BMT-dən xəbərdarlıq: Hörmüz açılmasa, 45 milyon insan aclıq riski ilə üzləşəcək


BMT-nin Baş katibi Antonio Quterreş Hörmüz boğazındakı məhdudiyyətlərin davam etməsinin qlobal nəticələri ilə bağlı ciddi xəbərdarlıq edib.

Turkustan.az xəbər verir ki, Nyu-Yorkda BMT-nin mənzil-qərargahında jurnalistlərə açıqlama verən Quterreş bildirib ki, ilin ortalarına qədər boğazdakı məhdudiyyətlər aradan qaldırılmasa, əlavə 45 milyon insan aclıq riski ilə üzləşə bilər. O, bütün tərəfləri vəziyyəti gərginləşdirməməyə və boğazın açılması istiqamətində addımlar atmağa çağırıb.

ABŞ/İsrail-İran münaqişəsinin üçüncü ayına daxil olduğunu qeyd edən Quterreş vurğulayıb ki, kövrək atəşkəsə baxmayaraq, vəziyyət getdikcə pisləşir. Onun sözlərinə görə, Hörmüz boğazı bölgəsində naviqasiya azadlıqlarına qoyulan məhdudiyyətlər ciddi narahatlıq doğurur.

Baş katib əlavə edib ki, mövcud vəziyyət qlobal iqtisadiyyata ağır zərbə vurur və bunun təsirləri uzunmüddətli olacaq. O qeyd edib ki, məhdudiyyətlər aradan qaldırılsa belə, təchizat zəncirlərinin bərpası aylar çəkə bilər ki, bu da qiymət artımına və iqtisadi artımın zəifləməsinə səbəb olacaq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