S.Ə.ŞİRVANİ: gerçəkliyi ötmək inadı



İşıqlı Atalı

I YAZI
S.Ə.Şirvaninin yaradıcılığı Azərbaycan ədəbiyyatı tarixində ayrıca, özünəməxsus hadisədir; bütün cəhətləri ilə ulusun, başlıcası, insanın taleyinə, yaşadığı çağda ayıq, aydın davranmasına yönəlik mənəvi yolgöstərənlik hadisəsidir. Bu gün artıq doğumundan 200 ilə yaxın keçməsinə baxmayaraq həm də onu çağdaşımız saya bilərik. Zahirən S.Ə.Şirvaninin çağı ilə bizi hər mənada onillər ayırır; indi dünyanın halı, düşünmə tərzi tamamilə fərqlidir, süni intellektin insan taleyinə hərtərəfli təsir etdiyi zamanda yaşayırıq. Ancaq insanlığın gedişatı göstərir ki, bu kimi yaradıcılıq örnəkləri ulus, Vətən, dövlət kimi bənzərsiz varlıq faktlarının yaşaması üçündür, deməli, yaradıcılığı çoxşaxəli, çoxsəhətli olan S.Ə.Şirvani indi də bizimlə birgə maarifçi ideyaları ilə yaşayır, həm də mənəvi-ictimai savaşımızın ön cərgələrindədir.

Klassik ədəbiyyatda mifoloji obrazların çoxçalarlığına bir çox şairlərin yaradıcılığında rast gəlirik. Azərbaycan türkcəsində yazıb-yaratmış, ulusal ruhun, dilimizin geniş təsir imkanlarını ortaya qoyan Füzuli, Nəsimi, Xətayi kimi sənətkarların irsində mifoloji obrazlardan istifadə ustalığı, bənzərsizliyi diqqəti çəkir. Həmin dövrdə insanların dünyaya, həyata, insana, təbiətə münasibətinin səviyyəsi, ətrafda gördüklərinə sirli-sehrli yanaşmaları təbii idi. Bu, bir tərəfdən Şərq mühitində, orta yüzillərin davranış tərzinə uyğun olaraq dini-mistik qavram, yaşam tərzi ilə bağlı idisə, başqa tərəfdən də insanların fitrətən ruhsallığa, yəni insanlığa meyli ilə bağlı idi.
Bu gün acı da olsa Şərqin Qərbləşməsi ortadadır; bütün sahələrdə özünü göstərməkdədir; ancaq yaradıcılıq baxımından bu və ya başqa səviyyələrdə hələ də Şərqin əzəli hikmətliyinin təsirləri yaşamaqdadır. Bu, özünü incəsənətdə, ayrıca olaraq musiqidə, habelə, başlıcası, çoxçalarlı, çoxyönlü həqiqət adına dini-fəlsəfi meyillərin axtarışlarında göstərir.
Azərbaycanın Şərqin qədim, bənzərsiz ünvanlarından biri olaraq bu gün də ruhən bir çox sahələrdə yaradıcılıq bənzərsizliklərini qoruyub saxlaması (fəlsəfi düşüncədə, incəsənətin bir çox sahələrində, başlıcası, muğamatda, aşıq sənətində və s.) buna örnək kimi nəzərdən keçirilə bilər.
Kürəsəlləşən dünyada artıq öncəki kimi dünyanı anlamaq ənənəsi yoxdur; bu amil yoxa çıxdıqca insanın dünyaya, həyata, təbiətə, özünə, başqasına sirli, həyanlı, həyalı, yaradıcı, məftunedici, ilahiləşdirici, çağdaş görümlə desək, romantik baxışı əksilir. Bu yoxalma ədəbiyyata da mənfi anlamda təsirini göstərir. Sözün deyilmə tərzi, sanbalı öncəki kimi olmur, məzmun yoxaldıqca biçim də yoxalır.
Seyid Əzimin yaşadığı dövrdə ədəbiyyatda klassik yönün yaşaması həm cidd-cəhdlə qorunurdu, başlıcası, demək olar, başqa yön yox idi, ancaq həm də dünyanın halında yeniləşmə gedirdi, Avopadan Rusiya vasitəsilə gələn adda-budda xəbərlər Azərbaycana, beləliklə, yaradıcı insanlara çatırdı. Bu da istər-istəməz onların yaradıcılığına təsirini göstərirdi.
Fkrimizcə, S.Əzimin yaradıcılığının bu dərəcədə geniş, hərtərəfli, əlvan olması bir tərəfdən fərqli keyfiyyətə malik olması, başqa tərəfdən də yaşadığı çağla bağlıdır.
S.Ə.Şirvani açıqgözlü insan olub. Fitrətən duyub ki, gedişatdan üstün olmaq gərəkdir. Şərqin ünlü dini mərkəzlərində təhsil almışdı, ancaq mahiyyətcə dindar olmadı. Əlbəttə, o dövrdə, özündən sonra yaşamış çoxsaylı yaradıcı insanlara ciddi etkisi olub. Əslində Mirzə Cəlil məktəbinin yaranması bu kimi insanların çabalarından qaynaqlanır. Klassik irsi Füzulidən etkilənir, ustadlığı var. Hər halda ömrün qısalığı baxımından şairin özünü tam aşkarladığını demək olmur: az yaşayıb, ömrü qəfil qırılıb. Ulusal çabaları dəyərlidir, dərsdir...
Fikri ifadə etmək ustalığı, yetkinliyi, zənginliyi Seyid Əzimdə bütün tərəfləri ilə aydın görünür. Həyata dərin bələdlik, həmişə həyatın içində qalmamaq, hərdən həyatın fövqünə qalxmaq cəhdləri, bu yöndə çabalarının gerçəkləşməsi yaratdığı örnəklərdən aydın görünür.
Tarix baxımından yox, yaradıcılıq baxımından obrazlı desək, S.Ə.Şirvani Füzuli ilə Vaqifin arasındadır. Ruhən Füzuliyə yaxın olduğu dərəcədə hisslərinin ifadəsi baxımından Vaqifdən bir o qədər uzaqdır, haradasa az yaxındır. Ancaq gerçəkdir ki, onun hisslərini ifadə etmək ustalığı, romantikliyi çağının az-çox təsiri ilə zamanın yeniləşən ab-havasına uyğunluğu ilə diqqət çəkir.
Füzuli kimi aşiqanəliyi pünhandır, açıq demir, cismani həzz axtarmır. Ancaq Vaqifdə bu, aşkardır, onda dünya (cismani) ləzzətçiliyi var. Vaqifin şair təbi, aşıqsayağı örnəklərdə dilinin klassikadan müəyyən mənada fərqlənməsi (ərəb-fars sözlərinin azlığı) çağdaş ədəbi dilimizin formalaşmasına zəmin yaradanlardan olması onu sanki qınaqdan çıxarır, ancaq ondan sonrakı yüzildə yaşayan Seyid Əzim Füzulinin halını mümkün qədər qoruyub saxlamağa çalışır. Bu, özünü hər şeydən öncə poeziyasının ruhunda, eşqin ucalığının vəsfində, gerçəkliyə sığmamasında göstərir.
Qəzəllərində mifoloji obrazlar: Allah-Rəb-Tanrı:
Eyləməz aşiqi bir lütf ilə xürrəm, ya rəb.
Bu nə rəftardır ol sərvi-xuramanımda?

