İran Parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf ABŞ və İsrailin müxtəlif vasitələrlə ölkəni daxildən zəiflətməyi hədəflədiyini bildirib.
Turkustan.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın yaydığı məlumata görə, Qalibaf qeyd edib ki, “düşmən yeni mərhələyə keçib” və dəniz blokadası, media təbliğatı, iqtisadi təzyiq, eləcə də daxili qarşıdurmalar yaratmaq yolu ilə İranı zəiflətməyə çalışır.
O vurğulayıb ki, bu strategiyanın məqsədi ölkəni daxildən parçalamaq və sonda çökdürməkdir. Qalibaf həmçinin ABