
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli
III Yazı
Biz görürük ki, bir tərəfdən müxtəlif dini inanclar (İslam, Buddizm, Xristian, İudaizm və b.), digər tərəfdən dünyada hökmranlıq edən “Qərb mədəniyyəti” Turan-Türk xalqlarının milli düşüncə sistemini xeyli sarsıtmışdır. Bu anlamda çıxış yolu olaraq Turan-Türk xalqları mövcud dini inanclarını (İslamlıq, Xristianlıq, Şamanizm, Buddizm və b.) qoruyub saxlamaqla, Qərb mədəniyyətini mənimsəməklə yanaşı, eyni zamanda milli varlığını, milli törələrini da unutmamalıdırlar. Hindlilər Hinduizm mədəniyyətinin, Yəhudilər İudeya-İsrail mədəniyyətinin, Farslar Arian-Əhəmən-Sasani (İran) mədəniyyətinin, Avropalılar Yunan-Roma mədəniyyətinin nisgilini yaşayaraq, özlərini yenidən ifadə etməyə çalışdıqları bir zamanda Türk-Turan xalqlarının Şumer, Qut, Turukki, İskit-Oğuz, Hun, Midiya, Göktürk, Xəzər, Səlçuqlar və başqa dövlətlərimizin dövrlərindəki mədəniyyətləri necə ümumiləşdirməsi məsələsinə həll tapılmalıdır.[1]
Ərəstun Həbibbəyli doğru yazır ki, Türk sivilizasiyası qədim tarixi köklərə malik olub, özünün inkişaf yolunda bir neçə mərhələ yaşamış və mövcudiyyətini qoruyub saxlamaqda olan sivilizasiyalara aiddir.[2] Onun fikrincə, tarixin müxtəlif zamanlarında və hətta bəzən eyni zaman periodunda Türk sivilizasiyası bir neçə mərkəzi güc üzərində qurulmuşdur: “Məsələn, birinci nəsil sivilizasiyalar dövründə Ön Asiyada və Uzaq Şərqdə Türk sivilizasiyalarının izlərinə rast gəlinir. Sonrakı mərhələlərdə Osmanlı, Səfəvi, Misir Məmlük sultanlığı, Böyük Moğol imperiyasının timsalında Türk sivilizasiyasının güc mərkəzləri artmışdır. Ümumiyyətlə, çoxqütblülük Türk sivilizasiyasının zəngin mədəniyyətinin və çoxminillik aramsız dövlətçilik tarixinin əsas səbəblərindən biridir”.[3]
Ə.Həbibbəyli onu da doğru qeyd edir ki, dünya sivilizasiyaları sahəsini tədqiq edən Qərb alimləri arasında istər sivilizasiyaşünaslar, istərsə geopolitiklər sivilizasiyaları təsnifləşdirərkən heç bir halda Türk sivilizasiyasını ayrıca bir sivilizasiya olaraq nəzərdən keçirməmişlər: “Nə Samuel Hantinqtonda, nə Arnold Toynbidə, nə Frensis Fukuyamada Türk sivilizasiyası anlayışına müstəqil bir sivilizasiya növü kimi rast gəlmirik. Bunun səbəblərini isə Qərb sivilizoloqlarının qeyri-elmi, qərəzli mövqelərində axtarmaq lazımdır. Məlumdur ki, sivilizasiya məfhumuna elmi yanaşma ilk dəfə Avropada başlamışdır və hazırda da bu sahə ilə daha çox Qərb ölkələrinin alimləri məşğul olurlar. Onlar isə tarixin ən qədim dövründən günümüzədək maddi-mənəvi özünəməxsusluğunu qoruyub saxlamış Türk sivilizasiyasını görməzlikdən gəlir, yaxud bu fenomenə qısqanc yanaşırlar. Halbuki, Türk sivilizasiyası tarixdə nəsildəyişmə mərhələlərindən öz seçkinliyini qoruyub saxlayaraq keçən azsaylı sivilizasiya tiplərindəndir. Belə ki, məlum olduğu kimi, hazırda sivilizasiyaların təsnifatında əsas kriteriya olaraq nəsil (zaman) dəyişikliyinə üstünlük verilir. Arnold Toynbi, Samuel Hantinqton, Elvin Toffler kimi sivilizoloqlar üç və ya dörd nəsil sivilizasiya müəyyən etmişlər və bu təsnifatlarda heç zaman Türk sivilizasiyasına müstəqil element kimi baxılmasına rast gəlmirik. Əslində isə Türk sivilizasiyası çox nadir sivilizasiya tiplərindəndir ki, həm birinci nəsil (Qədim Misir, Şumer, Çin, Hind və s.), həm də sonuncu nəsil (sənayedən sonrakı) sivilizasiya tipləri ilə bərabər mövcud olmuşdur və hələ də öz varlığını qoruyub saxlayır”.[4]
