İŞIQLI ATALI
İnsanın özünü anlaması fəlsəfənin ən dərin sorularından biridir, əslində əsasıdır. İnsan olduğu durumu aşmaq, dəyişmək, ruhsal (insani) imkanlarını üzə çıxarmaq, yetkin varlıq səviyyəsinə yüksəlmək gücünə malikdir. Buna görə yaradıcı, düşünən insanın ömründə “Mən kiməm?”lə yanaşı, “Mən kim olmalıyam?” da mühüm yer tutur. Yəni insanın kim, hansı durumda olmasını bilməklə yanaşı kim olmalı olduğunu bilməsi, istəyini gerçəkləşdirməsi onun aqibətininə yiyəliyinin ifadəsi olur. İnam Atanın (Asif Atanın) Mütləqə İnam Fəlsəfəsi İnsana məhz bu baxımdan yanaşır: İnsan əslində özünü anlayan, dəyişməyi bacaran, bir sözlə, yaradan ruhsal varlıqdır.
Mütləqə İnam Fəlsəfəsində Şərqilik ümumi şəkildə yalnız Şərqə məxsusluq deyil; İnsanın Özünə qayıtması, ruhsalllıq imkanına yetməsi, İnam Atanın Mütləq ölçüsü ilə yaşaması, İnsanlaşaraq Bəşəriliyə yüksəlməsidir. Şərqliliyin mahiyyəti Özümlükdür. Məqsəd İnsanlaşmaq, İnsanlaşdırmaqdır.
Bu baxımdan Mütləqə İnam və Şərqlilik anlayışları ulusal-ruhsal ölçüdə anlaşılsa, onun bəşəriliyi də dərk olunar. Mütləqə İnam İnsana özünü anlamaq, yenidən yaratmaq, var olmaq imkanı verir; Şərqilik bu ruhsal yolun ulusal və bəşəri yönünü müəyyənləşdirməkdə ciddi rol oynayır. Təbiidir ki, Mütləqə İnamın işığında Şərqilik olayına aydın baxa, Şərqin sabahını İnamla işıqlandıra bilirik.
Özünüdərketmə. Mütləqə İnam Fəlsəfəsində Özünüdərketmə əsas məsələdir. İnsan özünü yalnız gerçək, yəni görünən, ona bəlli olan şəxsi xüsusiyyətləri, bacarıqları, istəkləri, toplumdakı yeri ilə tanıya bilməz. Əsl özünüdərk insanın öz varlığının mənasını, ruhsal imkanlarını, həyatının yönünü, hansı ölçüyə doğru yüksəlməli olduğunu anlamasıdır.
Özünü bilmək burada seyrçi bilik deyil. İnsan özündə nə olduğunu gördükcə, nə ola biləcəyini də düşünür. Buna görə özünü tanımaq özündən razı qalmaq deyil, özündən tələb etməkdir. İnsan özündəki qorxunu, həsədi, köləni, vəhşini, məncilliyi və s. naqislikləri gördükcə onlara təslim olmamağın yolunu axtarır. Minillərdən bəri bəşərin özünü öyrənməsi ənənəsi davam edir. Ancaq bənzərsiz mədəniyyət örnəkləri yaransa da hələ ki, insan sözün böyük mənasında xoşbəxt ola bilməyib.
İnsanın özünü anlaması ilə özünü yaratması arasında sıx bağlılıq vardır. Özünü tanımayan insan özündəki imkanları və naqislikləri də tam görə bilmir. Bundan ötrü insanın özündəki naqislikləri bilməsi, tanıması gərəkdir. Ata Fəlsəfəsində bu, özünü tanıma mərhələsi adlanır. İkinci mərhələ özündəki nöqsanlarla yağılaşma mərhələsi adlanır. Üçüncü mərhələ isə özüylə doğmalaşmadır. Ancaq bu, çətin ruhsal proses olub, İnsanın İnam, İdrak, Mənəviyyat, İradə imkanlarını tam aşkarlamasını tələb edir.
Gerçəklik və İdeal təzadı. Həyat yalnız Gerçəkliyin üzəvari dərkindən ibarət deyil, onu tam, hərtərəfli anlamadan var olmaq mümkün deyil. İnsan mövcud halı ilə kifayətlənmir; daha yaxşı, daha doğru, daha gözəl və daha kamil həyata can atır. Anlayır ki, həyat İdealdan aşağıdır, əskikdir, gerçəklik ötəri, keçici olaylarla doludur, insanlığı az təsdiq edir. İdeal isə olması gərəkənin ölçüsüdür, gerçəklikdən artıq, yüksəkdir. Gerçəklikdə Xeyir, Gözəllik və Kamillik müxtəlif biçimlərdə görünür, ancaq görünən yaxşılıqlar, gözəlliklər, fədakarlıqlar Mütləq ölçüyə çata bilmir. Şübhəsiz, həyatdakı bu və ya başqa fədakar, təmənnasız əməllərdə özündənkeçmə nişanələri də olur, var, ancaq məqsəd Mütləqilik ölçüsünə uyğun yaşamaq olmalıdır. Bu olarsa, o zaman insanların bir-birlərinə yanaşması da atüstü olmaz. İnsan anlayar ki, özünü bilmək, anlamaq, var omaq başqasının da var olmasına təkandır, örnəklikdir. Sadə dillə desək, var olan əslində var edir.
