Vəfa Xanoğlan
Azərbaycan Universitetinin müəllimi,
Filologiya üzrə fəlsəfə doktoru,
Sənətşünaslıq elmləri doktoru
Bütün yaradıcılığı boyu istiqlaliyyəti, milli birliyi, doğma yurddaşlarının hüquqlarını müdafiəyə qalxan, Həbib Sahir və Türkiyə-ədəbi-mədəni mühiti mövzusu daha əhatəli və çoxcəhətlidir. Biz burada onun yalnız bəzi məqamlarına toxunmaqla kifayətləndik.
Ədəbi irsi hələ öz sağlığında geniş oxucu məhəbbəti qazanmış Cənubi Azərbaycanın görkəmli şairi Həbib Sahirin zəngin yaradıcılığı zaman keçdikcə daha çox aktuallıq kəsb etməkdədir. Bunun əsas səbəbi şairin əsərlərində qaldırılan problemlərin milli ideallara söykənməsi, xalqın istək və arzularının, azadlıq ideyalarının yüksək sənətkarlıqla ifadə olunmasıdır. 60 illik ədəbi-bədii təcrübəyə malik ustad sənətkarın yaradıcılıq yolu doğma xalqının inqilabi hərəkatı ilə bağlı olmuşdur. “Azadlıq və hürriyyət şairi” kimi tanınan H.Sahir 83 illik mənalı həyatında Səttarxanın, Xiyabaninin başçılığı ilə gedən milli azadlıq hərəkatlarının və sonrakı hadisələrin şahidi, Pişəvərinin başçılığı ilə gedən Azər hərəkatının iştirakçısı olmuşdur. Onun şeirlərində şahlıq dövrünün ziddiyyətləri, haqsızlıq və zülmün, ictimai bərabərsizliyin və ədalətsizliyin şahidi oluruq. Şair doğma vətənin dərdinə, yurddaşlarının arzu və istəklərinə biganə qalmamış, həyatın nəbzini tutaraq xalqı azadlıq mübarizəsinə ruhlandıran şeirlər yazmışdır. Xalq yazıçısı M.Hüseyn, H.Sahir yaradıcılığının bədii xüsusiyyətlərindən bəhs edərək yazırdı: “Azərbaycanın müasir şairləri içərisində Həbib Sahirin də adı hörmətlə yad edilməkdədir. Şübhə yoxdur ki, o, son dərəcə orijinal istedada malik bir şairdir. Sahirdə ən çox nəzəri cəlb edən bir cəhət, hadisələrə olduqca səmimi və həyəcanlı münasibət göstərməsidir. Onun şeirlərində ifadə olunan fikirlər bədii surətlər və bədii təsvirlər yolu ilə ifadə olunur. Şair çalışır ki, bədii lövhələr özü onun amalını oxucunun qəlbinə yaxınlaşdırsın, onda həyəcan oyatsın.” Həbib Sahir Təbrizdə Məhəmmədiyyə mədrəsəsində təhsil alarkən fransız dili və ədəbiyyat müəllimi Tağı Rüfətin vasitəsilə Türkiyədə nəşr olunan “Sərvəti-fünun” və “Rəsmli ay” kimi ədəbi dərgilərlə yaxından tanış olur. Bu dərgilərdə o, Tofiq Fikrətin və Cəlal Sahirin əsərlərini mütaliə edir. Xüsusilə Cəlal Sahirin əsərləri gənc şairin dünyagörüşünə və yaradıcılığına böyük təsir göstərir, hətta onun soyadını özünə təxəllüs götürür.
