Səməd Vurğun atam professor Həbib Babayevin tədqiqatlarında



Pərvanə Məmmədova
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Texniki Universiteti

Bu gün sənət adamlarına, şairlərə, yazıçılara, musiqi korifeylərinə, bəstəçilərə, tutarlı elm adamlarına, alimlərə birmənalı münasibətin olmadığı, yaxud yoxluğu, kasadlığı dövründə insan bəzən kimin haqqında necə yazmaq və niyə yazmaq barədə daha çox düşünməkdədir. Biz də özümüzdən asılı olmayaraq, bu tipli ikiləşmə və qütbləşmə arasında var-gəl etsək də, Azərbaycan poeziyasına XX əsrin 20-ci illərindən 50-ci illərin ortalarına qədər impuls vermiş böyük və əzəmətli Səməd Vurğun yaradıcılığına toxunmaya bilməzdik. Çünki bizim ev mən dünyaya gələndən də öncə atam dünyasını dəyişənə qədər bütün ömrünü Səməd Vurğunun aurası, nəfəsi ilə yaşadı. Səməd Vurğun yaşayıb-yaratdığı illərdə nəinki Azərbaycan, həm də bütün Sovet poeziyasının çoxmillətli məkanının ən sayılıb-seçilən söz nəhəngi kimi qəbul edilmişdi. Rus ədəbiyyatında Puşkin, Lermontov, Blok, Yesenin adı ilə yanaşı, daim Səməd Vurğun adı paralel çəkilmişdi. Səməd Vurğunu nəinki Tatarıstanda, Başqurdıstanda, Çuvaşiyada, Xakasiyada, Udmurdiyada, Kalmıkiyada, Dağıstanda, Krım-Tatarda, Balkariyada, Qaraçay-Çərkəzdə, Moldovada, Latviya, Litva, Etoniya, Bolqarıstan, Balkanlarda və s., bir sözlə, dünyanın hər yerində tanıyırdılar.

Dünyaya belə səs salmış söz ustadının yaradıcılığı atam professor, filologiya elmləri doktoru, Əməkdar elm xadimi Həbib Bayram oğlu Babayevin tədqiqatçılıq çevrəsindən, obyektivindən kənarda qala bilməzdi. O, hələ Moskvada M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsil aldığı illərdən də öncə onun yaradıcılığı ilə yaxından tanış olmuşdu. Vladimir Vladimiroviç Mayakovskinın yaradıcılığına həsr etdiyi tədqiqat işində (1951 – 1955) və sonralar da bir-birinin ardınca araya-ərsəyə gətirdiyi “Səməd Vurğun və onun çoxmillətli sovet ədəbiyyatında yeri” adlı doktorluq dissertasiyasında, “Şair və zaman” , “Dərin köklər” , “Dostluq telləri” , “Azərbaycan ədəbiyyatının bəynəlmiləl əlaqələri” , “Səməd Vurğun , Lirik şairimiz Nəbi Xəzrinin” “Xalq qəlbinə hakim” adlı ön sözü ilə hazırlanıb, rus mütərcimi Y.Feoktistovun tərcüməsində rusdilli oxuculara təqdim edilmiş “Sizdən ayrılmaram” müqəddiməsi ilə nəşr etdirdiyi kitabda atamın uzun müddət Moskvadakı SSRİ Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivində tapıb ortaya çıxardığı, ona qədər dövrü mətbuata məlum olmayan şeirlərini, “Komsomol” poemasından “Humay” və “Qanlı alaçıq” hissələrini “Səməd Vurğunun rus oxucusuna ilk addımları” adlı altında “Qafqaz”, “Kədər”, “Sevirəm”, “Sərgüzəşt”, “Anama”, “Sevgi”, “Anamın dərdi” kimi nümunələri nəink dünyada, həm də Azərbaycanda yaşayan Səməd Vurğunun rusdilli oxucularının və tədqiqatçılarının ixtiyarına vermişdir .