Mütləqilik ölçüsü İnsandan İdeallıq istəyir, İnsanın Mütləqliyinə, var olacağına inamı onun gerçəkliyi aşmasına nədən yaradır. İnsan “Həyat belədir” deməklə kifayətlənmədikdə “Həyat necə olmalıdır?” sualını verir. Bu sual İnsanı Gerçəklikdən İdeala doğru yönəldir. Buna görə hər istək İdeal sayıla bilməz. Var-dövlət, şöhrət, cəmiyyətin verdiyi üstünlüklər, rahatlıq insan həyatında yer tuta bilər, ancaq bunlar Mütləqə İnam ölçüsü baxımından İnsanı ucaldan ölçülər deyil. Əsl yüksəliş (tərəqqi) insanın nə qədər çox maddiyyata yiyə olması ilə deyil, özündə hansı ölçüdə İnsaniliyi yaratması ilə ölçülməlidir.
Şərq–Qərb problemi: Özün və Özgə. İnam Atanın (Asif Atanın) Şərq–Qərb yönündə düşüncəsi bu baxımdan ayrıca diqqət çəkir. Burada məsələ Qərbi bütünlüklə danmaq və ya Şərqi bütünlüklə idealizə etmək deyil. Əsas qayğı İnsanın və toplumun öz ölçüsünü itirməsidir. Başqasından öyrənmək var, habelə başqasına çevrilmək var. Şərq son yüzillərdə ardıcıl olaraq Qərbdən öyrənir, bu, Şərqin hər mənada asılılığına gətirib çıxardı. Bir toplum özünü başqasının ölçüsü ilə qiymətləndirməyə başladıqda özgələşmə yaranır. Mahiyyətcə Şərq–Qərb məsələsinin kökündə coğrafi qarşıdurmadan çox Öz və Özgə münasibəti dayanır. Özünü Özgənin gözü ilə görən toplum zaman keçdikcə öz dilinə, tarixinə, yaddaşına da kənardan baxmağa başlayır. Buna görə Şərqiliyin ilkin şərtlərindən biri ulusal özümlüyün ölçüsünü yaratmaq və qorumaqdır. İnam Ata Azərbaycanın ulusal dəyər ölçüsünü yaradıb, Mütləqə İnam Dünyabaxışı ilə varlığımızı təsdiq etməyin yolunu göstərib: İnsanın Mütləqə yetməsi – Kamilləşməsi, ömrünü İnsanlıq əsasında qurması, var olması.
Özümlülük və Özüylədöyüş. Özümlüyü aşkarlamaq, bu əsasda yaşamaq dünyadan üz çevirmək, başqa uluslardan uzaqlaşmaq, keçmişə qapanmaq deyil. Əksinə, insani özüldə var olduğun dərəcədə ulusallığının insani gərəkliyini Bəşərə sunmaqdır. Ulusal Özümlük – Bəşərin əlvanlığını təsdiq edir. Özümlük - özünü bildiyin dərəcədə, gərək olduqda təcridə dözdüyün dərəcədə həm də dünyaya açılmaqdır. Bu həm də dünyaya özgür yanaşma deməkdir. Bir var dünyadan var olmağın üçün ideya istəyəsən, yəni asılı olasan, bir də var insani-ulusal süfrənlə dünyaya açıq olasan. Özgürlük - dünyanın var olmasına ərdəmli xidmətdir həm də. Əksinə, eyniləşmə fəlakəti dünyanın əlvanlığına, inkişafına qarşıdır. Özümlüyə əsaslanan İnsan nəyi qəbul edəcəyini, nəyi dəyişəcəyini və nədən imtina edəcəyini daha aydın seçə bilir. Burda Mütləqə İnam Fəlsəfəsi baxımından bir ölçü diqqəti çəkir: Yalnız İnsanlığa uyğun olan gərəklidir.
Özümlülüyün başlanğıcı Özünüdərketmədir. İnsan özünü anlamadan öz yolunu müəyyənləşdirə bilməz. Öz yolunu müəyyənləşdirməyən isə başqasının yolu ilə getmək təhlükəsi, məcburiyyəti qarşısında qalır.
