Son illərdə texnologiyanın sürətli inkişafı təhsil sahəsində ciddi dəyişikliklərə səbəb olub.
Xüsusilə internetin geniş yayılması onlayn təhsili daha əlçatan və populyar bir formaya çevirib.
Artıq tələbələr və şagirdlər yalnız sinif otaqlarında deyil, evdən və ya istənilən məkandan dərslərə qoşula bilirlər. Bu isə ənənəvi təhsil modeli ilə müqayisədə yeni imkanlarla yanaşı, yeni suallar da ortaya çıxarır.
Müasir dövrdə onlayn təhsilin ənənəvi təhsildən nə ilə fərqləndiyi, hansı modelin daha effektiv olduğu və gələcəkdə onlayn təhsilin ənənəvi sistemi tam əvəz edib-etməyəcəyi geniş müzakirə mövzusuna çevrilib.
Maraqlıdır, bu proses gələcəkdə təhsil sisteminin tamamilə dəyişməsinə səbəb ola bilərmi?
Təhsil eksperti Elçin Əfəndi “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, onlayn təhsilin ənənəvi təhsillə müqayisədə bir sıra üstünlükləri mövcuddur.
Onun sözlərinə görə, onlayn təhsildə hər bir şəxs olduğu yerdən rahat şəkildə dərslərə qoşula bilir:
“Məsələn, bölgədə yaşayan şagird və ya tələbə paytaxtdakı lisey və ya peşə məktəbinin dərslərinə distant formada qatılmaq imkanı əldə edir. Bu, onlayn təhsilin ən mühüm üstünlüklərindən biridir. Ənənəvi təhsilin də özünəməxsus üstünlükləri var”.
Onun fikrincə, sinif mühitində birbaşa iştirak daha obyektiv qiymətləndirmə və şagirdlərin real hazırlıq səviyyəsinin müəyyən olunması baxımından daha effektiv hesab olunur.
Elçin Əfəndi əlavə edib ki, texnologiyanın və süni intellektin sürətli inkişafı gələcəkdə təhsilin istiqamətini dəyişəcək:
“Yaşadığımız dövrün tələblərinə uyğun olaraq, onlayn təhsil tədricən daha geniş yayılacaq. Çünki informasiya texnologiyalarının inkişafı bizi bu prosesə doğru aparır və yaxın gələcəkdə onlayn təhsilə keçid daha da güclənəcək”.
O bildirib ki, hazırda distant təhsil daha çox fors-major hallarda tətbiq olunur, lakin gələcəkdə bu sistemin qanunvericilikdə daha geniş şəkildə tanınmasına ehtiyac yaranacaq.