Adını çəkdiyimiz sonuncu kitabda yer almış müqəddimədə professor H.Babayev yazır ki, 20-ci illərin əvvəlləri Səməd Vurğunun yaradıcılıq bioqrafiyasında son dərəcə mühüm dövrdür. Çünki onun şeir və poemaları məhz bu dövrdə ümumittifaq oxucusuna məlum olur”.

Eyni zamanda burada atamı S.Vurğun tədqiqatçısı kimi ədibin ilk dəfə hansı əsərinin rus dilinə tərcümə olunması daha çox maraqlandırmışdır. Onu da qeyd edək ki, atama qədər tədqiqatçılardan heç biri bu suala hər hansı konkret cavab verməmişdir. Buna görə mənbələrdə uzun illər ərzində məsələ ilə bağlı qeyri-dəqiqlik hökm sürmüşdü. O, gərgin axtarışlar nəticəsində yuxarıda adını çəkdiyimiz SSRİ Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivində 1968-ci ildə axtarışlar apararkən Səməd Vurğunun “Seçilmiş şeirləri”nin (tərcüməçi Yuri Feoktiştov) makina nüsxələrinə rast gəlmişdir ki, adını çəkdiyimiz həmin kitabı həm də Moskvadakı “Qoslitizdat” nəşriyyatı 1935-ci ildə nəşrə hazırlayırdı. Atam həmin nəşri nə qədər axtarsa da, onun səyləri heç bir ciddi nəticə verməmişdir. Eyni zamanda atam bunu onunla əlaqələndirmişdir ki, Zaqafqaziyadakı Dövlət Nəşriyyatı belə adda poetik məcmuəni “Qoslitizdat”dan daha əvvəl ouxuculara təqdim etmişdir. Atamın belə ehtimallarına “Qorlitizdat”ın SSRİ xalqları ədəbiyyatı şöbəsinin redaktoru, tanınmış şair, mütəricim və şeir nəzəriyyəçisi Q.Şengelinin yuxarıda qeyd etdiyimiz makina mətninin 49-cu səhifəsində yer almış qeydlərdən məlum olmuşdur. Nə isə... Bu kontekstdə söhbəti uzartmaq istəmirik. Lakin eyni zamanda geniş oxucu kütləsinə, ədəbiyyatşünas və ədəbi əlaqə məsələləri ilə məşğul olanlara onu da çatdırmaq istəyirik ki, atamın S.Vurğunun hansı əsərinin birinci olaraq rus dilinə tərcümə edilməsi ilə bağlı fikri müəyyənləşdirdiyinə nöqtə qoyulsun. Beləliklə, atam dəqiqləşdirir ki, Y.Feoktistov 30-cu illərdə tərcüməçi-şair kimi yaxşı tanınmışdır. Burada o, S.Rüstəmin Y.Feoktistovla görüşməsinə və onunla bağlı verdiyi informasiyalara daha çox söykənimişdir. Çünki S.Rüstəm onun haqqında yazırdı ki, “mən Yuri Feoktistovla bir neçə dəfə görüşmüşəm. Bizim görüşlərimiz əsasən Moskvada baş tuturdu. O, Azərbaycan poeziyası ilə maraqlanırdı. Onda onunla bağlı az-çox məlumatlar vardı. Bu təvazökar insan söhbət zamanı bizim şairləri tərcümə etmək fikrindəydi. Bu vaxt o, artıq sətri-hərfi tərcümələrlə tanış olmuşdu. Deyirmiş ki, hərfi tərcümə edən yoldaşlar şeirin ümumi ruhunu və “şirəsi”ni verə bilməmişdilər... Mən onunla bağlı Moskvalı dostlarımdan soruşduqda demişdilər ki, yaxşı mütərcimdir. Hər şeyi də tərcümə etmir... Yalnız o şeirləri tərcümə edir ki, özünün ürəyincədir. Həmin vaxtlar Feoktistov Səməd Vurğunun şeirləri ilə çox maraqlanırmış. Elə buna görə də Səməd Vurğunu tərcümə etmişdir. Nəhayət Feoktistov Bakıya gəlib, buradan Tbilisiyə getməli idi. Bakıda o, “bizim şairlərdən bir sırasını, tərcümə etmişdir...”.