1924-cü ildə Həbib Sahir İstanbula gedir və orada universitetin coğrafiya fakültəsinə daxil olur. Türkiyə ədəbi mühitinin H. Sahir yaradıcılığının formalaşmasında böyük rolu olmuşdur. İstər tənzimat dövrü ədəbiyyatı nümayəndələrinin (İbrahim Şinasi, Namıq Kamal, Ziya Paşa), istərsə də Türkiyə xalqını zülmə və əsarətə, milli azadlıq mübarizəsinə səfərbər edən Tofiq Fikrətin və böyük şair Nazim Hikmətin inqilabi məzmunlu poeziyası Şahir yaradıcılığının ilham qaynağı olmuşdur. Təhsilini başa vuran H. Şahir “İran Azərbaycanın təbii coğrafiyası” adlı buraxılış işinin xülasəsini görkəmli Azərbaycan alimi və ziyalısı Əhməd Cəfəroğlunun redaktoru olduğu “Azərbaycan yurd bilgisi” jurnalında nəşr etdirir. Qeyd etdiyimiz kimi, o Türkiyədə olarkən Tofiq Fikrət, Yəhya Kamal, Nazim Hikmət kimi tanınmış şairlərin yaradıcılığını dərindən mütaliə edir. “Varlıq” dərgisində dərc etdirdiyi “Azərbaycan ədəbiyyatı tarixinə bir baxış” məqaləsində Cavad Heyət yazırdı: “Şahir qüvvətli bir azəri şairi olmaqla bərabər, Türkiyə ədəbiyyatına da vaqifdir.”
Şairin əsərləri istər Milli hökumət dövrünə qədər və istərsə də ondan sonrakı dövrlərdə xalqın azadlıq mübarizəsində mühüm əhəmiyyət kəsb etmişdir. İnqilabi hərəkatın genişləndiyi bir vaxtda şair öz üsyankar şeirləri ilə doğma həmvətənlərini mütləqiyyət rejiminə, xarici təcavüzə və daxili irticaya qarşı mübarizəyə səsləmişdir. 1945-ci il xalq inqilabının qələbəsindən sevinən şair “1945-ci ilə” adlı şeirində yazırdı:
Söndü qanlı şəfəqlərin, 1945-ci il,
Sədəf rəngli fəcr açıldı, səhralarda, dənizdə,
Qan ağlayan dünya güldü, açdı əməl gülləri,
Dünya xalqı sevinərkən gülümsədi Təbriz də.
Azadlığın bayrağını Ərkin üstə taxdılar,
Yenə sönmüş məbədlərdə məşəlləri yaxdılar.
Zindanlarda ah-nalələri göyə ucalan minlərlə vətən oğullarının səsini eşidən şair deyir: “Nə qədər istəyirsən ah-nalə et. Ancaq bil ki, bu qaranlıq mühitdə heç kəs sənin nalələrini dinləyib, onların səsini soruşmayacaq. Sənin fəryadına ancaq mənim ürəyimin qapıları açıqdır. Onun sığınacaq bir yeri varsa, o da mənim ürəyimdir. “Qəlbi vətən həsrətilə qubar edən lirik qəhrəman ürəyinin dərdini vətənə sarı uçan quşlara açır.
Şəfəqlərdə uçan axşam quşları,
Məndən salam deyin gözəl Təbrizə.
Qatar ilə gedən vətənə sarı,
Arxadaşlar, bir baş vurun da bizə.
Açın mənim taxta, sınıq qapımı,
Görün əziz anam yoldan gəldimi?
Uşaqlarım görün, unutmuş qəmi?
Yoxsa ölüm, aclıq verib diz-dizə?
Duman çöküb üfüqləri qaraltdı,
Mənə qürbət bir cəhənnəm yaratdı…
Xəzan yeli bağçamızı saraltdı,
Daha nələr deyim, dostlar mən sizə.
Həbib Sahir həm fars, həm də Azərbaycan dilində bir neçə şeir kitablarının müəllifidir. Müxtəlif illərdə onun Azərbaycan dilində “Lirik şeirlər”, “Kövşən”, “Səhər işıqlanır”, “Dağınıq xatirələr”, “Səhəndə sarı” kitabları nəşr olunmuşdur. Şairin ayrı-ayrı illərdə nəşr olunmuş kitabları, əlyazmaları və çoxsaylı ədəbi dərgilərdə çap olunmuş şeirləri əsasında biz ilk dəfə tərtib etdiyimiz “Məndən salam deyin gözəl Təbrizə” adlı kitabı 2004-cü ildə oxuculara təqdim etdik.
