S.Ə.ŞİRVANİ: gerçəkliyi ötmək inadı



İşıqlı Atalı
II YAZI

(Əvvəli BU LİNKDƏ)

Daneyi-gəndümi-xalinə təinə eyləmə kim,

Seyyida, cənnəti-kuyindən edərlər ixrac.

Bu örnəklərdə S.Əzimin cənnətini tapdığı ünvan aşkardır. O, dinin nə vaxtsa, o dünyada verəcəyi Cənnətə ümid eləmir. Yarın Cənnətə bərabər olması onun bu məqamda Füzuli eşqini tam anladığından soraq verir. S.Əzim eşqin verdiyi ümidlə dünyanı, həyatı, özünü anlayır, aqibətinə yiyə durur.

Yarsız neyləyirəm seyri-gülü gülzarı,

Olmasa yar, olurmu cənnəti-məvadə fərəh?

Cəhənnəm. Cənnətə getdi və ya duzəxə mürdə, nə qəmin,

İrsinə dik gözüvü, külçəvü həlvasına bax.

İctimai məzmunlu bu qəzəldə S.Əzimin cənnət, cəhənnəm haqqında danışan din adamının fürsətcilliyini ifşa etməsi həyata ümidli yanaşmasındandır; o demkdir ki, şair həyatı dərindən bilir, şair xəyalçılığı gerçəkliyin natamlığını anlamasına mane ola bilmir, əksinə, ciddi əsaslar verir.

Sanma bu Seyyidi sən əhli-cəhənnəm, vaiz,

Neyləyirsən əməlin, dildə təmənnasına bax.

Mifoloji obrazların poeziyasına gəlişi burada tamam başqa – realist məzmunda anlaşılır.

Zülməti-şəbdən usandım, ey əlin qurbanı,

Sinəni açmayasan, sübh nümayan olmaz.

Burada S.Əzimin gerçək ləzzətçiliyinin önə keçməsi duyğularının poeziyasını adiləşdirməsinə xidmət etmirmi? Gerçəkliyin şairin poeziyasında hərdən bu dərəcədə açıq, Füzuli eşqindən sapınmış halda təqdiminə görə qınamaq da olar…

Folklor düşüncəsi çağımızda inanılandırmı? Artıq demək olar, elmi-texniki gəlişmə Cənnət, Cəhənnəm, Şeytan (İblis), Cin kimi obrazların ağıldakı yaradıcı variasiyalarını süni intellektlə yaradır; əslində insanların fobik, ya da yarı fobik-ümidli, hətta tam ümidli bu kimi yüzillərlə bağlandıqları mifoloji obrazlar internet folklorunda aşkar görünən, göstərilən olur. Burada ağlın gerçəkliyi ötməsi insanın gerçəkdən faciəsini də hazırlayır: inandıqları, taleyini yaradanların mifolojiliyinin ruhsallığından qıraqda olduğu, ruhsallığının (insanlığının) ardıcıl həqiqətə təşnə olduğu dərəcədə həm də çağdaş texnologiyalarla qəribliyə düşdüyü bir daha aydınlaşır. Yəni əslində çağdaş insan yağışdan çıxıb yağmura düşür.

İstəyir cənnəti zahid bu qədər hiylə ilə,

Əbləhin fikrini gör, dildə təmənnasına bax.

Ədəbiyyatda, poeziyada folklordan, mifoloji düşüncədən gələn bu obrazlar mətnlərdə sirrini-sehrini saxlayır, yüzillər öncənin inanclarını, bədii ədəbiyyatda ifadə imkanlarını bizə olduğu kimi çatdırır. Əslində Füzulidən Seyid Əzimə kimi olan mərhələdə qəzəliyyatda rast gəldiyimiz mifoloji obrazların keçdiyi transformasiya – mərhələli, ancaq uzunmüddətli, ləng adiləşmələr yeni çağda sürətini yüz dəfələrlə artırır, insanın dünya yaradıcılığına, təbiətə, özünə münasibətinin adiləşməsinə gətirib çıxarır.

Belə adiləşmənin bundan sonrakı ictimai düşüncədə hansı aşıntılar yaradacağı artıq idrakın işığında aydın görünməkdədir. S.Əzimin qəzəllərindəki mifoloji obrazların ictimai düşqüncəyə təsiri nə dərəcədədir? Oxucu zövqünə mənəvi güc verir, ancaq çağdaş oxucu qədimliklə bu gün arasındakı mənəvi bağları itirdiyindən çox zaman çaşıb qalır, mətnə sadəcə, ədəbiyyat örnəyi olaraq baxır.