Burada bir haşiyə çıxım ki, atamın S.Vurğunun hansı əsərinin rus dilinə birinci çevrilməsini öyrənmə istəyi onun Riqaya səfər etməsini zəruriləşdirmişdi. O, məni də özü ilə götürüb Riqaya apardı. Burada biz Yuri Feoktistovun ailəsi, həyat yoldaşı və oğlu ilə tanış olduq. 1982-ci ilin iyulunda Yazıçılar İttifaqının xətti ilə həm də orada Yurmalanın Baltik dənizi sahillərində dincəlmək bizə nəsil oldu. Burada biz o vaxtkı Rusiya Yazıçılar İttifaqının sədri Georgi Markov, rus yazıçıları Daniil Qranin, Aleksandr Çakovski, Leonid Ozerov, Səməd Vurğunun və digər Azərbaycan şairlərinin əsərlərini rus dilində ustalıqla səsləndirən Marqarita Aliger, Ukrayna ədəbiyyatı nümayəndələrindən Nikolay Karabutenko və b. tanış olduq. Görkəmli tərcüməçi Yuri Feoktistovun həyat yoldaşı Taisiya Minayevnagildə olduğumuz zaman atamla birlikdə həm də bu şair – mütərcimin zəngin arxivi ilə tanış olmaq imkanı qazandıq. Taisiya xanım olduqca gülərüz, xoşxasiyyətli nəcib bir qadın idi. Oğlu Dmitri Feoktistov isə dizayner rəssam idi. Bütün bunları yada salarkənmən yenə də atalı dövrümü xəyalımda yaşayıb kövrəlirəm.

Atamın bu istiqamətdə apardığı axtarışlara həm də L.Bondinan adlı bir müəllifin “Nəğmə səsindən doymaq bilmirəm...” məqaləsinin 1962-ci ildə qazaxıstanlı yazıçı N.A.Anovun Nikolay Vasilyeviç Feoktistovun Riqada yaşayan oğlu ilə görüşündən yazmışdır ki, bunun nəticəsində atam Yuri Feoktistovun yaradıcılıq bioqrafiyası ilə yaxından tanış olmaq imkanı əldə etmişdir. Eyni zamanda atam onu da müəyyənləşdirmişdir ki, o, nəinki S.Vurğunun əsərlərini, həm də Yan Raynisin, qazax şairi Saken Seyfullinin “Kokçetav” poemasını da rus dilinə tərcümə etmişdir. Bax, belə uzun-uzadı axtarışlar nəticəsində atam professor Həbib Babayev Y.Feoktistovun Səməd Vurğundan rus dilinə çevirdiyi “Kədər” («Тоска») və “Sevgi” («Любовь») şeirlərinin tərcüməsini 1968-ci il 10 dekabr tarixli “Bakınski raboçi” qəzetində oxuculara təqdim etmişdir .

Atam adlarını çəkdiyimiz şeirlərin tərcüməsinin təhlilini apardığı zaman onu da müəyyənləşdirmişdir ki, S.Vurğunun “Kədər” şeirini tərcümə zamanı tanınmış rus şairi Nikolay Aseyev “Xatirə” (“Память”) adı ilə adlandırmaqla şeirin dərin mənasına sadiq qalmış və əsərin adını doğru tərcümə etmişdir. Yuri Feoktistovda isə ad elə hərfi mənada “Kədər” olaraq saxlanılmışdır. İkinci şeir isə “Sevgi” (orijinalda – “Уговоры любви”) bəlkə də rus oxucusuna məlum olmuşdu.