Özünü dəyişməyin, var olmağın əsas yolu Özüylədöyüşdür. Özüylədöyüş insanın özündəki naqisliyə qarşı barışmaz olmasıdır. İnsan öz qüsurunu gizlətməməli, başqasının boynuna atmamalı, ona bəraət qazandırmamalıdır. İnsanlaşma bu baxımdan hazır durum deyil. İnsan hər mərhələdə özünə yenidən baxır, özü qarşısında yeni tələblər qoyur, özündə-içində yeni imkanlar axtarır. Bu, ardıcıl ruhsal yüksəlişin içində olmaqdır.
İNAM ATANIN (ASİF ATANIN) İNSANLAŞMA ÖLÇÜSÜ. Mütləqə İnam bu İnsani yüksəlişin ölçüsüdür. İnam İnsanın düşüncəsinə, davranışına, yaşayışına yön verən ruhsal yanaşmadır. İnsan hansı ölçü ilə yaşayacağını bilmədikdə özünü dəyişməsi də təsadüfi xarakter daşıya bilər. Mütləqə İnam İnsana mütləq ölçü verir. İnsan İnam Atanın ölçüsü ilə yaşadıqca özünü dərk edir, öz üzərində ardıcıl işləyir, İnsanlaşır, kamilləşir. İnam Atanın ölçüsü ilə yaşamaq hazır bir qəlibə uyğunlaşmaq deyil. Bu, İnsanilik, Ədalət, Həqiqət, Xeyir, Gözəllik əsasında yaşamaq, Kamilliyə yetməklə Özümlüyü təsdiq etmək, Bəşərilik ölçüsünə layiqliyi öz yaşamında gerçəkləşdirməkdir. İnamın həqiqi dəyəri onun sözü əmələ, düşüncəni xeyirli, insani davranışa, İdealı örnəkli yaşama çevirməsindədir. Bu mənada İnsan İnam Atanın ölçüsü ilə yaşayıb var ola, özünü ucalda və kamilləşə bilər.
Şərqin ruhsallığına dönüş imkanı var. İnamın İnsana verdiyi əsas imkanlardan biri də özünü yalnız mövcud vəziyyətlə məhdudlaşdırmamaqdır. İnsan özündə Mütləqə yönəlmək gücü olduğunu dərk etdikcə daha yüksək yaşamaq gərəkliyi duyur. Bu gərəklik insanı özünə qayıtmağa çağırır. ŞƏRQIN ÖZÜNƏ QAYITMASI da məhz belə anlaşılmalıdır. Qayıtmaq keçmişin zahiri (üzəvari) biçimlərini olduğu kimi bərpa etmək deyil; ruhsal özümlüyünü yaratmaq, artırmaq, zamandan üstün olmaqdır. Zərdüşt düşüncəsinin ömrə gəlişi (Xeyirxah söz, Xeyirxah fikir, Xeyirxah əməl), Babək yenilməzliyini duymaq, sufiliyin, hürufiliyin mayasındakı insanlıq çağırışlarını, ümumən klassik Şərq düşüncəsi və sənətini ömürləşdirmək, ulusal dəyərlərimiz üstə köklənmək Şərqin zəngin yaddaş ənənəsi sırasındadır. O deməkdir ki, Azərbaycan nəinki Türk Dünyasının, habelə Şərqin, Bəşərin zəngin, bənzərsiz, ruhsal (İnsani) sütunlarından biridir. O deməkdir ki, keçmiş yalnız xatırlanmaq üçün deyil, gələcəyi yaratmaq üçün dərk edilməlidir.
Şərqlilik: Özünəqayıdışdan Bəşəriliyə. Şərqilik öz ruhsal qaynaqlarını dərk etmək, özünəməxsusluğunu qorumaqdır, özünə qapanmaq deyil, özünü taparaq Bəşərə örnək olmaqdır. Buna görə Şərqilik Xəlqilik və Bəşərilikdən ayrı düşünülə bilməz. İnsan öncə özünü tanıyır, sonra ulusunun ruhunu, Vətəninin mənasını daha dərindən dərk edir. Bu dərk insanı Bəşərdən ayırmır, əksinə, Bəşəriliyə yönləndirir. Özünü itirərək Bəşəri olmaq mümkün deyil. Özünə yetən İnsan isə uılusunun varlığını qoruyaraq Bəşərə töhfəsini verə bilir. Bu baxımdan Şərqliliyin ruhsal dayağı Özümlük, İnsançılıq, Xəlqilik, Bəşərilikdir.