Nə tərğib eyləyirsən cənnətə hərdəm məni, vaiz,

Mənim baği-behiştim yardır, cənnətdə karım yox.

Derlər behişt əhlinə cənnətdə yox əzab,

Bəs kuyi-yardə niyə-artdı əzabımız?

S.Əzimin mənəvi yetkinliyi artdıqca Cənnətin - Behiştin halında olduğunu anlaması içdən yetkinliyinin örnəyi kimi anlaşıla bilər. “Kuyi-yar”da əzabının artmasına gəlincə, aşiq-şair eşq yoluna bilərəkdən düşüb, dərindən anlayır ki, əzabsız cənnət yoxdur. Bu dünya onun üçün birdir, iki dünyası yoxdur: eşqdən ayrıldığında cəhənnəmdir, qovuşduğunda cənnətdir.

Tut ki, ey mürği-dil, oldun bu qəfəsdən azad.

Uçmağa cənnəti-kuyinə məgər balın var?

Aşiq eşqinin yolunda Məcnuna dönüb, halsızlaşıb, son nəfəsidir; burada onun “Cənnəti-kuyə uçması” mümkün olmasa da, bundan ötrü təşnə deyil, yetər ki, bu halıyla cənnətdə olduğunu anlasın. Necə ki, insanın ömrü gedir, mənası, əməli qalır.

O gunə çox gecələr görmüşəm behiştasa,

Və leyk, ol gecə həm, bir behişti-digər idi.

Aşiq anlayır ki, bu, hələ əsil behişt deyil. Deməli, içinə daha çox baş vurmalı, mənəvi dünyasının indiyə kimi aşkarlanmayan gözəlliklərini üzə çıxarmalıdır. Başqa tərəfdən burada aşiqin həqiqəti anlamasının gecəyə təsadüf etməsi diqqətçəkəndir. Gecə - qaranlığın qarşılığıdır, özüdür, bir başqa adıdır. Folklorda “Gecənin xeyrindənsə gündüzün şəri yaxşıdır” məsəli var; indi aşiqin cənnətini gecədə tapması məşuquna qovuşmanı ifadə edirmi?

Zahiri düşüncədə bu qənaətə söykəklik tapmaq olmur, ancaq yuxarıdakı anlama baş vursaq, şair-aşiqin qaranlıqda həqiqətini tapmaq inadını görürük. Necə ki, Xəyyam mey adlı obrazda həqiqətini tapırdı, S.Əzimin də cənnətini gecədə tapması ağılda, düşüncədə irəliləməsi, həqiqətini tapması, ona qovuşması, həqiqətləşməsidir. Burada onun ardıcıl həqiqət odunda yanması, içdən təmizlənməsi var…

Xızır. Xızır obrazı xilasçıdır, Aşiq üçün sevdiyi Xızır örnəyidir; mifoloji obrazın S.Əzim qəzəlində uğurlu ifadəsi aydınlığı ilə seçilir.

Zülməti-qəmdə İskəndər kimi qaldım heyran,

Yetir ey Xızr, mənə çeşmeyi-heyvan xəbərin.

Sevdiyini dünya sayır Aşiq, ona rastlanmaq aqibətini tapmaqdır, Xızır kimi qaranlıqda dirilik suyu tapmaqdır:

Zülməti-zülfində, pinhan, ləlinə meyl etdi dil,

Ol dəhani-təng Xızrın çeşmeyi-heyvanıdır.

Fələk. Oxşayır mahi-fələk çünki üzari-yarə,

Baxmanam mən bu məhi-ənvərə bundan sonra.

Sevdiyi Fələyə (zamana) oxşadığı üçün aşiq bundan sonra “məhi-ənvər”ə baxmayacaq. Zamana uyğunlaşmaq istəmir aşiq, çünki fələk ona başqaları kimi yaşamağı diktə edir; Aşiq anlayır ki, Fələyin dediyi ilə yaşamaq onu vəslə yetirməz, eləcə də Fələyə uyğun olan sevdiyi ilə həqiqətə yetə bilməz.

Fələk cəfası bu gündə degil sənə, Seyyid,

Əzəldə adət edib cövr ilə cəfayə fələk.

Şair bunu da anlayır ki, cəfaya salıb fərəh verməmək Fələyin adətidir. Ona görə də gedişatı daha dərindən anlamaq gərəkdir. Mifoloji obraz gerçəkliyin halını, halsızlığını anlamaqda, habelə anlatmaqda şairə yaradıcı imkan verir; onun gördüyü zamanındakıların görə bilmədiklərinin yüksək poetik ölçüdə, biçimdə çatdırılmasıdır.

