlı əldə etdiyi, əvvəllər qazax ədəbiyyatı tarixinə daxil edilməmiş, yeni ədəbi anlayışlar tədris prosesinə gətirilmişdir. Alimin bu istiqamətdəki axtarışları onun “XIX əsr qazax ədəbiyyatının bədii inkişafı və tədqiqi” mövzusunda doktorluq dissertasiyasının uğurla müdafiə etməsi ilə sonuclanmışdır. Qeyd etdiklərimizlə yanaşı, alim “Qazax ədəbiyyatının müxtəsər tarixi” adlı 2 cildliyin yeni nümunəyə söykənilməklə ədəbiyyat tarixinin səmərəli istiqamətlərini müəyyənləşdirən tədqiqat (böyük ədəbiyyatşünas-alim T.Kakişevin ümumi redaktəsi altında) əsərinin elmi redaktoru olmuşdur. Bundan başqa, Kanipaş Madibayeva XIX əsr qazax ədəbiyyatının tanınmış nümayəndələrinin yaradıcılığına həsr etdiyi “Məhəmbətşünaslıq”, “Abayşünaslığın müasir problemləri”, “XIX əsr sal-sere poeziyası”, “Məhəmbətşünaslıq əsasında XIX əsr ədəbiyyatının aparıcı problemləri”, “İbrayşünaslıq və Abayşünaslıq” kimi seçmə fənlərlə bağlı tədqiqatları ilə ədəbiyyatşünaslığın az öyrənilmiş məsələlərinə həsr olunmuş araşdırmaları filologiya fakültəsindəki baza fənlərin və elektiv kursların tədris prosesinə daxil edilməsində aparıcı rol oynamışdır.
Professor Kanipaş Madibayevanın çoxillik tədqiqatçılıq fəaliyyəti gərəyincə dəyərləndirildiyindən, onun əsərlərindən hazırda Əl-Fərabi adına Qazax Milli Universitetində və digər universitetlərdə istifadə edilməkdədir.
Daim bədii sənət, ədəbiyyat, dil, din və milli ənənələr axtarışlarında olan bu tədqiqatçı qazax millətinin mənəvi baxımdan dahi xadimlərinin mahiyyətini təşkil edən insanları təhsil prosesinin vasitəsi ilə ədəbi və elmi dövriyyəyə daxil edir, gənclərə bədii nitq sənətinin gərəkli xüsusiyyətlərini öyrədir ki, bu da qazax milli ideologiyasının bədii ifadəsi kimi aktuallığı ilə seçilməkdədir.Onun bütün tədqiqatçılıq, pedaqoqluq və alimlik səriştəsi Kanipaş Madibayevanın tənqidçi və tərcüməçi kimi tanınmasında da mühüm rol oynamışdır.
Kanipaş Madibayeva 1980-ci illərdən başlayaraq ardıcıl olaraq özünün fərdi baxış bucağını əks etdirən və ədəbiyyatın müxtəlif janrlarını çevrələyən çeşidli tənqidi məqalələrlə çıxışlar edir. O, qazax ədəbiyyatşünaslığının və ədəbiyyat cəbhəsində fəaliyyət göstərən nümayəndələrinin novator xarakterli əsərləri ilə milli ədəbiyyatşünaslığa xidmət edən Z.Əhmədov, Z.Kirabayev, T.Kakişev, A.Konıratbayev, X.Suyunşəliyev, A.Kirabayev, K.Ümrəliyev, Ş.Satpayev, M.Mirzəhmədov, B.Maytanov və digərlərinin tənqidi fəaliyyəti ilə yanaşı, həm də A.Süleymenov, Z.Serikəliyev və başqaları haqqında da tanıtım və analitik xarakterli məqalələr çap etdirmişdir. Eyni zamanda onun yazılarında müasirlərinin yaradıcı portretləri S.Əsilbəyov, D.Həşimxanov, T.Mamaseyidov, K.Jiyenbayev, P.Muxanova, A.Bopecanova və digərləri ilə bağlı qələmə aldıqları oxucularda və tənqidçilərdə rəğbət oyatmaqdadır. Son illərdə “Mədəni irs” proqramı çərçivəsində dünya klassiklərinin əsərləri qazax dilinə yüksək şəkildə tərcümə edilməkdədir. Bu cəbhədə də Kanipaş Madibayevanın fəaliyyəti rəğbətlə qarşılanmaqdadır. Məsələn, onun bu istiqamətdə amerikalı yazıçı Teodor Drayzerdən tərcümə etdiyi “Kerri bacıları” əsəri qazax oxucusunun zövqünü oxşamaq baxımından dəyərli tərcümə nümunəsi hesab edilməkdədir. Bundan başqa, Kanipaş Madibayevanın Nobel mükafatı laureatı ingilis ədəbiyyatının klassiki R.Kiplinqın “Kiçik nağılları”nı doğma dilə çevirməsi də qazax oxucusunun marağına səbəb olmuşdur.