AZƏRBAYCAN ÖZÜMLÜ ŞƏRQIN ÖRNƏYI OLA BILƏR. Azərbaycan məsələsi Şərqlilik düşüncəsinin mühüm yönlərindən biridir. Azərbaycan türkcəsi, folkloru, aşıq sənəti, muğamı, dastanları, adətləri, tarixi yaddaşı, Vətən duyğusu, ruhsal sərvətləri ilə canlı ulusal olaydır. Bu dəyərlər yalnız qorunmaq üçün deyil, yeni düşüncə, yaradıcılıqla yaşadılmaq üçündür. Ulusal yaddaşın canlı qalması onun yalnız təkrarlanmasından deyil, yeni zamanda yeni məna qazanmasından asılıdır. Azərbaycanın Özümlü Şərqin örnəyi olması dünyadan uzaqlaşmaq anlamına gəlmir, əksinə, öz ruhsal dayağını tapmış, özümlüyünü yaratmış ölkəmizin dünyaya daha güvənli, ümidli, inamlı özünü sunması ola bilər. Bu gediş isə ulusal əsasa dayanmaqla bağlı olub, uzun, çətin bir yol kimi anlaşılmalıdır. Asan yol yoxdur, yalnız çətinlikdən güc alaraq var olmaq mümkündür. Öz ruhsal varlığını dərk edən toplum həm özünü qoruyur, həm də Bəşəriliyə özünəməxsus töhfə verir. Azərbaycan üçün də əsas məsələ özünü başqasının ölçüsü ilə deyil, öz tarixi, ruhsal, İnsanilik ölçüsü ilə dərk etməkdir.
İnsanlaşmaq və İnsanlaşdırmaq. Şərqiliyin əsas məqsədi yalnız özünü qorumaq deyil, İnsanı ucaltmaqdır. Bu baxımdan Mütləqə İnam və Şərqilik anlayışları “BƏŞƏRİN NİCATI İNSANLAŞMAQDADIR. İNSANLAŞIN, İNSANLAŞDIRIN!” kimi uca Harayda birləşir. İnsanlaşmaq həm də İnsanlaşdırmaqdır: bu, o deməkdir ki,İnsan özündə Xeyiri, Gözəlliyi, Ədaləti, Həqiqəti aşkarladıqca ətrafında da yaşadır. Ailədə, dostluqda, yaradıcılıqda, toplumda, Vətən qarşısındakı davranışda İnsaniliyi var etmək İnsanlaşmanın doğal ardıdır. “Özünü tanıdıqca var olursan, həm də var edirsən” fikri bu mənanı ifadə edir: İnsan özünü tanıdıqca ruhsal varlığını yaradır. Özündə qazandığı İnsaniliyi başqasına ötürdükcə yalnız yaşayan deyil, həm də yaşadan varlığa çevrilir. Bu səbəbdən İnsanlaşma fərdi qapanma deyil: İnsan özündə yaratdığı Xeyiri və Gözəlliyi cəmiyyətə daşıdıqda insanlaşdırıcı gücə çevrilir. İnsanın mənəvi yüksəlişi onun ətrafındakı həyatın da dəyişməsinə - İnsanlaşmasına etkisini göstərir.
Özündən Bəşərə. Gerçəklik İdeala tam çata bilmir, ancaq İdeal ardıcıl olaraq Gerçəkliyi dəyişdirir. İnsanların hamısı kamil olmaya bilər, ancaq kamilliyə doğru bacardığı qədər yüksələ bilər. Necə ki, minillərdən bəri Bəşər ardıcıl olaraq ruhsal gözəlliyə, yüksəlişə can atır.
Şərqilik Mütləqə İnama yiyələnib gözüaçıq (gözlü) olmaqdır. Bu baxımdan əsas məsələ yalnız Şərqin Qərbdən fərqlənməsi deyil. Əsas məsələ İnsanın içindəki Özgədən ayrılıb Özünə qayıtması, ruhsal ölçüsünü tapması, həmin ölçü ilə yaşamasıdır. Bu gedişdə Qərbin yüzillərdən bəri Bəşərə verdiyi dəyərli olayları (yaradıcı şəxsiyyətlərinin örnəyində sənət vasitəsilə insanlıq qayğılarının bənzərsiz dilə gətirilməsi, özündən keçənlər…) inkar etmirik. O deməkdir ki, Şərqin özümlüyünə yetmək çabaları Qərbin də insanlıq imkanlarının aşkarlanmasına ciddi etki göstərə bilər. İnam Atanın Mütləqə İnamı Bəşəri yön olmaqla sabah üçün aydın mənəvi yön yaradır.
İnsan özünü tanımalı, özündəki naqisliklə döyüşməli, İnam Atanın ölçüsü ilə yaşamalı, özünü ucaldaraq kamilləşməli, qazandığı İnsanlığı başqalarına da canıyananlıqla yaşatmalıdır. Şərqliliyin ən uca anlamı da burada üzə çıxır: özünü itirmədən Bəşəriliyə qovuşmaq, öz ruhsal qaynağından güc alaraq İnsanlaşmaq və İnsanlaşdırmaq.