İlham Əliyevə “İrpen şəhərinin fəxri vətəndaşı” adı verildi – FOTO


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə “İrpen şəhərinin fəxri vətəndaşı” adı verilib.

Turkustan.az xəbər verir ki, bu barədə İrpen şəhərinin meri Angela Makeyeva “Facebook” hesabında məlumat verib.

Mer bildirib ki, müvafiq qərar İrpen şəhər şurasının bu gün keçirilən iclasında qəbul edilib:

“İrpen icması ilə Azərbaycan xalqı arasında uzunmüddətli dostluq və tərəfdaşlıq münasibətləri mövcuddur. Bu əlaqələr həm əməkdaşlıq, həm də ortaq mədəni və tarixi bağlar, eləcə də sülhə olan ümumi istək üzərində qurulub.

İrpen şəhərində görkəmli oftalmoloq, Prezident İlham Əliyevin anası Zərifə xanım Əliyevanın adını daşıyan park, küçə, lisey və muzey var”.

Makeyeva Azərbaycan tərəfindən İrpen şəhərinə edilən humanitar yardımlardan da söz açıb:

“Tammiqyaslı işğalın ilk günlərindən Azərbaycan və qardaş şəhərimiz Laçın İrpenə hərtərəfli dəstək veriblər. Azərbaycan hökumətinin köməyi ilə “Dilçi” liseyini və şəhər poliklinikasını bərpa etmişik. Prezident Zelenski və Prezident İlham Əliyev arasında keçirilən görüşdə təhvil verilmiş yeni elektrikli avtobuslar da tezliklə İrpenə gətiriləcək.

Bundan əlavə, 2026-cı ildə Azərbaycan tərəfindən Mədəniyyət Evinin, Gənclər və İdman Məktəbinin və yaşayış fonduna aid obyektlərin yenidən qurulması planlaşdırılır.

Biz Prezident İlham Əliyevə verilən bu fəxri adı İrpen icmasını səmimi qəlbdən dəstəkləyən və Ukraynanın qələbəsinə inanan bütün Azərbaycan xalqına həsr edirik. Qərara görə İrpen şəhər şurasına təşəkkür edirik. Daimi köməyinizə və tərəfdaşlığımızın davamlı inkişafına görə Prezident İlham Əliyevə, Azərbaycan hökumətinə və xalqına, o cümlədən Ukraynadakı Azərbaycan diasporuna minnətdarlığımızı bildiririk”.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəmizə işgüzar səfəri çərçivəsində Azərbaycan dövləti tərəfindən İrpen şəhərinə humanitar yardım olaraq 5 elektrik avtobusu hədiyyə olunub.


Bizim.Media


MANŞET XƏBƏRLƏRİ