O, yaxşı duyur və dərk edirdi ki, ədəbiyyat millətin həyat harmoniyası, onun fikirlərinin mahiyyəti, millətin təliminin bədii və mənəvi güzgüsüdür. Əgər ədəbiyyat olmasaydı, müdriklik öz ənənəvi taxt-tacında qərar tutmaz, fəlsəfə öz bu günkü səviyyəsinə yüksəlməz, natiqlik sənəti bizim tələblərimizi ödəyə bilməzdi. Bax, beləcə ədəbiyyat zaman mərhələsindən asılı olmayaraq, milli maraqları tərənnüm etməkdə öz missiyasını həyata keçirməkdədir.
Ədəbiyyat sözün həqiqi mənasında xalqın milli ruhudur. Milli ideologiya axtaran insan, hər şeydən öncə, ədəbiyyat aləminə rahatca daxil olmaqla onun alovlu nəğmələrini içinə çəkir. O, yalnız o zaman inana bilir ki, onun milli şüurunun qida mənbəyi, milli təfəkkürünün bu xalq tərəfindən əsrlər boyunca yaradılmış sənət xəzinəsi, adət-ənənələri, həyat tərzi, dini və s. yaratmışdır. Millətin taleyi və nəsillərin gələcəyinə görə məsuliyyət daşıyan milli ziyalılar, natiqlik sənəti nümayəndələri, mənəvi liderlər, mühüm problemləri kütlələrə çatdıra bilən pedaqoqlar cəmiyyəti milli ruha, milli ideyaya və ideologiyaya ürəkdən bağlayırlar. Qazaxıstanın öz müstəqilliyinə qovuşduğunun son illərində xalqın milli tarixinin qədim türk ədəbiyyatından başlayaraq sovet dövründəki “ağ ləkələrə” qədər müxtəlif səpkili istedadlı əsərlər yazılmaqla, həm də ədəbiyyatın yüksək mənəvi imkanlarını göstərməklə onlar yenidən öyrənilir, qazax ədəbiyyatının müstəqillik dövrü rakursundan araşdırılması ön plana çəkilir. XIX əsr qazax ədəbiyyatının məhz Kanipaş Madibayevanın rakursundan öyrənilməsi, onun tərəfindən müvafiq tədqiqat işlərinin həyata keçirilməsi, bir sıra nəzərdən qaçırılmış ədəbiyyat nümayəndələri, sənət adamları ilə bağlı dərsliklərin yazılması dediklərimizin bariz təsdiqi kimi başa düşülməlidir.
Kanipaş Madibayevanın qazax xalqının XIX əsrdə yazıb-yaratmış dəyərli nümayəndələrinin yaradıcılığına həsr etdiyi elmi mənbələri, onların bütün bilik, bacarıq və qətiyyətini göstərən əsərləri, milli şüurun mənəvi tərəflərini tədqiq edən hər biri yazısı böyük dəyərə malik olmaqla həmin dövrdə milli ideologiyada olan çatışmazlıqları da ortaya qoyurdu. Bütün bu məsələlər filologiya elmləri doktoru, ədəbiyyatşünas-alim, Əl-Fərabi adına Qazax Milli Universitetinin professoru Kanipaş Madibayevanın “XIX əsr qazax ədəbiyyatı” mövzulu tədqiqat əsərinin məzmun kontekstində mahiyyətincə nəzərə alınmışdır.
XIX əsr qazax ədəbiyyatının tarixini dərindən öyrənməyə səy göstərən mütəxəssis müstəqillik nəğməsini Buxar jurau və Məhəmbət Ütəmisovdan başlayaraq müstəmləkəçiliyə qarşı çağırışlar müstəvisində araşdırmaqla, həm də milli ideyanı xalqın şüurunda müəyyənləşdirib, Dulat, Şortanbay, Murad və Aubəkirin müstəmləkəçiliyə qarşı yönəlmiş əhval-ruhiyyəsini adekvat olaraq açıb ortaya qoymağa müvəffəq olduğunu da buraya əlavə etməliyik.
Kanipaş Madibayevanın “XIX əsr qazax ədəbiyyatı” kitabında qeyd etdiyimiz həmin mürəkkəb və ziddiyyəti mərhələdə yazıb yaradan şairlərin əsərlərindəki milli ideyanın çeşidli tərəflərinin də diqqətlə araşdırılmasını biz nəzərdən qaçırmamağa çalışmışıq.
