Simurq quşu kimi külündən doğulanlar - Yaxud, susmadan yaşamaq fəlsəfəsi


Qiymət MƏHƏRRƏMLİ,
AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru, dosent.

Məşhur rəvayətə görə, dünyadakı bütün quşların hökmdarı hesab edilən Simurq quşu Qaf dağının zirvəsindəki nəhəng Hikmət ağacının budaqlarında yuva qurub yaşayır. Bütün quşlar Simurqu özlərinin xilaskarı hesab edir. Lakin bugünəcən heç kəsə onu görmək müyəssər olmayıb.

Belə nəql olunur ki, Simurqu görmək arzusuyla səyahətə çıxan quşlar onu axtarıb tapmaq məqsədiylə uzun, uzun olduğu qədər də çətin bir səyahətə çıxırlar. Onlar bu məşəqqətli səfər zamanı Sevgi dənizi, Ayrılıq vadisi, Tamah düzənliyi və Həsəd gölündən keçməli olurlar. Məlumdur ki, yolun çətinliyi özünü göstərir və bu quşların əksəriyyəti yolda həlak olur. Səyahətin sonunda cəmi otuz quş diri qalır. Nəhayət, məsafə başa çatır, onlar zənn olunan yerə, yəni Simurqun yuvasının olduğu Hikmət ağacına çatırlar. Əfsanənin əsas mahiyyəti də burda üzə çıxır. Uzun yol qət edib, minbir çətinliyə qatlaşan quşlar Hikmət ağacında nə yuva, nə də quşla qarşılaşırlar. Beləliklə, məlum olur ki, Simurq quşları elə onların özləri imiş; belə ki, məhz onlar qət olunması namümkün olan bunca uzun və çətin məsafənin öhdəsindən qətiyyət və iradələri hesabına gələ bilmiş və sağ qalmışlar. Fərziyyələrə görə, fars dilindən tərcümədə "otuz quş" mənası verən “Simurq” ifadəsi belə yaranıb və sözün mahiyyəti onun möhtəşəmliyini özündə ehtiva edir. Xalq arasında “Simurq quşu (Zümrüd quşu, Feniks, Anka quşu) kimi külündən doğulanlar”, yaxud “törəyənlər” ifadələri özlərini müqəddəs ideallara qurban edən, bu yolda bütün fədakarlıqlara qol qoyan insanlar haqqında işlədilir. Yazımızın qəhrəmanları da elə Simurq quşlarına bənzəyən insanlardır. Həyatda qarşılaşdıqları heç bir imtahan, heç bir sınaq onları sındıra bilməyib. Əksinə, onlar: “Bu sınaqlar ölümün və həyatın sərt üzünü göstərsə də, içimizdəki ümid və müqavimət alovunu söndürmədi. Hər bir qan damlası, hər bir əzablı an, bizə həm sərt həyat dərsləri verdi, həm də insanın iradəsinin nə qədər güclü olduğunu sübut etdi. Biz öyrəndik ki, ölüm qapını döysə belə, ruhun azadlığı və sənətin gücü heç vaxt məhv edilə bilməz” – inamıyla daha böyük alovlara, atəşlərə atdılar özlərini.

Unudulmaz Xalq şairimiz Bəxtiyar Vahabzadənin “Ürək” şeirini çox sevirəm. Bu şeir insanı insan olmağa səsləyən bir həyat nizamnaməsidir mənə görə. Bəxtiyar müəllim bu əsərində duymağı, düşünməyi, yanmağı, alovlanmağı bacaran duyğusal bir ürəyin həyatı insan kimi yaşamağı tərci edənlər üçün nə demək olduğunu özünəməxsus ustalıqla, bütün incəlikləri ilə aşağıdakı şəkildə ifadə edir:

“Ürək odur daim yana,

Od püskürə, alovlana.

Od vermirsə qəlbə, cana,

Demək, o heç ürək deyil,

O heç mənə gərək deyil.

Əgər ki, sevinib gülmür,

Döyüntüsün heç kim bilmir,

Çırpıntısı eşidilmir,

Demək, o heç ürək deyil,

O heç mənə gərək deyil.

Vətəniyçün lazım gəlsə,

Polad kimi gərilməsə,

Torpağına sərilməsə,

Demək, o heç ürək deyil,

O heç mənə gərək deyil.

Neyləyirəm o ürəyi –

Yox arzusu, bir diləyi!?

Bacarmırsa o, sevməyi,

Demək, o heç ürək deyil,

O heç mənə gərək deyil!”

