Belçikanın Wielsbeke şəhərində keçirilən MOOOV Film Festivalı çərçivəsində Azərbaycanlı şair Ümid Nəccari xüsusi çıxışla iştirak edib. Aprelin 29-da baş tutan tədbirdə müxtəlif ölkələrdən sənət adamları və ictimai fəallar bir araya gələrək insan haqları, miqrasiya və qlobal problemlər ətrafında fikir mübadiləsi aparıblar.
Festival yerli və beynəlxalq auditoriya üçün mədəniyyətlərarası dialoq platforması kimi diqqət çəkib.
Tədbir çərçivəsində It Was Just an Accident filminin nümayişi keçirilib. Cəfər Pənahi tərəfindən çəkilən və Kann Film Festivalında “Qızıl Palma budağı” mükafatına layiq görülmüş bu ekran əsəri siyasi repressiya, travma və yaddaş mövzularını dərin psixoloji aspektdə təqdim edir. Film nümayişindən öncə təşkil olunan müzakirə panelində iştirakçılar əsərdə qaldırılan etik və ictimai məsələlər ətrafında fikir bölüşüblər.
Ümid Nəccari çıxışında ədəbiyyatın və poeziyanın insan hüquqları mövzusunda oynadığı roldan, şəxsi yaradıcılıq təcrübəsindən danışıb və şeirlərini auditoriya təqdim edib. Festival çərçivəsində keçirilən bu cür görüşlərin cəmiyyətlər arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinə töhfə verdiyi vurğulanıb.