Buna baxmayaraq, professor Həbib Babayev Yuri Feoktistovun tərcümələrinin nəinki məna dəqiqliyi, həm də orijinalın ruhunun incə xüsusiyyətlərini verməsi ilə seçildiyini xüsusi olaraq vurğulamışdır. Məsələn, Y.Feoktistov “Komsomol”u poema yox, roman adlandırmışdır. Onun tərcümələrini fərqləndirən cəhət Vurğun lirizminin nəğmə səciyyəli misralarıdır. Əlbəttə, bu da başa düşüləndir. Təsadüfi deyildir ki, 30-cu illərdə Vurğunun qələmə aldığı şeirlərində qeyri-adi poetik intonasiya canlı defis və tire işarələri, özünəməxsus yaradıcılıq hecası ilə fərqlənməklə oxucuları özünə daha çox cəlb edirdi. Təsadüfi deyildir ki, S.Vurğun yaradıcılığının dəyərli mütərcimlərindən və onun poeziyasının harmoniyasına vurğunluğunu gizlətməyən Pavel Antokolski aşağıdakı müşahidələrini heç də boş yerə işlətməmişdi... “O, yaradıcılığa lirik kimi başladı..., oxucular qarşısında və öz ölkəsinin və dövrünün qaynar vətənpərvəri, həm də bir gənc olaraq həyatın xeyirxahlığına inanmaqla diqqət mərkəzində dayandı...”.

Atam Həbib Babayev Səməd Vurğun yaradıcılığına onlarla məqalələr, adlı-sanlı Beynəlxalq səviyyəli konfranslarda etdiyi məruzələrlə özünəməxsus ucalıq gətirib, Vurğunşünaslığımızı həmin nümunələrlə şöhrətləndirmişdi. Səməd Vurğun Azərbaycana Vurğun olduğu kimi, professor Həbib Babayev həm Azərbaycanın, həm də Vurğunun vurğunu olub, onun yaradıcılıq fəzasından heç vaxt kənar düşməyə cəhd belə etməmişdi.

Səməd Vurğun Azərbaycanın dağlarını, bu dağların durna gözlü bulaqlarını seyr edə-edə onun pərvanəsinə çevrildi, ona ana öz övladına bağlandığı kimi bağlandı, harasa üz tutub xarici ölkələrə, oxucularla görüşlərə gedəndə belə onunla müvəqqəti ayrılığa dözə bilməmişdi, saçları dümağ ağarıb, aylar, illər onu boğub qəhərləndirsə də, onun bilinməyən minillklərin o yanından görünən qədim tarixinə baxıb qürurlandığı, fikri-xəyalı ilə doğma vətənini qarış-qarış gəzib, bəhri – Xəzərə boylandığı, Muğanı, Mili, Astaranı, Lənkəranınə bilim digər bölgələrimizi gəzib-dolaşdığı, el qızlarının, dilbər gəlinlərinin çöhrəsinə baxıb sevindiyi kimi, Qazaxı, Göy yaylaqları, Kəpəz dağını, Göy gölü, Qarabağı seyr etdiyi, Xanın Qarabağ şikəstəsini dinləyib, xəyalların qanadlarında pərvazlandığı, doğma Vətənin şeir-sənət ocağında Nizamiləri, Füzuliləri və nə bilim daha neçə-neçə dahilərimizi ziyarət edib, Bakının çıraqban çöhrəsindən, işıqlarından vəcdə gəldiyindən Azərbaycanın qoca Şərqin qapısı hesab edilməsindən ürəyi dünya boyda olmuşdu.