Türkiyənin Qars bölgəsində doğulub boya-başa çatmış, bu qədim türk diyarından pərvazlanmış, əsl ünvanı bütövlükdə dünyamız, faktiki ünvanı isə Almaniyanın Berlin şəhəri olan ünlü sənətçi, şair-yazar, musiqiçi, bəstəkar Ozan Şiar Ağdaşanın fəlsəfi düşüncələr, esse və hekayələr, şeir və xatirələr kitabını vərəqlədikcə, nədənsə ilk olaraq Bəxtiyar müəllimin bu əsərini xatırladım. Bəlkə də ona görə ki, ustad Bəxtiyar Vahabzadə də, digər vətənsevər millət övladları da, elə Ozan qardaşımız da həyatı “ürəklə” yaşamağı, Vətəni, insanları “ürəklə” sevməyi, millətinə, dövlətinə, doğmalarına canlarını sözlə yox, “ürəklə” fəda etməyi özlərinə həyat kredosu seçiblər. Bu isə heç də asan başa gələn iş deyil: bu yolda ölüm də ola bilər, itim də. Necə deyərlər, “sonucu ya ölüm olacaq, ya zülüm. Nə yazıq ki, doğrunu söyləyənlər doqquz kənddən qovulur hər yerdə”. Dəyərli dostumuz o uzaq və qərib diyarda mehriban və mübariz ailə üzvləri – Ozanlar ozanı Aşık Şahturna xanım və yetirməsi – bir çox nüfuzlu ödül və mükafatların sahibi, valideynlərinin göz bəbəyi olan yeganə qızları, sənətkar-müəllim – şirin səsli Şirin Ağdaşanla birlikdə yaşayıb-yaratmaqdadır. Nə yazıq ki, ailənin digər olduqca istedadlı, sevilən və dəyərləndirilən sənətkar qızı Şafak Melodi Ağdaşan məşum pandemiya dönəmində bəşəriyyəti cənginə almış amansız epidemiya səbəbindən vaxtsız-vədəsiz qara torpağın ağuşuna köçdü. Sevimli Şafakın dünyasını vaxtsız dəyişməsi Ağdaşan ailəsi üçün çox böyük itki və dözülməz zərbə oldu. Axı Şafak Melodi Ağdaşan təkcə bir ailənin deyil, bütövlükdə dünya mədəniyyəti və incəsənətinə dəyər verməyi bacaran milyonların sevimlisinə çevrilmiş başarılı bir sənətçi idi; hələ çox gənc yaşlarından həm ölkə daxilində, həm də xaricdə bir çox uğurlara imza atmış sevilən rəssam, istedadlı aktrisa, şair, musiqiçi, bəşəriyyət və insanlıq naminə sülh və sevgi carçısına çevrilmişdi. Odur ki, dünyamızı tərk etdiyi gündən bizi illər ayırsa da, o gözəl, qəlb ovsunlayan səsi ilə səslənən əsərləri sayəsində insanların qəlbində indi də yaşamaqda davam edir mələk üzlü Şafakımız. Ruhu şad, məkanı cənnət olsun cənnət mələyimizin.

“İnsan susduğu gün məğlub olur” – deyir ustad Ozan Şiar Ağdaşan. Bu fikri zaman-zaman klassiklərimiz, filosof və alimlərimiz, lap elə müasir fikir və düşüncə sahibi olan şəxsiyyətlərimiz də dilə gətirib, bu və ya başqa şəkildə ifadə ediblər. Hərə öz baxış bucağından yanaşmaqla, öz təfəkkür və təxəyyülünə uyğun dəyərləndirməyə çalışıb. Lakin zaman və taleyin insanın ömür yolundakı təbəddülatlı çarpışmalardakı uğur və uğursuzluqlarından çıxardığı nəticənin qoyduğu izdən birbaşa, ya da dolayısıyla asılı olur bu qənaət.

İnsan susur...

İnsan danışır...

İnsan haray çəkir...

İnsanın qəlbinə daş bağladığı anlar da olur...

Lakin insan qəlbinin susduğunu heç gördünüzmü? İnsanın dili susa, kilidlənə, pərçimlənə bilər, lakin köksündəki yumruq boyda ürəyinin susması, kiriməsi əsla və əsla mümkün deyil!

“Bu hə­yat mə­nə bir şe­yi öy­rət­di” – Ozan Şiar dostumuzun etirafıdır. Acıdan-acı və əksərimizə tanış olan ömür yaşantılarının köksümüzə çəkdiyi dağdan ağır yaraların qaysaqlanması üçün nəyin nə olduğunun fərqinə varmağımızın zərurliyindən doğan etiraf! Doğrudan da, axı “ölüm çox vaxt qə­fil gə­lir, am­ma in­sa­nı öl­dü­rən əsas şey unut­qan­lıq­dır...” Nə yaxşı ki, Ozan dostumuz bu yerdə ən vacib olan istiqaməti özünə çıxış yolu seçdi – unutmamaq! “Mən unut­ma­dım. Da­nış­dım, yaz­dım, oxu­dum, su­sa­raq da eti­raz et­dim!”

