Kamil Şahverdi
VIII Yazı (ikinci hissə)
"Azərbaycan Marşı" 1965-ci ildə ilk dəfə Türkiyədə nəşr olundu.
1965-ci ildə Almaniyanın Münhen şəhərində 28 May Müstəqillik Gününə həsr olunmuş tədbirdən AzadlıqRadiosunun Azərbaycan dilli xidmətinin hazırladığı proqramda mühacir Cümhuriyyətçilərimizin ifasında ilk dəfə "Azərbaycan Marşı"nın efirdən yayımlanması çox böyük bir tarixi hadisə idi. Dövlət Himnimiz tam olmasa da, sadə, birsəsli, bəzi ritmik və melodik təhriflərlə səslənsə də, bu hadisənin tarixi əhəmiyyətini heç də kiçiltmir. Himnimizin bu gün dinlədiyimiz versiyası sonralar, 1989-cu ildə görkəmli bəstəkarımız professor Aydın K. Azimin xidmətləri sayəsində yaranacaqdı. Böyük düşüncə sahibi, Azərbaycan, Türk, ümumiyyıtlə dünya musiqisinin mahir bilicisi, ensiklopedik biliyə malik Aydın Azim Himnimizi harmonizə edərək əvvəl əsərin klavirini, daha sonra xor və simfonik orkestr üçün, nəfəs alətləri orkestri üçün partiturasını hazırlamışdı. Əsərin əvvəlini və sonunu yazaraq "Azərbaycan Marşı"nı mükəmməl hala gətirmişdir. Üzeyir bəyin yaradıcılıq ənənələrini qorumaqla, ustadın ruhunun hiss edərək, dövrün abu-havasını, bütün ziddiyyətlərini, millətin sarsılmaz mübarizə əzmini, azadlıq eşqini yüksək peşəkarlıqla əks etdirən Aydın Azimin təqdimatında və redaktəsində "Azərbaycan Marşı"nın əzəməti və möhtəşəmliyi hər kəsi, istər vətəndaşlarımızı, istərsə də xarici dinləyiciləri heyrətə gətirir.
Aydın Azimlə "Azərbaycan Marşı" üzərində necə işlədiyini, hansı prinsipləri əsas götürdüyünü, istifadə etdiyi üsullar haqqında geniş, ətraflı müsahibəni araşdırmanın son bölümündə oxuculara təqdim edəcəyəm. İstər musiqi tarixi baxımından, istərsə də sənətşünaslıq baxımından onun olduqca maraqll fikirlərini diqqətinizə çatdıracağam.
Qeyd etdiyim kimi, "Azərbaycan Marşı"nın qorunaraq günümüzə qədər gəlib çatmasında ən böyük hadisələrdən daha biri yenə də 1965-ci ildə baş tutdu. Görkəmli Türk musiqişünası Etem Ruhi Üngörün "Türk Marşları" kitabı Ankarada Türk Kültürü Araşdırma İnstitutunun 1965-ci il 11-ci sayında nəşr olundu.
Etem Üngörün "Türk Marşları" kitabında Üzeyir bəy Hacıbəylinin iki marşı, qısa tərcümeyi-halı və qrafika üsulu ilə çəkilmiş şəkli verilmişdir. Bu nəşrin tarixi əhəmiyyəti ondan ibarət idi ki, ilk dəfə olaraq Üzeyir Hacıbəylinin "Milli Marş" və "Azərbaycan Marşı"nın həm notları və həm də mətni dərc edilmişdir. Bununla da görkəmli musiqişünas-alim Etem Üngör Üzeyir bəyin vətəndə çoxlarına məlum olmayan əsərlərini tarixdə qorunub saxlanması üçün misilsiz xidmət göstərmişdir.
Qeyd etməliyəm ki, musiqişünas Etem Üngörün "Türk Marşları" kitabında verilmiş Üzeyir bəy Hacıbəylinin iki marşının notları bəstəkarın öz əlyazmasından köçürüldüyü şübhə doğurmur. Münhendə AzadlıqRadiosunun efirində səslənən versiyadan fərqli olaraq "Türk Marşları" kitabında əsərlər daha mükəmməl, bitkin və məntiqlidir. Yəni, yaddaşlardan kağıza köçürülməyib. Əgər Etem Üngör də kitabında çap etdirdiyi marşları kimdənsə eşidib qələmə alsaydı, bu qədər dəqiqliklə alına bilməzdi. Necəki, AzadlıqRadiosunda ritmik və melodik təhriflərə yol verilmişdi, burda da bəzi təhriflərə yol verilə bilərdi. "Türk Marşları" kitabında melodiya, ölçü, tonallıq dəqiqliklə verildiyindən bu əsərlərin bəstəkarın əlyazmalırından köçürüldüyü qənaətinə gəlmək mümkündür.
Kitabda Üzeyir Haııbəylinin həyat və yaradıcılığı haqqında yazılıb:
"Üzeyir Hacıbəyli
(1885-1945 =63)
Azərbaycanın ən böyük bəstəkarı Üzeyir Hacıbəyli; Qarabağın Şuşa ilcəsində 18 Eylül (sentyabr) 1885-də dünyaya gəlmişdir. İlk təhsilini orada görmüş, sonra Tiflis cıvarında bulunan Qori Müəllimlər Məktəbində oxumuş və 1904-də buradan məzun olmuşdur.