Rahid Uluselin təsnifatında isə Türk sivilizasiyası İslam, Yapon, Çin, Hind, eyni zamanda Afrika və Okeaniya sivilizasiyaları ilə bərabər hazırkı dünya sivilizasiyasının Şərq qrupunu təşkil edir.[5]
Biz də qətiyyən şübhə etmirik ki, bu gün dünyada tarixi dəqiq bilinməyən, ya da çox az bilinən dövlətlərin və mədəniyyətlərin mahiyyətində ən çox Türk-Turan sivilizasiyasının damğası, ya da birbaşa özü var. Bunu, biz türklərdən çox Avropa alimlərin daha yaxşı bilməsi qənaətindəyik. Ən azı ona görə ki, Turan sivilizasiyasına aid yazılı, ya da maddi abidələr də bizlərdən çox Qərb alimlərinin əllərindədir. Bu gün dünya tarixini, dünya sivilizasiyalarını müəyyənləşdirən Qərb elmi olduğu üçün, ancaq oradan gələn bir fikrə möhtac qalmışıq. Qərb alimləri də dünya elmində nəinki bir mədəniyyət olaraq Türk sivilizasiyasını qəbul etmək niyyətləri var[6] hətta, onun “gənc” və “barbar” olması iddiasında qalmaqdadırlar. Bu anlamda heç bir ciddi əsas olmadan Şumer, Midiya mədəniyyəti də, tarixi də Hind-Avropa mədəniyyətinin, ya da Arilərin adına çıxılır. Halbuki Qərb mədəniyyəti öz başlanğıcını Şumer və Misirdən götürmşüdür.[7] Ancaq Avropa/Qərb alimlərinə inansaq dünyada ilk mədəniyyətin, ilk təktanrılıq ideyasının müəllifləri də Hind-Avropa mədəniyyətinin daşıyıcıları, yəni Arilərdir (Avropalılar, İranlılar, Hindlilər və b.). Onlar ilk mədəniyyət, ilk təktanrıçılıq ideyalarının başlanğıcı məsələlərində də özlərinə az-çox rəqib kimi Samiləri (Yəhudiləri, Ərəbləri və b.) görürlər.
“Avropamərkəzçilər”in ən əski mifoloji, dini və sivil mədəniyyətin, bir sözlə qədim sivilizasiyaların kökünü əsasən Arilikdə, qismən də Samilikdə axtarılması heç də təsadüfi olmamışdır. Bizcə, kökü daha qədimlərə gedib çıxan, ancaq “Avropamərkəzçilər” tərəfindən qismən XVIII əsrdə, əsasən isə XIX əsrin başlarından ortayan çıxarılan ideologiyanın tərkib hissəsi kimi Arilik və Samilik məqsədli şəkildə ortaya atılmışdır. Onların əsas hədəfi də bir tərəfdən tarixin dərinliklərinin içindən Avropa mədəniyyətini, Avropa sivilizasiyasını “kəşf” etmək, bununla da Qərb sivilizasiyasını əsaslandırmaq olmuşdursa, digər tərəfdən Yəhudiləri (Akkad, Assuriya), Ərəbləri (Ərəb Xilafəti) və Farsları (Əhəmənlər və Sasanlar) əski mədəniyyətin sahibləri kimi oyadaraq Türk-Turanın ruhunu az da olsa, yaşadan Qacarları və Osmanlını devirmək olmuşdur. Deməli, “Avropamərkəzçilər” Samilik və Ariliyi gündəmə gətirməklə yalnız Qərb sivilizasiyasının mahiyyətini əsaslandırmağı deyil, bununla yanaşı Osmanlının hakimiyyəti altında yaşayan Ərəblər və Yəhudilər arasında uyğun olaraq Vəhabiliyi, Sələfiliyi, Yəhudiliyi Qacarların nüfuz dairəsində olan Farslar və digər farsdillilər