Burada xüsusi olaraq İsatay və Məhəmbətin yaradıcılığındakı milli ruh məsələsi “Məhəmbət Utəmisulı” və “Dini maarifçilik və İbray Altınsarin” kimi fəsillərdə həmin dövrün poeziyasının yeni baxış bucağından dəyərləndirilməsi, dövrün vətənpərvərlik pafosunun və ruhunun yaradılması nəticəsində mümkün olmuşdur. Kanipaş Madibayeva əksər hallarda təhlilə cəlb etdiyi şairlərin yaradıcılıq nümunələrinə, onların qətiyyətinə və qəhrəmanlıq ruhundakı tarixi faktlara münasibəti, rus imperiyasının müstəmləkəçilik siyasətinin milli birlik arasında təfriqəçilik yayması və s. kimi hallara nəzər salması da peşəkar tənqidçi tərəfindən uğurlu metodoloji konsepsiya kimi təqdim olunmuşdur. Bununla bağlı məsuliyyətli tədqiqatçı yazır: “Dəyərli şair və əskər Məhəmbət Utəmisulı rus müstəmləkəçiliyinə qarşı çıxış edib, milli azadlığın əldə olunmasına çalışmaqla öz xalqının tarixinə şanlı səhifələr yazmışdır?
Tədqiqatçı-alim qəhrəmanlıq mübarizəsi üslubunda yazdığı əsərlərində təhlil mərkəzinə çəkdiyi şəxsiyyətlərin hiss və düşüncələrinə geniş yer verməklə sanki Qazaxıstan Milli Elmlər Akademiyasının tanınmış alimləri Rəbiqə Sızdıkova və Gülmət Ömirəliyevin tədqiqatçılıq dəst-xəttinə sadiq qalıb, XIX əsr ədəbiyyat tarixinin həm dil, üslub və bədii dəyərlər kimi Məhəmbətin poeziyasının müstəqillik dövrü tələblərinə uyğun interpretasiyasına can atdığını da bu əsərdən gələn müsbət hal kimi dəyərləndiririk.
Deyirlər öz vətəninin, xalqının əsil vətəndaşı o kəslər ola bilər ki, onlar özünü, öz doğma dilini, öz xalqının mənəvi dəyərlərini, tarixini, ənənələrini öyrənməklə onlara böyük dəyər verib, əsil vətəndaş olmağı qarşısına məqsəd qoyurlar. Məsələn, yaponlar öz uşaqlarının doğma dildə təlim almasını özlərinin ən mühüm prioriteti hesab edirlər. Çünki milli ruhun ən mühüm qatı da, təbəqəsi də məhz millətin dilidir. Qazax xalqının böyük oğlu, milli simvolizmin parlaq nümayəndəsi Maqcan Cumabayın təbirincə desək, millətin təşəkkülünün mühüm və zəruri şərti onun doğma dildə ünsiyyətinin mövcud olmasıdır. Kimsə buna nail olmaq istəyirsə, deməli, o, bir millət övladı kimi ortada olub, ilk növbədə öz doğma dilinə hörmət edib, onu dəyərləndirməlidir. Bunun izahı isə o deməkdir ki, hər bir qazax öz ana dilində ünsiyyətdə olmağa can atmalıdır. Məhz professor Kanipaş Madibayevanın 2007-ci ildə nəşr etdirdiyi “XIX əsr qazax ədəbiyyatı” kitabının mahiyyətində oturmuş ən mühüm problem də bundan ibarətdir. Burada dahi şəxsiyyətlərin əsərlərində milli şüur problemlərinin, söz sənəti məsələlərinin aktual istiqamətləri, ana dilinin gələcək taleyi, milli dillə bağlı öz narahatlıqlarını ortaya qoyan xadimlərin taleyi və s.kimi məsələlər öz konseptuallığı ilə ön plana çəkilmişdir.
Kanipaş Madibayeva uzun illərdir ki, qazax ədəbiyyatı tarixinin mühüm məsələlərini tədqiq etməklə, həm də, qeyd etdiyimiz kimi, pedaqoji fəaliyyətini ardıcıl olaraq Əl-Fərabi adına Qazax Milli Universitetinin professoru kimi qazax xalqının mənəvi və elmi dəyərlərini gənclərin nəzər-diqqətinə çatdırmaqla onların milli şüurunun formalaşmasında yaxından iştirak edir. Buna görə də hesab edirik ki, onun tədqiqatçı-alim, professor və pedaqoq olaraq ali məktəbdə yetişməkdə olan nəsillərin inkişafına verəcəyi töhfə bundan sonra da əvəzsiz və əzəmətli olacaqdır.