1905 yılından etibarən başkent Bakıda milli mətbuatda çalışmaya başlamışdır. Yazı həyatında sadə və nükteli (hazırcavab) yazıları ilə dərhal tanınmışdır. Fəqət onun əsil şöhrəti musiqidə olmuşdur. Hələ seminerde ikən musiqi həvəs və qabiliyyətini çalışdırmaya başlarkən not öyrənmiş və bəzi xalq türkülərini nota almışdır.
Bir yandan musiqi yazıları yazarkən bir yandan da bəstə dənəmələrinə (sınaqlara) başlamışdır. 1907-də Füzulinin "Leyla-Məcnun"unu opera olaraq besteledi. Bu əsəri onun bütün Türk aləmində tanınmasını sağladığı (təmin etdiyi) kimi Azərbaycan opera səhnəsinin də təməlini sağlamlaşdırmış oldu. Bu başarı gənc bəstəkarı yeni əsərlər yaratmaya təşviq etmişdir.
Çeşidli əsərləri arasında bunlar zikr edilə bilir; sıra ilə bu 7 opera: "Leyla və Məcnun" (1907), "Şeyx Sənan" (1909), "Rüstəm və Zöhrab" (1910), "Şah Abbas və Xurşidbanu" (1912), "Əsli və Kərəm" (1912), "Leyla və Harun" (1915). Üç musiqili komediya: "Ər və Arvad" (Karı ve Koca), "O olmasın bu olsun", ("Meşti İbat" (1910), "Arşın Mal Alan" (1913). Ayrıca 4 mənzum pyes, xalq musiqi alətləri ilə çalınan 2 fantaziya və kantatalar.
Milli Azərbaycan Hökuməti zamanında (1920) "Azərbaycan Milli Marşı"nı bəstələmişdir.
Üzeyirin bu çalışmaları digər dəyərli bəstəkarların da bu yolda əsərlər verməsini sağlamışdır (təmin etmişdir). Bunlardan ən önəmlisi Müslüm Maqomaydır.
Daha sonra Azərbaycan Musiqi Məktəbini qurdu. 1927-də Azərbaycan Dövlət Konservatoriyasının rektoru oldu.
Xalq musiqisinə diqqət yetirərək, xarakterik alətlər olan Tar və Kamançalardan ibarət orkestrlər yaratdı. Bu orkestrlərdə çalınmaq üçün xalq musiqisi motivləri üzərine bəstələr yapdı fəqət nə yazıq ki, bunlar xarakterik səslər atılaraq temperaman üzərinə qurulmuş əsərlər olduğu üçün tam dəyərini bulamamışdır.
Qurduğu yüz nəfərlik korolara (xor) əsərlərini oxutmuşdur. Daha sonra da "Azərbaycan Kompozitorlar Birliği"nin (Bəstəkarlar ittifaqı) başına gətirildi.
Son zamanlarda "Azərbaycan Xalq Musiqisinin Əsasları" və "Azərbaycan Musiqi Tarixi" adlı əsərlərini meydana gətirmişdir.
Çeşitli müzik alanlarında (musiqi sahələrində) fəaliyyət göstərən bəstəkar çeşitli xarakterli marşlar da bəstələmişdir.
23 Kasım (noyabr) 1948-də Bakıda vəfat etmişdir."
(Etem Üngör. Türk Marşları. Ankara, 1965. səh. 151)
Etem Üngörün Üzeyir bəy Hacıbəyli haqqında qısa təqdimatında bəstəkarın 7 operasının olması qeyd olunsa da, 6 operanın adı çəkilir. Nədənsə müəllif Üzeyir bəyin şah əsəri olan "Koroğlu" operasını qeyd etməmişdir. "Koroğlu" operasından başqa bəstəkarın iki qəzəl-romansını-"Sənsiz" və "Sevgili canan" qəzəllərini, "Aşıqsayağı", "Arazbarı" və s. kamera janrında olan əsərləri haqqında da məlumat verməyi unutmuşdur...
Musiqişünas-alim Etem Üngör
Təqdimatda Etem Üngör daha sonra "Milli Azərbaycan Hökuməti zamanında (1920) "Azərbaycan Milli Marşı"nın yazıldığını qeyd edir.
Daha sonra "Türk Marşları" kitabının 193 və 194-cü səhifələrində Üzeyir bəy Hacıbəylinin iki marşı, "Azərbaycan Milli Marşı" və "Azərbaycan Marşı" verilmişdir. Marşların notları mətnləri altında Etem Üngör qeydlərini də əlavə etmişdir. "Azərbaycan Milli Marşı"na aiq olan qeydlər bunlardır:
"Milli Azərbaycan Xalq Maarif Naziri, Nəsib Yüsifbəyli; zamanın hökumətindən yazılı olaraq tələb etdiyi xüsuslardan bəziləri bunıardır:
"Azərbaycan Milli Marşının" tənzim və seçimi üçün bir konkurs açılmalıdır. Marşların son qəbul tarixi üçün 1 Şubat (fevral) 1920 günü münasibdir.
Seçiləcək olan münasib marşın bəstəkarını 1500 ruble (Manat) ilə mükafatlandırmalı...
(ardı var)