Litva parlamentinin ölkədə nüvə silahlarının yerləşdirilməsinə və xarici hərbi bazaların yaradılmasına qoyulan konstitusion qadağanın aradan qaldırılmasını nəzərdə tutan düzəlişi birinci oxunuşda təsdiqləməsi Rusiyanın reaksiyasına səbəb olub.
Turkustan.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Litvada nüvə silahlarının yerləşdirilməsi ehtimalının və ABŞ hərbi infrastrukturunun Rusiyanın sərhədlərinə yaxınlaşmasının Avropada gərginliyi artıracağını bildirib.
Jurnalistlərin Litvanın konstitusiya dəyişiklikləri və ABŞ Prezidenti Donald Trampın ölkədə daimi Amerika hərbi bazası yaratmaq istəyi ilə bağlı suallarını cavablandıran Peskov bu addımların Avropada sabitliyə mənfi təsir göstərəcəyini deyib.
“NATO-da faktiki olaraq aparıcı ölkə olan ABŞ-ın hərbi infrastrukturu sərhədlərimizə yaxınlaşırsa, bu, əlbəttə ki, gərginliyi artırmağa yönəlmiş addımdan başqa bir şey kimi qəbul edilə bilməz. Eyni şey qonşu dövlətin ərazisində nüvə silahlarının yerləşdirilməsi üçün də keçərlidir. Bu hadisələrin heç biri Avropa qitəsində sabitliyə və proqnozlaşdırıla bilənliyə töhfə verməyəcək; əksinə, onlar gərginliyi əhəmiyyətli dərəcədə artıracaq”, – deyə, Peskov bildirib.
Aytən Yaşar/ Turkustan.az