Burada S.Ə.Şirvaninin Füzuli təsirində oduğu aydındır. Rəbə (Allaha) “sərvi-xuramanı”ndan şikayətçi olan aşiq obrazı əlacsızdır; dərdinə dərman olacaqmı? Aşiq ümidsiz göründüyü dərəcədə kədərlidir. Ancaq deməli, kədər varsa, aşiqin halının ardıcıl yetkinləşməsi də var. S.Əzim də Füzuli kimi əhli kamal olmaq yolundadır, əslində ustadı kimi həqiqətinə yetib. Qəzəldə aşiqin halının ifadəsi kədərdən fərəhə yetdiyini çatdırır.
Nə bəlalər gətirir başıma çeşmin, ya rəb,
Nə qədər var imiş ol nərgisi-cadudə bəla.

Aşıq yalnız sevdiyini görür, Rəbə şikayətin dərdinə əlac olacağını əslində düşünmür. O da Füzulinin aşıq obrazı kimi bu halda qalmağı diləyir.
Behişt (Cənnət). Behiştə meyl eləməz, Seyyidin əgər, ey gül,
Yanında sən kimi bir yari-gülüzarı ola.

Behişt (Cənnət) obrazı var, Aşiqin yetmək istədiyi; əslində sevənin dərdin içində olması öz cənnətinə yetməyinin təsdiqidir. Rəbə şikayət edib dinin cənnətinə düşmək istəyən Aşiq yoxdur. Aşiq ancaq öz cənnətində var olur. Onun əzabı fərəhini yaradır, bu halı isə inamından yaranan təsəvvüründə cənnətin əbədi sakini olmasına yetir.
S.Ə.Şirvanidə fikrin sadə biçimdə ifadəsi var, Füzulidəki dərin ustadlıq burda görünməsə də, halının yiyəsi olduğu aydındır.
Tarı (Tanrı). Məni bir yerdə o mah ilə deyib xəlqə rəqib
Tarı şahiddi ki, beylə quru böhtan olmaz.
Burada Tarı (Tanrı) obrazı Rəbi (Allahı) əvəz edir.

