Kamil Şahverdi
V yazı
(əvvəli BU LİNKDƏ)
Xəyal deyil Turan
Nəriman Nərimanovun arxivində tapılan "Azərbaycan Marşı"nın sözləri yazılmış vərəqin yuxarı sol küncündə Bakı, yuxarı sağ küncündə isə 1922-ci il yazılıb. Həm də şeir Azərbaycan SSR XKS sədrinin şəxsi katibinin vərəqində yazılıb. Müəllifin adı qeyd olunmayıb. Bu sənədi ilk dəfə üzə çıxaran tarixçi-alim Firdovsiyyə Əhmədova da bildirmişdi ki, tapılan dörd sənəddən üçü oxşar xəttlə, dördüncü isə, yəni "Azərbaycan Marşı" başqa xəttlə yazılıb. Çox güman ki, şeiri N. Nərimanovun tapşırığı ilə şəxsi katibi öz xidməti vərəqinə köçürmüşdür. Onun şeiri haradan köçürməsi məlum deyil.
Mən Nəriman Nərimanovun qardaşı nəticəsi, uzun müddət görkəmli dövlət xadiminin ev muzeyinin direktoru işləmiş Kamilə Hüseynova ilə görüşüb bəzi mətləblərə aydınlıq gətirməyə çalışdım. Kamilə xanım bildirdi ki, 1922-ci ilin sonlarında Nəriman Nərimanov SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin ZSFSR-dən Sədri seçilir və Moskvaya köçür. Faktiki olaraq SSRİ kimi nəhəng bir ölkənin rəhbərlərindən biri kimi fəaliyyətə başlayıb. 1925-ci il martın 19-da Moskvada vəfat edib. Önun ölümü müəmmalı şəkildə baş verib.
Moskvada dəfn olunan Nəriman Nərimanovla vida mərasimində Azərbaycandan heç kim iştirak etməyib.
Kamilə xanım nənəsindən eşitdiyi bəzi məlumatları xatırlayaraq dedi:
"Mənim nənəm və babam əmi uşaqları idilər. Hər ikisi Nərimanovun qardaşı
uşaqları idi. Nənəm ehtiyatla bizə bəzi şeyləri danışardı. Amma, çox şeyləri deməyə qorxardı. Nərimanovun müəmmalı ölümü ilə bağlı nənəm danışardı ki, həmin gün Kremldə iclas keçirilib və milli məsələlər müzakirə olunub. Bu iclasda Nərimanov və Stalin arasında ciddi mübahisə yaranıb. Adətən çay içən Nərimanova o günü qəhvə gətiriblər. Onsuz da iclas ciddi əsəb gərginliyi ilə keçirmiş. Qəhvəni içəndən sonra onun halı daha da pisləşib. İclası yarımçıq tərk edərək havaya çıxıb. Kremlin həyətində gəzişərkən ürək tutması baş verib. Onu xəstəxanaya çatdırıblar. Lakin xəstəxanada həkimlər ona heç bir yardım göstərməyiblər. Həyat yoldaşı Gülsüm xanıma Kremldən zəng edərək məlumat veriblər və bildiriblər ki, sizi xəstəxanaya gətirmək üçün maşın göndərilib. Gülsüm xanım xəstəxanaya gələndə artıq Nərimanov keçinibmiş. Çünki, ona xəstəxanada heç bir yardım göstərilməyib.
Elə həmin gün dövlət dəfn komissiyası yaradılıb. Komissiyanın qərarına əsasən evində iş otağına üç gün ərzində baxış keçirilib. Həmin üç gün ərzində iş otağı ailə üzvləri üçün belə möhürlənərək bağlı olub. Yalnız baxış keçirməyə gələnlər otağa girə bilib. Nərimanovun iş otağına baxış onun əmisi nəvəsi Müzəffər Nərimanovun iştirakı ilə keçirilib. Üç gün ərzində xeyli sayda sənədləri toplayıb özləri ilə aparıblar.
