Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir


Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası əlillik dövründə pensiya yaşına çatmış şəxsə əlilliliyə görə əmək pensiyasının müddətsiz təyin edilməsi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Məhkəmə kollegiyası qərarında “Əmək pensiyaları haqqında” Qanunun 32.2-ci maddəsini geniş təhlil edərək bildirib ki, həmin normada pensiya yaşına çatmış əlillərə əlilliyə görə əmək pensiyasının ömürlük təyin edilməsi imperativ qaydada nəzərdə tutulub və bu zaman əlilliyin yenidən qiymətləndirilməsi və ya şəxsin əlavə müraciəti şərt kimi müəyyən edilməyib. Qanunun mətnindən göründüyü kimi, tələb olunan əsas şərt şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması və həmin anda əlillik statusunun qüvvədə olmasıdır.

Məhkəmə kollegiyası həmçinin qeyd edib ki, şəxsə əvvəllər əlilliyə görə pensiya müəyyən müddət üçün təyin olunmuş olsa belə, həmin müddət ərzində pensiya yaşına çatdığı halda onun pensiyasının ömürlük təyin edilməsi hüququ yaranır. Bu hüququn reallaşdırılması əlavə formal prosedurlarla məhdudlaşdırıla bilməz.

Qərarda vurğulanıb ki, pensiya hüquqlarının təmin edilməsi inzibati orqanın xidməti vəzifəsidir. “İnzibati icraat haqqında” Qanunun prinsiplərinə əsasən, inzibati orqan yalnız şəxsin əleyhinə olan halları deyil, onun xeyrinə olan halları da araşdırmalı, hüquq və vəzifələrini izah etməli və qanunun tətbiqini öz təşəbbüsü ilə təmin etməlidir.

Qanunda birbaşa nəzərdə tutulmayan formal tələblər şəxsin sosial təminat hüququnun həyata keçirilməsindən imtina üçün əsas ola bilməz. Məhkəmə bu baxımdan əlavə müraciət tələbini qanunun məzmununa uyğun hesab etməyib.

Pensiya yaşına çatmış əlil bu qərarın icrasına necə nail ola bilər? Bu qərar real təcrübədə necə tətbiq edilir?

‎Mövzu ilə bağlı “Cebheinfo.az” –a açıqlamasında hüquq müdafiəçisi Samir Zeynalov bildirib ki, pensiya yaşına çatmaq müddətsiz əlillik üçün hər zaman əsas şərt deyil:

“Pensiya yaşına çatmış əlil şəxslər bu məsələ ilə bağlı müraciət edərək onların müddətli əlillik statusunun müddətsiz əlilliyə çevrilməsi üçün yenidən komissiyaya cəlb olunmasını tələb edə bilərlər. Əgər həmin şəxsin mövcud xstəlikləri və vəziyyətində ağırlaşmalar müşahidə olunursa, bu halda ona müddətsiz əlillik təyin edilə bilər.

Amma digər tərəfdən, şəxsin əgər mövcud vəziyyəti, əlillik durumu onun müddətsiz qaydada şəhadətləndirilməsinə əsas verirsə, bununla bağlı pensiya yaşına çatmaq da tələb olunmur. Belə şəxslər də çoxdur”.

Onun sözlərinə görə, praktikada bəzi şəxslərin illər əvvəl verilmiş əlillik qərarları sonradan yenidən yoxlanılır:

“Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, bu gün 65 yaşına çatmadan xeyli şəxsə-bunların arasında hətta Vətən müharibəsi iştirakçıları da var- təyin olunmuş müddətsiz əlillik statusları qeyri-qanuni şəkildə ləğv olunur.

Məsələnin problem tərəfi əsasən bundan ibarətdir. Bundan əlavə, cavabdeh orqan – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi çox təəssüf ki, mövcud məhkəmə təcrübəsini nəzərə almır.

Mövcud məhkəmə təcrübəsi ondan ibarətdir ki, müddətsiz əlillik statusları ilə şəhadətləndirilmiş şəxslərin əlillik statusları yalnız bir il ərzində cavabdeh orqan tərəfindən mübahisələndirilə bilər.

Amma praktikada 10–15 il ərzində əlillik statusu almış, yəni müddətsiz qaydada əlillik statusları şəhadətləndirilmiş şəxslər bu gün də inzibati icraatlara cəlb olunurlar. Onlara əyani baxışla bağlı məktublar, bildirişlər göndərilir, müayinəyə çağırılırlar.

Əsasını da belə qoyurlar ki, sizin əlillik vəziyyətinizə dair şübhələr yaranıb. Yəni şübhə ilə yanaşırlar və şübhə adı altında da əlillik statuslarını qeyri-qanuni şəkildə ləğv edirlər”.

Hüquq müdafiəçisi qeyd edib ki, müvafiq qurum bu məhkəmə mövqeyini praktikada tətbiq etmir:

“Amma Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 11 sentyabr 2024-cü il tarixli qərarı da var ki, hətta vaxtilə müddətsiz əlillik statusu qanunsuz təyin olunsa belə, onu şübhə adı altında ləğv edilməsi qanunsuz sayılır.

Belə əlillik statusları, yəni müddətsiz əlillik statusları "İnzibati İcraat haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əlverişli inzibati akt sayılır. Yəni vətəndaş artıq dövlətin onunla bağlı qəbul etmiş olduğu belə qərara etimad göstərir ki, o, ömürlük əlil olacaq, onun reabilitasiya, sağalmaq imkanı mövcud deyil.

Amma bir müddət sonra belə bir qərarın qəbul olunması təbii ki, vətəndaşın dövlət orqanına olan etimad hüququnun pozulması sayılır. Bununla bağlı Ali Məhkəmənin mövqeyi var.

Lakin çox təəssüf ki, Ali Məhkəmənin bu mövqeyinə baxmayaraq, inzibati orqan olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi vahid məhkəmə təcrübəsini qətiyyən nəzərə almır”.


MANŞET XƏBƏRLƏRİ