arasında isə Zərdüştlüyü, Ariliyi təbliğ etmək olmuşdur. Burada “Avropamərkəzçilər”in əsas məqsədi öz maraqlarına uyğun olaraq Osmanlı və Qacarların hakimiyyəti altında yaşayan ərəblərin, yəhudilərin, farsların, ermənilərin mədəni, sivil və qədim bir xalqlar olduğu halda, amma onların idarə edən Türklərin vəhşi, barbar və mədəniyyətsiz xalq olduğunu təbliğ etməyə çalışmışlar. Təsadüfi deyil ki, “Avropamərkəzçilər”in Osmanlıda apardığı bu siyasət nəticəsində ilk öncə Ərəblər (Səudiyyə Ərəbistanı) öz dövlətlərini yaratmış, “İran”da isə Qacarlar devrilərək (1925) onların yerinə farsyönlü Pəhləvilər gətirilmişdir.[8]
İlk Turan-Türk imperiyasının nə zaman mövcudluğu ilə bağlı müxtəlif fikirlər mövcudur. Onun tarixini m.ö. IV-II minilliklərə, bəzən də daha qədim dövrlərə aparıb çıxaranlar da, eyni zamanda belə bir imperiyanın miladdan öncə I minillikdə görənlər də var. Buna səbəb də, Turan imperiyasının varlığına yanaşmalarda dünya alimlərinin əksəriyyətinin elmi obyektivlikdən çox subyektivliyə yol vermələridir. Şübhəsiz, bu subyektivliyin arxasında da özəlliklə Qərb alimlərinin iranlıların/farsların “qara qaşlarına, ala gözlərinə aşiq olması” deyil, daha çox qərbçi, yəni antitürk/antiislam maraqları önəmli rol oynamışdır. Ona görə də, bir neçə Qərb alimini çıxmaq şərtiylə çoxu Turan İmperiyasının, o cümlədən türklərin tarixini bacardıqları qədər gəncləşdiməyə, bu da mümkün olmadığı halda Turanlıları Türklərdən ayırıb onu Hind-Avropa mənşəli iranlıların aşağı budağı elan etməyə çalışmışlar.
Turan imperiyasının ya da Turan mədəniyyətinin varlığı ilə bağlı fikirlərin yenidən gündəmə gəlməsi də, əslində İran/Ariya ideyasının dirçəldilməsi zəminində, istər-istəməz ortaya çıxmışdır. Bu baxımdan XIX əsrdən etibarən Avropa alimlərinin çoxunun Qacarlar dövlətinin ərazisini “Persiya” ya da “İran” kimi adlandırması, bu zaman da “İran imperiyasını” qədimləşdirmək adına onun Turan İmperiyasıyla üz-üzə qoyulması sırf “Avropamərkəzçi” ideya olmuşdur. Çünki iranlıların/aryanların ən əski tarixində iki millətlə: Turanlılar və Samilərlə böyük müharibələr olmuşdur. Bu da bir faktdır ki, iranlılar Ön Asiyaya və Orta Asiyaya gələndə ilk böyük qarşıdurmaları Samilərlə deyil, Turanlılarla olmuşdur. Bu anlamda Qərb alimlərinin İran-Sami deyil, İran-Turan problemini daha çox gündəmə gətirmələri başa düşüləndir. Çünki ən əski dövrlərə baxanda iranlıların varlığını ortaya qoyan məhz turanlılar olmuşdur. Bu, ariyanların ən qədim kitabı hesab olunan “Avesta”da, eləcə də onun Orta əsrlərdə davamı olan “Şahnamə”lərdə də öz əksini tapmışdır ki, həmin kitabların ortaya çıxması İran-Turan probleminin yenidən gündəmə gəlməsində mühüm rol oynamışdır.[9]
[1] Ələkbərli Faiq. Turan sivilizasiyasına giriş: Turan məfkurəsi və Tanrıçılıq. Bakı, “Elm və təhsil”, 2021, s.9-10
[2] Həbibbəyli Ərəstun. Sivilizasiyaların kəsişməsində Türk dünyası. Bakı, Elm və təhsil, 2011, s.11
[3] Yenə orada, s.25-26
[4] Yenə orada, s.32-33
[5] Ulusel Rahid. Qloballaşma və Türk Sivilizasiyası. Bakı, Çaşıoğlu, 2005, s.240