Gülsüm xanım Nəriman Nərimanovun Bakıda dəfn olunmasını istəyib. Moskvadan Bakıya müraciət olunub. Lakin Bakıdan bu müraciətə cavab verilməyib. Ona görə də dəfn komissiyası görkəmli dövlət xadimini Kremlin divarları yanında böyük ehtiramla torpağa tapşırıblar. Dəfn mərasimində ölkə rəhbərliyi, SSRİ-nin bütün bölgələrindən dövlət və hökumət nümayəndələri iştirak etdiyi halda Azərbaycandan kimsə iştirak etməyib...
Dəfn mərasimi başa çatdıqdan sonra Gülsüm xanım 5 yaşlı oğlu Nəcəflə Azərbaycana köçmək istəyib. Bu haqda o Kalininə müraciət edib. Nərimanova böyük hörməti olan Kalinin Gülsüm xanımı fikrindən daşındırıb və bildirib ki, sizin Azərbaycana, Bakıya köçməyinizi məsləhət görmürəm. Moskvada qalsanız yaxşı olar..."
Həqiqətən də Kalinin haqlı imiş. Nərimanovun müəmmalı ölümündən sonra onun fəaliyyətini təftiş etməyə başlayıblar. Dəfn komissiyasının qərarı ilə evində, iş otağında keçirilən baxış zamanı iştirak edən əmisi nəvəsi, yüksək dövlət vəzifələrində çalışmış Müzəffər Nərimanov 1937-ci ildə həbs olunub. Ona antisovet qruplaşmasına Azərbaycanda rəhbərlik etməsi və "Alman və Türkiyə kəşfiyyatının" agenti ittihamı irəli sürülüb. Ona qarşı sürülən ittihamları rədd edən Müzəffər Nərimanov 1937-ci ildə Moskvaya etap olunub. 1938-ci il aprelin 21-də Moskvada SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qərarı ilə güllələnib.
Nəriman Nərimanovun silahdaşları, yaxınları, qohumları nəzarətə götürülüb.
Nərimanovun yeganə övladı Nəcəf 1943-cü ildə, 24 yaşında müharibədə həlak olub. O, atasının ona yazdığı məktub-nəsihətdən xəbərsiz olub. Anası Gülsüm xanım oğlunu qorumaq üçün ona bu haqda heç bir məlumat verməyib.
Gülsüm xanım 1953-cü ildə Moskvada vəfat edib. Yaşadıqları evin əşyaları satışa çıxarılıb və xidməti ev dövlətə qaytarılıb.
Nəriman Nərimanovun arxivindən tapılan Azərbaycan Marşı
Gülsüm xanımın vəfatından sonra qardaşı Aslan Əliyev Nəriman Nərimanova aid sənədləri Azərbaycana gətirib və təyinatı üzrə müxtəlif arxivlərə təhvil verib. Aslan Əliyev AMEA
Əlyazmalar institutuna da xeyli sayda sənəd təqdim edib. Nərimanovun əlyazmaları, Gülsüm xanımın oğlu Nəcəflə yazışmaları və s. Nərimanovun oğlu Nəcəfə yazdığı məktub-nəsihət və ərəb əlifbası ilə yazılmış türk şairinin Azərbaycana həsr etdiyi şeir bu sənədlərin arasında olub. Gülsüm xanım bu sənədləri necə xilas edib, necə qoruyub, üç gün aparılan axtarışdan necə yayındıra bilib, demək çətindir. Bu sənədlər, oğluna məktub-nəsihət, və ya "Xəyal deyil Turan" deyən Türk şairinin şeiri ələ keçsəydi Nərimanovu dərhal "xalq düşməni" elan edərdilər...