Pəri. Cənnəti-kuyində bir adəm idim mən, vəli,

İndi görüb zillətim, qıl o pəri şanə ərz.

S.Əzimin Pəri obrazı taleyinin yiyəsidir. Burada Pəri obrazı folklordakı rolundan – görəvindən daha böyük imkana malik olur.

Vəfa rəsmin tııtub gəl, ey pəri, cövrü cəfadən keç,

Əgər adəmsən, insaf et, bu vəzi-narəvadən keç.

Aşiq sevdiyini o dərəcədə ideallaşdırır ki, onun insan olmasına inana bilmir; sevgili fələyin girdabında olsa belə, sevən üçün o, ilahilik obrazındadır. Burada S.Əzim obrazın gerçəkliyinə də işarə edir: poetik düşüncə fələyin məntiqinə sığmır.

Nə pəri sədməsidir sərdə, nə sövdayi-cünun,

Məni Məcnun edən ol zülfi-pərişanımdır.

Bu kimi beytlərdə də gerçəkliyə ayıq başla və gözlə baxmaq var; ideallaşdırmada göz birbaşa gerçəkliyə açılır. Ancaq aşiqin heyranlığı azalmır, bitmir, ardıcıldır, inadlıdır.

Səni vəfalı bilib eşqinə könül verdim,

Pəriliqalərə olmazmış etibar, ey dust!

Burada artıq gerçəkliyin, yeni çağın S.Əzim poeziyasına təsiri aydınca duyulur.

Mifoloji obraz fərdi şüurda nə zaman adiləşir? O zaman ki, mif şüuru demək olar, tamam öləziyir, yoxa çıxmağa doğru gedir. Ancaq bədii düşüncə zaman-zaman əslində bu şüuru daha çox qorumağa xidmət edib, nəinki adiləşdirib. Həm də folklor düşüncəsindən yazılı ədəbiyyata keçid dönəmində (dönəmin yaşı yüzillərlə, daha çox da ölçülür) bu, özünün əlvanlığı, yaşantılarının yeni çağı nəzərə almasıyla şərtlənir.

Aşağıdakı beytlərdə S.Əzimin duyğusu Füzuli duyğusu ilə birləşir.

Ey zahidi-xudbin, bilirəm kim, hünərin yox.

Meydani-məhəbbət tərəfə bir güzərin yox.

S.Əzimin şair-aşiq xəyalı gerçəkliyə bağlı olduğu dərəcədə zamanı aşır: duyğusu dinin təbliğ etdiyi duyğuya qarşıdır, aqibətini özü yaradandır. Bu gedişdə onun duyumu “zahidi-xudbin”in duyumunu qabaqlayır, çünki məhəbbət meydanında qərar tutub. Aşiqin sevgisi xəyallıdır, buradakı hissiyyat mifoloji çalarları sarıdan da zəngindir, idrakın məntiqinə uyğundur.

Mehrabdə əgləş ki, cigərdar degilsən,

Bu nari-qəmə yanmağa əsla cigərin yox.

Qəm oduna bilərəkdən özünü atmaq aşiq üçün adi haldır; fələyin gərdişində olanlar S.Əzimin qənaətinə görə bu hikməti anlamazlar. Yəni “cigərli olmaq” – iradəli olmaqdır ki, bu da aşiqi idrakdan keçirib, C.Rumi demişkən xam idi, yanıb, bişib…

Xam idi könül düşdü qəmi-buteyi-eşqə,

Ol butədə bişdim, dedim: allah kərimdir.

Aşiqin qətiliyi aydındır, görünəndir. Nigarın üzündə həqiqətini tapan aşiq hürufi kimi davranır. Burda artıq o, sufiliyi də ötür. Onu bu halda kökləyən, arifləndirən, içini hər cür pisliklərdən arındıran mənəvi oddur.

Nola keçməz yüzündən ol nigari-azərinin dil.

Birəhmən bütdən əl çəkməz, səməndər nardən keçməz.

Aşiq həqiqət odunda yandığı dərəcədə kamilliyə yetir. Buradakı Od Dinin təqdim etdiyi Cəhənnəm ünvanının adekvatı - əvəzedicisi deyil, mənəvi-ruhsal (insani) qüdrətin aşkarlanmasıdır.

Ey təbib, əl çək əlacımdan, məni incitmə çox,

Aşiqi-sadiq olan dərdinə dərman istəməz.

Füzuli ruhunun Seyid Əzimdə ifadəsi burada özünü tamamilə göstərir.

Gətdilər duzəx odun aşiq uçün dünyayə,

O cigərsuz odun adını hicran dedilər.

Burada aşiqin hissiyyatı ayrılığı din mifologiyasında təsvir edilən Cəhənnəm odundan da betər sayır, ancaq dindəkini istəmir, Füzuliyanə Məcnunluğu seçir; bu canlı yaşantının, döyüşkənliyin verdiyi fərəhin təməli – özülü Oddur. S.Əzimin də lirik qəhrəmanı – Aşiq obrazı odlandığı dərəcədə içdən işıqlanır, aqibətini öz əliylə yaradır, dinin cənnətinə küsənmir, çoxunun ağılsızlıq, cəhənnəm saydığı sevgi dünyasında cənnətini tapır. S.Əzim də Füzuli kimi insanı – sevdiyini hər şey sayır, ona bağlanır.

Yandırdı məni şəşəeyi-nuri-cəmalın,

Musa kimi Seyyid bu təcəllalərə düşdü.

Yanan aşiq idrak imkanlarını aşkarlayır, dərinləşir, özü olur. Onun təcəllası Mələk obrazıyla təsdiq, müşayiət olunmur, əksinə, kütlənin qıcığına səbəb olur, ancaq aşiq üçün yetdiyi məqam müqəddəsdir, bilir ki, halını hər kəs anlamaz. S.Əzimin qəzəllərində İnsanın ruh halının ifadəsi üçün mifoloji obrazlardan istifadə təbiidir; bu, qəzəllərinin bədii boyalarla ifadə, dərk olunması imkanlarını artırır, ancaq məqsəd İnsanın həqiqətə yetmə imkanlarının tükənməzliyini sübut etməkdir. Yetkin halın özünüifadəsi qəzəliyyatda yetkin bədii biçimlərdə özünü aydınca göstərir.

Əgərçi, yandı könlüm hicr odundan, kuyüvə, ey məh,

Qaranqu gecələrdə şöleyi-ahım dəlil oldu.

Mifoloji düşüncədə qaranlıq Şərin bir başqa adıdır. Günəş doğan kimi qaranlıq çəkilir, Şər daşıyıcıları yoxa çıxır. S.Əzimin aşiq halı qaranlığı dərdiylə işıqlandıra bilir, ayrılıq adlı gerçək olay onu aydınlığa çıxarır. Şər sayılanda Xeyir, Cəhənnəm sayılanda Cənnət görmək idraklı aşiqin hünəri ilə baş tutur. Od mifoloji obrazından bəhrələnmə şairə imkan verir ki, halını özünəməxsus, bənzərsiz ifadə etsin.

S.Ə.Şirvaninin yaradıcılığında insanın dünyaya, həyata, özünə münasibəti yetkindir; insan özünü taleyi əlində olmayan varlıq kimi görmür, lirik qəhrəman eşqi uğrunda döyüşkən, canından keçməyə hər an hazır olandır. Bu döyüşkənliyin mayası Nəsimidən, Füzulidən gəlir. S.Ə.Şirvani aşiq-şair hissiyyatı ilə görür, duyur, insanın halının tükənməz imkanlarını mifoloji obrazlarla müqayisədə aşkarlayır. Onun yaşadığı çağda dünyada elmi-texniki gəlişmələr artırdı, insanların öncəki çağlara münasibəti dəyişməyə başlayırdı.

S.Ə.Şirvani gedişatı çağının seçilən aydını kimi dərindən anlayırdı, ancaq müəyyən klassik janrlardan, o cümlədən də qəzəl janrından ayrılmırdı. Məqsədi bənzərsiz yaradıcı varlıq olaraq insanın imkanlarının tükənməzliyini göstərmək idi. Bu prosesdə insanın dünyaya, həyata heyranlığının, sevdiyinə eşqinin tükənməzliyini mifoloji obrazlardan bəhrələnməklə ifadə etmək çağımız üçün də yeni, yaradıcı qənaətlərə gəlməyə imkan verir. Onun qəzəllərində folklor düşüncəsi ölmür, itmir, mifoloji duyum mahiyyətcə əksilmir, əksinə, insan idrakının, mənəviyyatının imkanları aşkarlandıqca bənzərsiz, əlvan, insanın gerçəkdən dünyanın əşrəfi olduğunu göstərən yeni poeziya örnəklərinin yaranmasını şərtləndirir.

(Son)


MANŞET XƏBƏRLƏRİ