“Tez məşhurlaşmaq istəyənlər qışqırıq yolunu seçirlər”


Son vaxtlar media məkanında jurnalist etikası yenidən ciddi müzakirə mövzusuna çevrilib. Bəzi media nümayəndələrinin hadisəni və mövzunu təqdimat forması, eləcə də çıxışları cəmiyyətdə birmənalı qarşılanmır.

Turkustan.az xəbər verir ki, Globalinfo.az-a danışan tanınmış jurnalist Seymur Verdizadə deyib ki, jurnalistikada faktın yerini emosiyaların tutması təəssüf doğurur.

Onun sözlərinə görə, bəzi qələm adamları ortaya arqument qoymaq əvəzinə hücum mövqeyi tutublar:

“Bu, açıq-aşkar qeyri-peşəkarlıqdır. Təəssüf ki, bu gün bəzi jurnalistlər orijinal və obyektiv xəbər yaratmaq əvəzinə, ucuz qalmaqal istehsal etməyi uğur hesab edir, hətta bunu peşəkarlıq kimi qələmə verməyə çalışırlar. Halbuki klassik və dəyişməz bir aksiom var: jurnalistin real gücü səsinin ucalığı və ya bağırtısı, çığırtısı ilə deyil, yazdığı sözün çəkisi, dürüstlüyü və kəsəri ilə ölçülür.

Amma asan yolla tez tanınmaq, sosial şəbəkələrdə sürətlə populyarlaşmaq istəyənlər, təəssüf ki, arqument rəqabəti əvəzinə qışqırıq yolunu tutublar. Bu tendensiya medianın dördüncü hakimiyyət funksiyasını heçə endirir. Etik davranışın, sağlam polemikanın və arqumentli müzakirənin yerini “qaraqışqırığa” vermək, bütövlükdə jurnalistikanı cəmiyyətin gözündə nüfuzdan salır, peşəyə olan ictimai etimadı sarsıdır”.

S.Verdizadə qeyd edib ki, həqiqi media fəaliyyəti reytinq xatirinə manipulyasiya etmək deyil, cəmiyyətin durumunu obyektiv işıqlandırmaqdır:

“Jurnalistika səs-küyün deyil, faktların fəlsəfəsidir. Peşənin nüfuzunu qorumaq üçün rəqəmsal trendlərin arxasınca kor-koranə qaçmaqdan imtina etməli, etik prinsipləri və intellektual müzakirə mədəniyyətini yenidən əsas meyara çevirməliyik”.


MANŞET XƏBƏRLƏRİ