Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Rusiyanın zərbələrinə cavab vermək imkanlarını genişləndirməli olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Zelenski bu barədə Ali Baş Komandanın Qərargahının iclasının nəticələri ilə bağlı “Facebook” səhifəsində paylaşım edib.
Prezident Ukrayna Müdafiə Qüvvələrinin uzaqmənzilli dronlarla təminatının artırılmasının vacibliyini vurğulayıb.
Zelenskinin sözlərinə görə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) Rusiyanın cari və növbəti illər üçün texnoloji prioritetləri, eləcə də silah istehsalı üçün vacib komponent və avadanlıqların ölkəyə tədarükü barədə hesabat təqdim edib.
O bildirib ki, bu məlumatlar əsasında yeni sanksiya paketləri hazırlanacaq. GUR müvafiq təkliflərini Nazirlər Kabinetinə və Milli Təhlükəsizlik və Müdafiə Şurasına təqdim edəcək.
Zelenski, həmçinin Ukraynanın sanksiyalarının tərəfdaş ölkələrin yurisdiksiyalarında tətbiq olunan məhdudiyyətlərlə uzlaşdırılması istiqamətində iş aparıldığını qeyd edib.
Aytən Yaşar/ Turkustan.az