Heç yerdə susmadı, heç geri çəkilmədi, bezsə də, usansa da, həyatın acı həqiqətlərinin, dözülməz ağrı-acılarının içində bir ümid işığı axtarıb tapdı. Və... anladı ki, həqiqətən də bircə addım belə geri çəkilmək, ağrı-acılara, haqsızlıqlara yenilmək bu iynə ucu boydasa da olan işığı sonlandıra, həqiqətin görən gözünü kor qoya bilər. Yalnız işığa doğru can atanların yolunda şəfəqlərin parlaması mümkündür. Odur ki, “Acıdan Umuda” yol başladı və davam etdikcə də əmin oldu ki, o, mücadilələrdə keçən ömür yolunu seçməkdə heç də yanılmayıb. Həm də bu yolu bəlkə də heç onun özü seçməyib. Onu bu yola yönəldən, daha doğrusu, bu yolun özünü ona rəva görən, boyuna biçən fövqəltəbii qüvvə var. Və... bu qüvvənin rəva bildiyi həqiqət ən ali həqiqətdir. Doğru olana doğru yol başlayanların yanılmadığı isə gün kimi bəllidir: “Gerçəyə, Haqqa, Həqiqətə üz tutanlar bədəl ödəməyi gözə alanlardır... Hətta doğruluğun, həqiqətin bədəlləri bəzən çox ağır olur. Zindanlar, sürgünlər, hətta ölüm bahasına”! Həyat bu zaman var olur. İnsanın varoluşunu başqa yerdə axtarıb gəzmək nağılabənzər utopiyadır. Həqiqəti, haqq və ədaləti yalnız öz ağıl və düşüncəndə, təfəkkür və idealında axtarıb tapmaq üçün bütün varlığını bu yolda girov qoymalı, ideallarına sadiq olmalısan. Eynən Ozan Şiar Ağdaşan kimi: “Hüc­rə­lər­də, xəs­tə­xa­na­lar­da, kü­çə­lər­də və də­rin su­lar­da ey­ni hə­qi­qə­ti da­şı­dım:

İn­san sus­du­ğu gün məğ­lub olur... Və mən sus­ma­dım!”

Susmadığı, susa bilmədiyi, susmağı özünə qadağan etdiyi, hər zaman haqqa doğru can atıb həqiqətləri dilə gətirdiyi üçün bu gün Şiar bəyin özü və ailəsi təkcə yaşadığı Almaniyada deyil, dünyanın bir çox həqiqətsevər ölkəsində, elə həqiqəti sevib dəyərləndirən insanlar arasında bu dərəcədə çox sevilir, dəyərləndirilir.

Bu qısa yazımızın sonunda sözü yenidən Ozan Şiar Ağdaşana veririk. Ozan Şiar fəlsəfəsindən bir neçə yarpaq:

Ağrını paylaşmaqla, qorxunu bölüşməklə, sevgini yaşamaqla insan daha da güclənir.

Bax, burada anladım: əsl güc yalnız bədən sağlamlığında deyil, ruhun müqavimətində, ürəyin genişliyində və qəlbin ümidindədir. Ağrılar içində oxunan bu mahnı, gələcək üçün bir işıq oldu; xəstəxananın soyuq divarlarını, qorxu və qızdırma dalğalarını aşaraq, insan ruhunun istiliyini, sevgini və ümidin qüdrətini göstərdi.

Ozan Şah­tur­na, Aşıq Şah­tur­na hə­ya­tı­nın hər mər­hə­lə­sin­də sə­nət və mü­ba­ri­zə ara­sın­da bir kör­pü qur­muş­dur. Dost­la­rım, de­mək olar ki, hə­ya­tım bo­yu bir çox çə­tin­lik­lə­rin öh­də­sin­dən gəl­mi­şəm. Ailə ola­raq biz də­fə­lər­lə ağır sı­naq­lar­la üz­ləş­miş, ağ­rı­lı və sar­sı­dı­cı an­lar ya­şa­mı­şıq. Hət­ta Ozan Şah­tur­na ilə bir­lik­də bir çox ölüm­cül təh­lü­kə­lə­ri əl-ələ, çi­yin-çi­yi­nə dəf et­dik. Od­lar­da rəqs et­dik, ölü­mün kə­na­rın­da bo­ğul­duq!

Aşık Şahturna mənim üçün yalnız bir musiqiçi deyildi; o, müqavimət, ümid və azadlığın simvolu idi. Onun “Güllə yağışında gülləndim, ölümlərdən döndüm” deyimi həyatımızın mənasını əks etdirirdi.

Zalım qəddarlığı mənim hücrəmin ətrafında dolaşır, lakin içəri girə bilmir; çünki hücrənin divarları betondan deyil, inaddan, yaddaşdan və sevgidən hörülüb. Bizim şüarımız məzlumun sevgisini hiss etməkdir; məhz buna görə də, mənim hücrəm, həbsxanadakı hücrəmdə İSTİQAMƏT üzərindədir. İstiqamət – yolun özü deyil, yolun niyyəti, duruşun mənasıdır.


MANŞET XƏBƏRLƏRİ