H. Sahir yaradıcılığında onun tərcüməçilik fəaliyyəti də xüsusi yer tutur. Fars, ərəb, fransız və rus dillərinə dərindən bələd olan şair Qorkidən, Lermontovdan, Bodlerdən, Lamartindən dilimizə bir sıra əsərlər çevirmişdir. O, klassik fars şairlərindən Sədi, Hafiz və Xəyyamın bir sıra əsərlərini də Azərbaycan dilinə tərcümə etmişdir. Cənubi Azərbaycan poeziyasında Tağı Rüfətdən sonra sərbəst şeir nümunələrinin yaradılması da H. Sahirin adı ilə bağlıdır. Akademik Bəkir Nəbiyev “Şeirimizin ağsaqqalı” məqaləsində yazırdı: “Uzun illərdən bəri qəddar şah rejiminin bütün acılarını dadmış, şüurlu ömrü boyu dönə-dönə təqib olunub sürgünlərə göndərilmiş Həbib Sahirin əsərlərində məzlumların fəryadı, xalqın zülmkarlara qarşı mübarizəsinin əks-sədası eşidilməkdədir”.
H. Sahir yaradıcılığının əsas xüsusiyyətlərindən biri onun ana dilinə üstünlük verməsi idi. Ustad sənətkarın bədii yaradıcılığı şifahi xalq yaradıcılığından və klassik şeirin ənənələri əsasında yetkinləşmişdir. Xüsusilə görkəmli şair Molla Pənah Vaqifin Sahir yaradıcılığına böyük təsiri duyulmaqdadır. Şairin şeir dili bədiliyi, axıcılığı və obrazlılığı ilə diqqəti cəlb edir. O, ana dilinə “cismim, canım, ətim, qanım” deyərək, onu “damarımda axan qızıl qan” adlandırır:
Düşmən ilə barışmaram,
Namərd ilə qarışmaram,
Özgə dildə danışmaram,
Ana dilim, ana dilim.
Şairə görə həqiqi xalq sənətkarı “türkü deyib, farsı yazmaz”. “Tərəhhata inanma” şeirində ana dilinin gözəlliyini, şeiriyyətini, səlisliyini əsl şair səmimiyyəti ilə tərənnüm edən şair yazırdı:
Ana güldür, bir gün solur,
Ana dili şirin olur.
Bizim türkü şirin dildir,
Xoş sədalı, zəngin dildir.
Dil-günəşdir, işıq saçar,
Səadətə qapı açar.
Yadın dili: “boyundurug”!
Bir keçiddir: buruq-buruq.
Sahirin şeir dili canlı xalq danışıq dili ilə sanki eynidir, orijinallığı və məna çalarları ilə seçilir. “Türkcə yazdım, şirinləşdi sözlərim” – deyən şair bu dildə özünün şöhrətə çatdığını, ucaldığını ifadə etmişdir. Akademik Nizami Cəfərov H. Sahirin şeir dilindəki folklor ənənələrindən, “novator ifadə mədəniyyəti”ndən, “ədəbi norma” dəqiqliyindən və “üsyankar dil” xüsusiyyətlərindən bəhs edərək yazır: “Həbib Sahirin axtarışları xüsusilə diqqəti cəlb edir. Onun dilində folklor deyim tərzinin elementləri görünür. Sonralar bu elementlər nəinki Cənubda, eləcə də Şimalda bədii üslubun konkret dövrdə səciyyəvi göstəricisinə çevrilir. Beləliklə, H. Sahir intuisiya ilə ədəbi-bədii dilin perspektiv cəhətlərindən birini müəyyən etmiş olur”. M.Şəhriyarın “Heydərbabaya salam” poemasına ilk nəzirə yazan da Həbib Sahir olmuşdur. H.Sahirin “Kəndimizdə olub keçənlər”, “Keçən xatirələr”, “Qış”, “Payız”, “Muğanda quraqlıq”, “Məktəb xatirələri” və s. şeirləri “Heydərbaba şairinə” həsr olunmuşdur. Bu şeirlərdə adi insani hüquqlardan məhrum olan böyük bir xalqın keçdiyi uzun və məşəqqətli həyat yolu təsvir edilmişdir. Palçıq daxmalarda ac və səfil həyat keçirən insanlar öz hüquqlarını müdafiə etdiyi zaman kor zindan onlara ağzını açır. Çünki bu yerin hakimi “qan içən, ev yıxan ...zalımlar”dır.
