Dr. Barış Cavid Mövsümlü
Bu il Qaqauz xalqının görkəmli mütəfəkkiri, din xadimi, maarifçi, dilçi, tarixçi və mədəniyyət xadimi Mihail Çakırın (1861–1938) anadan olmasının 165 illiyi qeyd olunur. Türk dünyasının yetişdirdiyi ən seçkin ziyalılarından biri olan Mihail Çakır təkcə Qaqauz xalqının deyil, bütün Türk dünyasının ortaq mədəni irsində müstəsna yer tutur. O, bütün ömrünü xalqının dilinin, tarixinin və milli kimliyinin qorunmasına həsr etmiş, aradan bir əsrdən artıq vaxt keçməsinə baxmayaraq, ideyaları və əsərləri ilə bu gün də yaşamaqdadır.
Mihail Çakır 1861-ci ildə Bessarabiyada Qaqauz ailəsində dünyaya göz açmışdır. Kiçik yaşlarından dini təhsil almış, sonralar pravoslav kilsəsində keşiş kimi fəaliyyət göstərmişdir. Lakin onu fərqləndirən yalnız dini xidməti deyildi. O, öz dövrünü qabaqlayan bir ziyalı kimi yaxşı anlayırdı ki, xalqın gələcəyi yalnız Ana dilinin qorunması, maarifin inkişafı və tarixi şüurun formalaşdırılması ilə təmin oluna bilər. Məhz buna görə də ömrünü elmin, təhsilin və mədəniyyətin xidmətinə həsr etmişdir.
Mihail Çakırın ən böyük xidmətlərindən biri Qaqauz türkcəsinin yazı dili kimi formalaşmasına verdiyi misilsiz töhfələrdir. Dövrün mürəkkəb siyasi və mədəni şəraitinə baxmayaraq, o, xalqının öz Ana dilində oxuyub-yazması üçün yorulmadan çalışmış, hazırladığı dərsliklər, dini kitablar və digər nəşrlərlə Qaqauz türkcəsinin inkişafının əsasını qoymuşdur.
Onun ən möhtəşəm xidmətlərindən biri isə İncili Qaqauz türkcəsinə tərcümə etməsi olmuşdur. Bu, sadəcə dini mətnin tərcüməsi deyildi. Bu, bir xalqın dilini yaşadan və gələcəyə daşıyan böyük mədəni hadisə idi. Müqəddəs kitabın xalqın Ana dilində nəşr olunması Qaqauz türkcəsinin yazılı dil kimi möhkəmlənməsinə, dilin nəsildən-nəslə ötürülməsinə və gündəlik istifadəsinin qorunmasına güclü təkan verdi. Bu gün tarixçilər və dil tədqiqatçıları haqlı olaraq qeyd edirlər ki, uzun illər davam edən ruslaşdırma və assimilyasiya siyasətinə baxmayaraq, qaqauzların öz Ana dillərini bu günədək qoruyub saxlamalarında Mihail Çakırın bu tarixi xidmətinin müstəsna rolu olmuşdur. Onun İncil tərcüməsi milli kimliyin və dilin qorunmasının ən möhkəm dayaqlarından birinə çevrilmişdir.
Mihail Çakır tarix elmi sahəsində də əvəzsiz xidmətlər göstərmişdir. O, qaqauzların tarixini ilk dəfə sistemli şəkildə qələmə alan tədqiqatçı kimi tanınır. Əsərlərində dil, folklor, etnoqrafik materiallar və tarixi mənbələr əsasında qaqauzların mənşəyini araşdırmış, onların Türk mənşəli xalq olduğu qənaətinə gəlmişdir. Bu nəticə yalnız elmi araşdırmanın yekunu deyildi. Eyni zamanda, qaqauzların milli özünüdərkinin formalaşmasında mühüm rol oynayan ideoloji və mənəvi əsas idi. Bu gün Türk dünyasında qaqauzların Türk xalqları ailəsinin ayrılmaz hissəsi kimi qəbul edilməsində Mihail Çakırın elmi irsinin böyük rolu vardır.
