Xəbər verdiyimiz kimi, ötən gün Xalq artisti Rasim Balayevlə vida mərasimi və dəfn mərasimi keçirilib. Vida mərasiminə Azərbaycanın bir sıra nazirləri, mədəniyyət adamları, ictimai xadimləri, sənətkarı sevənlər qatılıb. Mərasimlərdə Milli Məclisin Mədəniyyət komitəsinin heç bir üzvünün iştirak etməməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə bununla bağlı bir sıra müzakirələr aparılıb.
Turkustan.az xəbər verir ki, manset.az bunun səbəbini aydınlaşdırmaq məqsədilə Milli Məclisin Mədəniyyət komitəsinin üzvləri ilə ayrı-ayrılıqda əlaqə saxlayıb.
Komitənin üzvü, deputat Aqil Abbas bildirib ki, o hazırda paytaxtda deyil:

“Bayram vaxtıdır, hərə bir rayondadır. Mən də rayonda - tətildəyəm, buna görə də, iştirak etməmişəm”.
Deputat Sahib Alıyev telefonu açaraq bununla bağlı danışa bilməyəcəyini deyib.

Deputat Elnarə Akimova isə mərasimdə iştirak etməməsinin səbəbini Bakıda olmaması ilə əlaqələndirib:

“Bakıda deyildim. Rasim Balayevin bir sənətkar kimi vəfatını ürək ağrısı ilə qarşıladım, sosial şəbəkədə də elə anında buna münasibətimi bildirdim. Sadəcə təəssüf edirəm ki, Bakıda deyildim. Böyük məmnuniyyətlə iştirak edərdim. İştirak etməməyimlə bağlı səslənən iradları qəbul edirəm. Sadəcə iş günü sabah başlayır deyə hələ ki şəhərə gələ bilməmişəm”.
Deputat Ülviyyə Həmzəyeva da mərasimdə olmamasını paytaxtda olmaması ilə izah edib:

“Mən hazırda Naxçıvan Muxtar Respublikasındayam. Buna görə iştirak etməmişəm. Amma Rasim Balayevin vəfatı ilə bağlı paylaşım etmişik, başsağlığı vermişik. Rasim müəllim, həqiqətən də, bizim mədəniyyətimizin ən görkəmli aktyorlarından biri idi”.
Komitənin sədri Polad Bülbüloğlu və sədr müavini Günay Əfəndiyeva, eləcə də, digər üzvlər - Ülviyyə Ağayeva, Novruzəli Aslanov, Əlibala Məhərrəmzadə, Tənzilə Rüstəmxanlı, Mixail Zabelin, Nizami Səfərov və Şahin Seyidzadə isə zənglərə cavab verməyib.