Maaş və pensiyalar artacaq: Kommunal qiymətlər də bahalaşacaq? - ŞƏRH


Son günlər 2027-ci ildən minimum əməkhaqqının 450 manata, pensiyaların isə artırılacağı ilə bağlı məlumatlar yayılır. Əhalini isə gəlirlərin artımı ilə yanaşı, bu dəyişikliklərin ərzaq və kommunal xidmətlərin qiymətlərinə necə təsir edəcəyi maraqlandırır.

Əvvəlki illərdə əməkhaqqı və pensiyaların artımı fonunda ərzaq və bəzi xidmətlərin qiymətlərində də bahalaşmalar müşahidə olunub. Bu səbəbdən əsas sual budur: 2027-ci ildə gəlirlərin artırılması yenidən qiymət artımına səbəb ola bilərmi və nəticədə vətəndaşların real gəlirləri necə dəyişəcək?

Turkustan.az bununla bağlı sualları iqtisadçı- ekspert Günay Hüseynovaya ünvanladı.

Günay Hüseynova:

Günay Hüseynova

Vətəndaşları maraqlandıran əsas məsələ əməkhaqqının və ərzaq qiymətlərinin artmasından daha çox, bu iki göstərici arasındakı balansın qorunmasıdır.

Məsələn, faiz nisbəti baxımından ərzaq, mal və xidmətlərin qiymət artımı əməkhaqqındakı artımı üstələyərsə, xərclərin yüksəlməsi gəlir-xərc balansını poza bilər.

Mal və xidmətlərin qiymətlərində artım şübhəsiz ki, gözlənilir. Əksər hallarda bu cür qiymət artımları bir ay əvvəldən başlayır. Həm yeni ilin gəlişi, həm də əməkhaqqının artırılması bazarda və marketlərdə qiymətlərə təsir göstərə bilər.

Kommunal xidmətlərin tariflərinə gəlincə, burada vəziyyət bir qədər fərqlidir. Elektrik enerjisi, qaz və su tarifləri birbaşa minimum əməkhaqqının artımından asılı deyil. Bu sahədə əsas amillər tarif siyasəti, xidmətlərin maya dəyəri və dövlətin tənzimləmə qərarlarıdır.

Ona görə də minimum əməkhaqqının 450 manata çatdırılması öz-özlüyündə kommunal tariflərin artırılmasına səbəb olmamalıdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