Mihail Çakırın fəaliyyəti yalnız Qaqauz xalqı ilə məhdudlaşmırdı. O, yaşadığı ölkənin bütün xalqlarının maariflənməsini və mədəni inkişafını önəm verən əsl ziyalı idi. Moldova dilinin inkişafı, təhsil işinin təşkili, dərsliklərin hazırlanması və nəşri sahəsində də mühüm xidmətlər göstərmişdir. O hesab edirdi ki, hər bir xalq yalnız öz Ana dilini qorumaqla inkişaf edə bilər və xalqların mədəni tərəqqisi qarşılıqlı hörmət və əməkdaşlıq üzərində qurulmalıdır.
Mihail Çakırın bütün fəaliyyəti göstərir ki, onun əsas məqsədi dil, tarix və mədəniyyət üzərində qurulan güclü milli şüurun formalaşdırılması idi. O inanırdı ki, xalqın gələcəyi yalnız öz Ana dilində təhsil alması, tarixini bilməsi və milli-mədəni dəyərlərini qoruması ilə təmin oluna bilər. Bu gün Türk dünyasında ortaq əlifba, ortaq tarix və ortaq mədəniyyət istiqamətində aparılan işlərə nəzər saldıqda, Mihail Çakırın hələ bir əsr əvvəl irəli sürdüyü ideyaların nə qədər uzaqgörən olduğu daha aydın görünür.
Təsadüfi deyil ki, Qaqauz Yeri (Moldova) höküməti onun adını daşıyan Mihail Çakır Dövlət Ordenini təsis etmişdir. Bu orden Qaqauz xalqına, onun mədəniyyətinə və bütövlükdə Türk dünyasına mühüm xidmətlər göstərən şəxslərə təqdim edilən ən yüksək mükafatlardan biridir. Mən, Qaqauz Yerinin paytaxtı Komrat şəhərində yerləşən Mariya Maruneviç adına elim və araşdırmalar mərkəzində təşkil edilən Mihail Çakır xatirəsinə həsr olunmuş beynəlxalq konfrans ərəfəsində 19 İyun 2026-cı ildə bu ordenin ilk azərbaycanlı laureatı olmaq şərəfinə nail olmuşdum. Mihail Çakırın adını daşıyan belə yüksək mükafata layiq görülməyimi yalnız şəxsimə verilən qiymət kimi deyil, həm də Azərbaycan ilə Qaqauz Yeri arasında mövcud olan tarixi qardaşlığın, ortaq dilin, ortaq mədəniyyətin və ümumtürk həmrəyliyinin təntənəsi kimi qəbul edirəm. Bu orden mənim üçün eyni zamanda Türk dünyasının birliyi naminə fəaliyyətimi davam etdirmək məsuliyyətini daha da artıran mənəvi dəyərdir.
Mihail Çakırın anadan olmasının 165 illiyini qeyd edərkən biz təkcə görkəmli din xadimini və ya alimi deyil, xalqına milli kimlik qazandıran, onun dilini yaşadan, tarixini yazan və gələcək nəsillərə milli qürur hissi aşılayan böyük fikir adamını ehtiramla yad edirik. Əgər bu gün Qaqauz türkcəsi yaşayırsa, qaqauzlar öz tarixlərini bilir və özlərini böyük Türk dünyasının ayrılmaz hissəsi hesab edirlərsə, bunda Mihail Çakırın əvəzsiz xidmətləri vardır.
Böyük şəxsiyyətlərin dəyəri zaman keçdikcə daha aydın görünür. Mihail Çakır da belə şəxsiyyətlərdəndir. Onun zəngin elmi və mənəvi irsi yalnız Qaqauz xalqına deyil, bütün Türk dünyasına xidmət etməkdə davam edir. Bu irs gələcək nəsillər üçün də milli birlik, mədəni özünüdərk və mənəvi dəyərlərin qorunması yolunda etibarlı bələdçi olacaqdır.
Mihail Çakırı anadan olmasının 165 illiyi münasibətilə dərin ehtiram, minnətdarlıq və rəhmət hissi ilə yad edir, onun əziz xatirəsi qarşısında baş əyirik.