Nəriman Nərimanovun arxivindən tapılan, sözləri İsmayıl Həbib Sevükə aid olan "Azərbaycan marşı"nın üzü 1922-ci ildə köçürülüb. Nərimanovun şəxsi katibinin vərəqinə köçürülmüş şeiri görkəmli dövlət xadimi özü ilə Moskvaya aparıb. Azərbaycan SSR-nin Türkiyədə səfiri İbrahim Əbilov deyir ki, "bu marşı Azərbaycanda hər kəs bilir və sevə-sevə oxuyur". Bu faktlar çox diqqət çəkəndir. Həm Nərimanov, həm də Əbilov sosialist idilər və bolşevik Rusiyası ilə birləşib vahid sovet dövlətinin yaranmasında iştirak etmişdilər. Buna baxmayaraq Azərbaycanın müstəqilliyini tərənnüm edən marşa belə doğma və həssas münasibət bəsləmələrinin səbəbi necə izah olunmalıdır?...
Qeyd olunduğu kimi şeirin üzü 1922-ci ildə köçürülüb. Artıq iki il idi ki, Azərbaycan bolşeviklər tərəfindən işğal olunmuşdu. Amma "Kardeş Selamı"- Azərbaycan Marşı hələ də dillər əzbəri idi və hamı tərəfindən sevə-sevə ifa olunurdu. Demək ki, tarixçilərimiz bu faktlardan çıxış edərək o dövrü daha dərindən və dəqiq araşdırmalıdırlar ki, yaranmış suallara cavab verilsin.
Kamilə Hüseynova daha sonra qeyd edir ki, mənim babam Qəzənfər Nərimanov da İbrahim Əbilovla birlikdə Türkiyəyə gedib. Qəzənfər Nərimanov İstanbulda baş konsul vəzifəsinə təyin olunub.
Kamilə Hüseynova:
"Babam Qəzənfər Nərimanovun qardaşı oğludur. O 1921-ci ildə İstanbulda baş konsul təyin olunur. Nənəm danışardı ki, Türkiyəyə yola düşməzdən bir gün qabaq əmimiz Nərimanov bizi evinə dəvət etdi. Gecə yarısına qədər bizə öyüd-nəsihət verdi. Sonra Qəzənfərlə təkbətək dövlət işlərindən xeyli danışdılar. Səhəri gün biz, İbrahim Əbilov ailəsi ilə və daha bir neçə nəfər Türkiyəyə yola düşdük. Türkiyədə bizi çox səmimi və isti qarşılayırdılar. Qəzənfər yaxşı kamança çalırdı deyə Atatürk onu tez-tez öz məclislərinə dəvət edərdi və Azərbaycan musiqisini sevə-sevə dinləyərdi..."
Bu maraqlı məlumatlara görə Kamilə xanım Hüseynovaya təşəkkür edirəm və hesab edirəm ki, nənəsindən eşitdiyi xatirələri qələmə alaraq dərc etməklə tədqiqatçılarımıza xeyli yardım etmiş olar. Eyni zamanda bu qiymətli məlumatların tarixdə qalması olduqca vacibdir.
Mənim diqqətimi cəlb edən məqamlardan biri də tarixçi-alim Firdovsiyyə Əhmədovanın Nəriman Nərimanovun arxivindən üzə çıxardığı əlyazmada şeirin müəllifinin göstərilməməsidir. İbrahim Əbilov da Türkiyədə ziyalılarla görüşündə bu marşın müəllifinin kim olduğunu bilmirmiş. Həmin ziyafətdə ona şeirin müəllifinin İsmayıl Həbib Sevük olduğu bildirilir. Demək ki, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət himni üçün elan etdiyi müsabiqə tamamilə anonim şəraitdə keçirilirmiş. Yəni müsabiqənin şərtlərinə görə təqdim olunan əsərlərdə müəlliflərin adı qeyd olunmayıbmış. Bu da müsabiqənin obyektiv keçirilməsi, tərəfkeşliyə yol verməmək üçün mühüm şərtdir.
Bütün bunlar onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti qurucuları nə qədər təmiz, saf, prinsipial insanlar olub, dövlətin marağını necə də hər şeydən üstün tutublar. Eyni zamanda aydın olur ki, Üzeyir bəy Hacıbəylinin bəstələdiyi "Azərbaycan Marşı"nın söz müəllifinin adı qeyd olunmuş hər hansı bir sənəd niyə indiyə kimi üzə çıxmayıb…