Aşiqin əzabından üzülən, həm də bunu ilahi lütf sayan aşiq Ta(n)rını şahid gətirdiyi dərəcədə taleyi məşuqunun əlindədir, ondan asılıdır. Burada obraza hürufiyanə münasibətin ifadəsi var, habelə sufiyanə yanaşma da var. Seyid Əzimin bu hallara arifanə bələdliyi ortadadır. Mifoloji obrazlardan ustalıqla istifadə, məqamı yaradıb halı ifadə etmək şairin ustadlığının təsdiqidir.
Gəldi fikrin könlümə, ya rəb, ola can bixəbər,
Can çıxaydı cismdən əhvalə canan bixəbər.
Can. Can nə lazımdır, əgər mənzuri-canan olmasa,
Bəsdi cananın xəyalı, qəm degil, can olmasa.
Çıxır can cismdən, bir dəm yetir cananımı, ya rəb!
Görüb rüxsarını təslim edim bu canımı, ya rəb!

Ruh anlamı dində anlaşılmadığı dərəcədə mahiyyətcə aşiq ağlında anlaşılır.
İndi də tez-tez işlədirik, elə bil canım ondadır. Bu beytdə də aşiqin canı sevdiyindədir. Canansız can ona qətiyyən gərək deyil. Aşıqin canının yiyəsi cananıdır, canını ona təslim etməklə vəslə yetmək istəyir, burada sufiyanəlik özünü göstərir: sevdiyinə qovuşmaq, onda itmək. Ancaq S.Əzimin döyüşkənliyi həm də hürufi halını daşıdığından xəbər verir.
Aşiqin canını urvatlı edən cananıdır, ona görə yaşayır, onsuz həyat, öz həyatı – ömrü heçdir. İndi son nəfəsində də onun hökmünü gözləyir. Burada Rəb obrazı Aşiqə əlaqələndirici kimi gərək olur əslində.
Ey könül, məscid yolun tərk et, rəhi-meyxanə tut.
Tutma əldə zahidin təsbihini, peymanə tut.
Can verib cananə, yan şəmi-rüxündən dilbərin,
Gər kəmal istərsən ey dil, şiveyi-pərvanə tut.

Meyxanə obrazı burada təsadüfi seçilməyib. Burada mey – həqiqəti tapmaq, həqiqətin ünvanı anlamındadır. Aşiq canını cananına verdiyi dərəcədə var olur, canansız onun varlığının təsdiqi yoxdur. Bu qovuşma onu Füzulinin aşiq obrazı kimi kamilləşdirir, gerçəkdir ki, o, dində həqiqətini tapmır, cananın hüsnünü xəyal etdiyi dərəcədə həqiqətə yetir. Burada insanın ilahilik qüdrətinin necə bir ülvi ölçüdə vəsf olunduğu aşkara çıxır.
Gər müj deyi-visalı gələ, yoxdu faidə,
Canım çıxar fərəhdən, əgər bir xəbər gəlir.
Şeytan. Səcdə qıl yarə, könül, baxma o zahid sözünə,
Adəm ol, mətləbi qan, eyləmə şeytan ilə bəhs.

Burada aşiq gerçəkçi görünür, İnsan obrazı var ağlında; bu, Yardır. Zahidə uymur, mətləbi qanıb, həqiqətini tapıb. Sevdiyinə səcdə qılmaq aşiq üçün hər şeydir. Seyid Əzim Füzuli halındadır, onun kimi gözü sevdiyindən başqa kimsəni görmür. Sevənin ürəyi hər cür pislik çeşidlərindən arınıb, özü olub. İndi o, hər şeyə aydın baxa bilir, həqiqəti yalandan ayıra bilir. Şeytan obrazının ifadəsi ağılda müəyyən bir təsəvvür yaradır. Həqiqətə yetənin Şeytanın təsirinə yetməsi mümkün deyil. Aşiq ilahi ünvanını tapıb, vəslə yetib, fərəhlidir, şeytan onu aldadıb yolundan azdıra bilməyəcək.
Dində Allahın hökmünə əməl etməyən şeytandan fərqli olaraq burada artıq obyekt İnsandır. Sevən insan həqiqətini qoruyur, vəslə yetməsini bayram edir.
Cənnət. Sənsiz fəzayi-cənnəti-məvadə yox fərəh,
Ətrindən olmasa güli-rənadə, yox fərəh.

Bu beytdə insana olan ümid, inam ən yüksək ölçüdə ifadə olunur. Mifoloji şüurda insanın hər mənada xoşbəxtliyini bəlirləyən ünvan olan Cənnəti ətirləndirən aşiqin sevdiyidir.
Cənnət həramım olsun əgər şəkvə eyləsəm,
Öz xahişimlə yaxsa məni narə aşina.

Eşq dərdinə tutulmaq odla oynamaqdır Seyid Əzimin qənaətində. Ancaq o, taleyini özü seçir, aqibətini özü yaradır. Odda yanmaq – ağıllanmaqdır, işıqlanmaqdır, sonda idraklanmaqdır burda. Bunu şair - aşiq fəhmlə deyir, doğru deyir, yaşantılarını dilə gətirir. “Narə aşina” olmağı aşiq özü istəyir, diləyir ki, oda yaxılsın…
Oda yaxılır, həqiqətini anlayır. Yandıqca ruhsal (insani) imkanları aşkarlanır.
Aşiq-şair eşqdə Füzuli kimi əhli kamal olur. Bu, ayrıca diqqət yetirilməli məsələdir. Aşiq Cənnətini oda yaxılmaqda görür.
Din mifologiyasında Od motivi Cəhənnəmə xasdır. Dinin vəd etdiyi Cəhənnən dünyasında yalnız sorğu-sualdan keçə bilməyən, qaydalara əməl etməyənlər əbədi olaraq odda yanmağa məhkum ediləcəklər, hələ bu proses başlamayıb.
Əsil ədəbiyyat gerçəkliyi ötür, xülya sərhəddini aşır, bədii yaradıcılıq xəyalın gücüylə yaradıcının şəxsində həqiqətə yetir. Burada həqiqətə yetmə məzmun və biçim sarıdan yetkinlik ifadə edir. Özünü, halnı ifadəetmədə qətiyyən yalan yoxdur.
Türk mifoloji düşüncəsində Od obrazlaşır, yazılı ədəbiyyatda ayrı-ayrı janrlar üçün yaşarı, bənzərsiz ideya qaynağı olur.
Od Füzulidə mifoloji obraz kimi nəinki nəzərdən keçirilə bilər, fikrimizcə, elə bu cür anlaşılsa, daha məntiqə uyğun olar. Odun obrazlaşması - mifoloji mahiyyətli olması ilə bağlıdır: ağılda, düşüncədə gerçəklik ölçüsü aşılır, ayrı-ayrı hadisələrin mayasında Odun - Odlanmanın təsiri aydınca duyulur. Füzulinin Aşiq obrazı gerçəkliyin bütün məqamlarında sınanır, əzablara tuş gəldikcə yenə də istəyir ki, dərdi artsın. Dərddə özünün həqiqətinə yetən Aşiq içdən təmizlənir. Odun burada Azərbaycan-Türk Ruhundan gələn içi təmizləyici xüsusiyyəti Füzuli ölçüsündə mənalandırılır. Bu ölçünün kökü Zərdüşt, Babək, Dədə Qorqud, Nəimi-Nəsimi ruhundan gəlir.
S.Ə.Şirvaninin Odu bu dərəcədə ulusal (xəlqi) məzmunda obrazlaşdırması ruhumuza dogma gəlir, Füzuli ənənəsinin ardıcılı olmaq haqqı qazanır. Görünən budur ki, aşiq Cənnətin vəd etdiyi xoşbəxtlikdənsə, məşuqunun əlilə cəhənnəmdə, yəni əslində cənnətdə yanmağı üstün tutur. Bura onun üçün əslində gerçəkdən (xəyal gerçəkliyində) Cənnətdir, çünki özünü tanıyır, eşqinə daha da möhkəm bağlanır, aqibətinin geriyədönməz olduğunu bilir.
Füzuli ilə bağlı aşdırmamızda Odun mifoloji obrazlaşdırılmasını təhlil etmiş, bu qənaətə gəlmişdik ki, Füzulidə Od mifoloji obrazı başqa, yayğın obrazlarla müqayisədə zahirən öndə görünməsə də, ancaq əslində Füzuli aşiqliyinin, bənzərsizliyinin sübutu kimi göz önündə ilk olaraq canlanır. Seyid Əzimdə də bu xətti aydınca görmək olur. Aşiq eşqini o dərəcədə aydın, həm də “dəlicəsinə” ifadə edir ki, onun “dəliliyinin” Od obrazından qaynaqlandığı bilinir.
(Ardı var)


MANŞET XƏBƏRLƏRİ