Sosial şəbəkələrin trend qidaları: Həqiqi dad, yoxsa marketinq oyunu? - ŞƏRH


Son günlər müxtəlif qidalar sosial şəbəkələrdə trendə çevrilib. Bir çox bloggerlər bu məhsulları kamera qarşısında böyük həvəslə dadaraq onların olduqca ləzzətli olduğunu və mütləq sınanmalı qidalar siyahısına daxil olmalı olduğunu bildirir. Bu cür videoları izləyənlər isə o dəqiqə təsir altına düşərək göstərilən məhsulları almağa tələsirlər.

Nəticədə bazarda bu qidalara tələbat artır və qiymətlər də sürətlə artır. Bəzi məhsulların kiloqramı 80 manata, tək ədədinin qiyməti isə 10 manata qədər çatır. Trend məhsullar arasında qurudulmuş dondurmalar, sublimasiya olunmuş meyvələr, meyvə formasında şirniyyatlar və son günlər populyarlaşan Çindən gətirilən 3D dondurmalar yer alır.

Lakin bu məhsulları alan bir çox istehlakçı sonradan gözləntilərinin doğrulmadığını bildirir. Onların fikrincə, bu qidalar nə qiymətinə, nə də təqdim olunduğu qədər dad keyfiyyətinə malikdir. Eyni məbləğə daha keyfiyyətli və dadlı alternativlər almaq olar.

Mütəxəssislər bu tendensiyanı böyük bir marketinq strategiyası kimi qiymətləndirir. Sosial təsir və reklamın gücü ilə formalaşan bu trendlər istehlakçıları tez qərar verməyə sövq edir və nəticədə bu kimi marketinq oyunlarının qurbanına çevirir.

Bəs nə etməli? Necə edək ki, bu cür marketinq hiylələrinin qurbanı olmayaq? Turkustan.az bu sualları qida mütəxəssisi Ağa Salamova ünvanladı.

Monqol əti"ndə VİRUS VAR?

Ağa Salamov

Bu, çox aktual bir mövzudur. Mən də bunu dəfələrlə qeyd etmişəm ki, hazırda ən ciddi problemlərdən biri “dırnaq arası” marketinq hiylələridir və insanlar bu hiylələrin qurbanına çevrilirlər.

Məsələn, son vaxtlar “qurudulmuş dondurma” adı ilə təqdim olunan məhsullar var. İlk dəfə görən və ya eşidən insan maraqla alır, amma sonra anlayır ki, bu, gözlədiyi kimi deyil – dadı yoxdur, dişə yapışır və ümumiyyətlə keyfiyyəti aşağıdır. Halbuki adi, klassik dondurma həm dadına, həm keyfiyyətinə görə bundan qat-qat üstündür.

Problem ondadır ki, bu məhsullar süni şəkildə reklam olunur. Bəzi blogerlər və sosial media səhifələri pul qarşılığında bu cür məhsulları və ya məkanları tərifləyirlər. İnsanlar da inanıb gedir və nəticədə məyus olur: pul xərclənir, amma nə dad var, nə xidmət, nə də keyfiyyət.
Mən özüm bu sahədə peşəkaram, kulinariya üzrə təcrübəm, diplomlarım və uğurlarım var. Bu sahəni bilən biri kimi deyə bilərəm ki, qida haqqında fikir bildirmək üçün mütləq təcrübə və bilik lazımdır. Ən azı 10 il bu sahədə çalışmadan, məhsulun keyfiyyətini obyektiv qiymətləndirmək mümkün deyil.

Amma bu gün hər kəs əlində telefon çəkir, paylaşır və qida haqqında ekspert kimi danışır. Halbuki onların çoxunun bu sahə ilə bağlı nə təhsili, nə də praktiki biliyi var.

Eyni hal restoranlarla bağlı da yaşanır. Reklam olunur, “əla yerdir” deyilir, amma gedəndə görürsən ki, deyilənlə reallıq arasında böyük fərq var. İnsanlar aldadılır və pulları boşa gedir.

Bu vəziyyət digər məhsullarda da var. Məsələn, bahalı çərəzlər reklam olunur, amma yerli məhsullar – məsələn, Qəbələ qozu kimi – həm daha keyfiyyətli, həm də daha faydalı çərəzlərin adı da çəkilmir. Sadəcə reklam gücünə insanlar bahalı və keyfiyyətsiz məhsullara yönləndirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