H.Sahir şeirlərinə gözəllik verən başlıca amillərdən biri də onda işlənən bədii təsvir vasitələridir. O, şeirlərinin məna çalarlarını qüvvətli vermək üçün təşbehlərdən, bədii təyinlərdən, təkrirlərdən, mübaliğələrdən və bədii suallardan yerli-yerində istifadə etmişdir.
Şahlıq hakimiyyəti dövründə Cənubi Azərbaycanın şəhər və kəndlərində abadlıq işlərinin, fabrik və zavodların olmaması ölkədə işsizliyin həddindən artıq çoxalmasına səbəb olurdu. Buna görə də minlərlə azərbaycanlı iş tapmaq üçün ölkəni tərk etmək məcburiyyətində qalırdı. Şair doğma həmvətənlərinin bu vəziyyətini görərək yazırdı:
Gəl köçmə vətəndən,
Yada bel bağlama, qardaş.
Dövran belə getməz.
Qalamaz daş üzərə daş.
Şimşək kimi çax,
Sel kimi ax,
Çalxalanıb daş...
Şair öz üsyankar şeirləri ilə istiqlaliyyət uğrunda apardığı mübarizənin yeni mərhələsinə qədəm qoymuş xalqının arzu və istəklərini tərənnüm etməklə, onları xarici təcavüzkarlara qarşı amansız olmağa çağırırdı. Xalqın məğrurluğu və yenilməzliyi, hər cür zülmə və haqsızlığa üsyanı və etirazı, siyasi məhrumiyyətlər içərisində öz mənliyini və qürurunu qoruyub saxlaması bu əsərlərdə əsl vətəndaş – şair mövqeyindən tərənnüm olunur.
Mən yurdumu özgələrə satmadım,
Xələt alıb öz elimi atmadım,
Məxmər, ipək yataq içrə yatmadım...
-deyən ustad sənətkar öz ömrünü doğma xalqının səadəti yolunda sərf edərək düşmən qarşısında acizlik göstərməmiş, istiqlaliyyət naminə öz əsərlərilə xalqının milli azadlıq hərəkatında yaxından iştirak etmişdir. Ədəbiyyatşünas Gəncəli Səbahi yazır: “...Həbib Sahir yüksək yaradıcılıq qabiliyyətinə malik mübariz bir xalq şairi kimi parlamışdır. Əsərlərində səmimiyyət, bəşəri duyğular, azadlıq axtarışları, vətən və xalqına tükənməz qayğı şölə çəkir.”
Bütün yuxarıda qeyd etdiklərimiz bir daha göstərir ki, məşəqqətli, keşməkeşli ömür sürən Həbib Sahir öz əqidəsinə sadiq qalan, mərdlik, əyilməzlik və yenilməzlik simvoluna çevrilən mübariz şəxsiyyət olmuşdur. Bütün yaradıcılığı boyu istiqlaliyyəti, milli birliyi, doğma yurddaşlarının hüquqlarını müdafiəyə qalxan, azadlıq ideyalarını təbliğ edən vətənpərvər şairin əsərləri çağımızda da öz aktuallığını saxlayır. Həbib Sahir və Türkiyə-ədəbi-mədəni mühiti mövzusu daha əhatəli və çoxcəhətlidir. Biz burada onun yalnız bəzi məqamlarına toxunmaqla kifayətləndik.

Media istiqaməti: azərbaycançılıq ideyasının təbliği;
QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur