Xamenei: Hörmüz boğazında yeni idarəetmə dövrü başlayır


İranın ali rəhbəri Müctəba Xamenei cümə axşamı yayımladığı yazılı mesajda Körfəz bölgəsi və Hörmüz boğazı ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, bildirilib ki, fevralın 28-dən etibarən ABŞ və İsraillə gərginliyin artması regionda yeni mərhələnin başlanmasına səbəb olub. Xamenei bunu Hörmüz boğazı və Körfəz üçün “yeni dövr” kimi qiymətləndirib.

O qeyd edib ki, İran Körfəz bölgəsində təhlükəsizliyi təmin etmək niyyətindədir və Hörmüz boğazında “düşmənlərin su yolundan sui-istifadə etməsinə” imkan verilməyəcək. Bu çərçivədə ABŞ və İsrailə də mesaj ünvanlanıb.

Xamenei həmçinin Hörmüz boğazı üçün yeni idarəetmə yanaşmasının tətbiq ediləcəyini bildirib. Onun sözlərinə görə, bu dəyişikliklər təkcə İran üçün deyil, region ölkələri üçün də iqtisadi baxımdan müsbət nəticələr verə bilər.

İran lideri vurğulayıb ki, Körfəzin gələcəyi xarici müdaxilə olmadan formalaşmalıdır. O, ABŞ-ın bölgədəki mövcudluğunu tənqid edərək, xarici təsirlər olmadan daha sabit və inkişaf etmiş gələcəyin mümkün olduğunu qeyd edib.

Qeyd edək ki, Hörmüz boğazı qlobal enerji daşımaları baxımından strateji əhəmiyyətə malikdir və regionda baş verən hadisələr beynəlxalq səviyyədə diqqətlə izlənilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