Səməd Vurğun Vətənini nə qədər böyük bir məhəbbətlə sevmişdisə, atam ədəbiyyatşünas, ədəbi əlaqələr üzrə tanınmış alim Həbib Babayev də Səməd Vurğun yaradıcılığının ən ləyaqətli, dürüst və məsuliyyətli araşdırıcılarından olmuşdu. Səməd Vurğun yaradıcılığının araşdırıcılığı onu nəinki Azərbaycanda, həm də Gürcüstanda, Ermənistanda, Şimali Qafqazda, Rusiyada, Ukraynada, Belarusda, Pribaltika ölkələrində, Özbəkistanda, Qazaxıstanda, Qırğızıstanda, Bolqarıstanda, Macarıstanda və nə bilim daha neçə-neçə saysız-hesabsız məmləkətlərdə tanıtdırmışdı. Atam Vurğun yaradıcılığının əvəzsiz aşiqi idi. Özü ilə yanaşı, yetirmələrini də Vurğuşünaslıq sahəsinə yönəltmişdi. Professor Nizami Məmmədov Tağısoy, dosent Yaşar Quluzadə və b. bu kimi ədəbiyyatşünas alimlər yetişdirmişdi. Həbib Babayev qeyd etdiklərimizlə Vurğunla bağlı gördüyü işləri heç zaman sonuclamağa qərar verməmişdi. Uzun illər “Səməd Vurğun dünya xalqlarının dilində” mövzulu monumental monoqrafik əsər üzərində işləmişdi.

Təəssüf ki, vaxtsız ölüm atamın nəzərdə tutduqlarının araya-ərsəyə gəlməsinə imkan vermədi. İndi evimizdə atamın arxivində digər sənədlərlə birgə A 4 formatında 300 səhifədən artıq həcmdə Vurğunla bağlı tamamlanmamış “Səməd Vurğun dünya xalqlarının dilində” monoqrafiyası onun kitab rəfində kədər, qüssə, qəm içində özünün niskilli və matəm ruhlu “ömrünü” yaşamağa məhkumdur.

Hamı yaxşı bilir ki, Azərbaycanda xalq şairi adına ilk dəfə Səməd Vurğun layiq görülmüşdü. Bu, əlbəttə, həmin adın rəsmi tərəfi idi. Lakin Səməd hamıdan daha öncə ümumxalq sevgisinin daşıyıcısı olmuşdu. O, təsadüfən deməmişdi ki, “Mən ellər oğluyam, ellər canımdır!” və elə buna görə də o, öz ömrünü canından artıq sevdiyi elinə - obasına qurban vermişdi.

Evimizdə atamın Səməd Vuurğunun yaradıcılığı – onun şeirləri, poemaları, dramları və əsərlərindən ibarət çoxlu sayda cild-cild əsərləri qorunub saxlanılmaqdadır. Onlardan 1986-cı ilə aid “Səməd Vurğun. Seçilmiş əsərləri. Üç cilddə. Birinci cild. Şeirlər. Poemalar. Bakı, 1986, 302 s.” adlı kitabı da yer almaqdadır. Həmin cilddə “20 Bahar” şeirinin sonuncu “Əks-səda” hissəsində insanı titrədən özünün aşağıdakı poetik qəddarlığı ilə səslənən misralar da var:

Axma, Araz! Dayan, Araz!

İnsaf eylə bizə bir az.

Bir ürəyi iki yerə

Cəllad kimi bölmək olmaz... – bəndini oxuyanda məni özümdən alır...

Səməd Vurğun 1956-cı ildə bu dünyaya gözlərini ədəbi olaraq yumdu. Dünya Səmədin yoxluğundan lərzə gəldi. Özünü itirdi. Səmədin yerini heç kimlə doldura bilmədi..., poetik fikir çalın-çarpaz və çilik-çilik olub, düyün düşdü.

Vaxt gəldi, gözlənilməyən bir şəraitdə atam Həbib Babayev də bizdən xəbərsiz dünyasını dəyişdi. Dəyişdi ki, bu dünyada Səmədlə bağlı qələmə aldıqlarını o dünyada onun qulağına pıçıldasın... Araz da sanki insaf eylədi, axmadı, dayandı və bir ürəyi cəllad kimi iki yerə bölmədi, parçalamadı... O, Səməd Vurğunla Haqq dünyasında böyük ustada öz yazdıqları ilə yenilməz abidə qoydu. Odur ki, düşünürəm ki, həmin abidənin əzəməti Azərbaycan ədəbi-nəzəri, fəlsəfi-estetik fikrində Vurğun adı, Vurğun ruhu yaşadıqca heç vaxt özəlliyini və zənginliyini itirməyəcəkdir!


MANŞET XƏBƏRLƏRİ