Rusiya-Ukrayna müharibəsinin hazırkı mərhələsində əsas dəyişiklik döyüşlərin artıq yalnız klassik cəbhə xətti ilə məhdudlaşmamasıdır. Avqustun 10-da Tatarıstanın Nijnekamsk şəhərinə endirilən kütləvi PUA zərbələri bunun ən ciddi nümunələrindən biridir.
Son məlumatlara görə, hücum zamanı azı 13 nəfərin öldüyü, 48 nəfərin yaralandığı bildirilir; şəhərdə həm sənaye, həm də mülki obyektlərə ziyan dəyib. Nijnekamsk həm də Rusiyanın mühüm neft emalı və neft-kimya mərkəzlərindən biridir. Tatarıstanın Ukraynanın nəzarət etdiyi ərazilərdən təxminən 1400 kilometr uzaqda yerləşməsi göstərir ki, Kiyev Rusiyanın strateji arxa cəbhəsini artıq təhlükəsiz zona kimi qəbul etmir.
Ukraynanın son aylardakı strategiyasında məhz Rusiyanın enerji və logistika infrastrukturunu sistemli şəkildə sıradan çıxarmaq xətti aydın görünür. Bundan əvvəl İlsk və Sızran neft emalı zavodlarının, müxtəlif yanacaq anbarlarının və tankerlərin vurulması barədə məlumatlar yayılmışdı. Nijnekamska hücum isə bu kampaniyanın həm coğrafiyasının, həm də miqyasının genişləndiyini göstərir. Kiyev üçün məqsəd təkcə neft emalına zərər vurmaq deyil; həm də Rusiyanın hərbi maşınının yanacaq, logistika və maliyyələşmə imkanlarını bahalaşdırmaqdır. Buna görə müharibənin yeni komponenti “cəbhənin dərinliyi” uğrunda mübarizədir: Rusiya Ukraynanın şəhərlərini və enerji sistemini vurur, Ukrayna isə Rusiyanın neft, logistika və hərbi-sənaye obyektlərinə çatmağa çalışır.
Bununla yanaşı, cəbhədə Rusiya təşəbbüsü tam itirməyib. Moskva xüsusən Donetsk istiqamətində Ukraynanın müdafiə xəttini aşındırmaq siyasətini davam etdirir və avqustun 9-da daha iki yaşayış məntəqəsini ələ keçirdiyini açıqlayıb. Əsas strateji mübarizə isə Donetskdəki Slovyansk-Kramatorsk-Drujkivka-Kostiantınivka müdafiə sisteminə, yəni Ukraynanın “qala şəhərləri” zolağına doğru gedir. Bununla belə, Rusiya irəliləyişləri əvvəlki genişmiqyaslı hücumlarla müqayisədə çox ləng və yüksək itkilərlə müşayiət olunur. Bu səbəbdən Moskva quru əməliyyatları ilə paralel olaraq hava kampaniyasının rolunu artırır və Ukraynanı arxa cəbhədə zəiflətməklə ön xəttdə üstünlük əldə etməyə çalışır.
Hazırda Ukrayna üçün ən ciddi problemlərdən biri hava hücumundan müdafiə raketlərinin çatışmazlığıdır. Avqustun əvvəlində Rusiyanın Kiyev və ətrafına endirdiyi genişmiqyaslı raket zərbəsində 17 nəfərin öldüyü bildirilmişdi; həmin hücum zamanı atılan 24 ballistik raketin və dörd “Zirkon” raketinin heç birinin vurula bilməməsi xüsusi diqqət çəkdi. Avqustun 8-də də Ukrayna 151 PUA-nın böyük hissəsini məhv etsə də, altı ballistik raketi dayandıra bilmədi. Bu, Patriot sistemləri üçün raket ehtiyatlarının azalmasının Kiyev üçün strateji zəifliyə çevrildiyini göstərir. Dolayısı ilə Rusiya PUA-larla Ukrayna HHM sistemlərini yükləyir, ardınca daha çətin tutulan ballistik raketlərdən istifadə etməklə müdafiədə boşluq yaratmağa çalışır.
Nijnekamsk hadisəsindən sonra Rusiyanın cavab zərbələrini intensivləşdirməsi buna görə yüksək ehtimallı ssenaridir. Onsuz da son günlər Xarkov, Kiyev və Odessa istiqamətində hücumların artdığı müşahidə olunur. Avqustun 9-da Odessa limanının və enerji obyektlərinin vurulması, Xarkovda yaşayış binasına zərbə nəticəsində ölən və yaralananların olması göstərir ki, Rusiya həm Ukraynanın hərbi logistikasını, həm də iqtisadi dayanıqlığını hədəfə alır. Nijnekamskda insan tələfatının böyük olması isə Kremlin daha geniş raket-PUA kampaniyasını daxili auditoriyaya “cavab əməliyyatı” kimi təqdim etməsini asanlaşdıra bilər. Qarşıdakı mərhələdə Ukraynanın enerji sistemi, limanları, hərbi-sənaye müəssisələri, aerodromları və PUA istehsal infrastrukturu əsas hədəflər arasında qala bilər.
Bütün bunlar diplomatik perspektivi də zəiflədir. ABŞ və Ukrayna arasında hava hücumlarının qarşılıqlı dayandırılması kimi bir modelin müzakirə edildiyi bildirilmişdi, lakin Kreml hələ iyulda yeni danışıqların yaxın perspektivdə görünmədiyini açıqlamışdı. Hazırkı hərbi dinamika göstərir ki, tərəflər danışıqlardan əvvəl mümkün qədər əlverişli mövqe əldə etməyə çalışırlar: Rusiya Donetskdə daha çox ərazi tutmaq, Ukrayna isə Rusiyanın müharibəni davam etdirmə qabiliyyətinə iqtisadi və hərbi zərər vurmaq istəyir. Buna görə Nijnekamsk təkcə bir neft emalı zavoduna hücum deyil, müharibənin xarakterinin dəyişməsinin göstəricisidir. Əgər qarşılıqlı uzaqmənzilli hücumların intensivliyi bu templə davam edərsə, yaxın perspektivdə atəşkəsdən daha çox “zərbə–cavab zərbəsi–daha böyük zərbə” eskalasiya spiralının güclənməsi ehtimalı görünür. /bakivaxti.az/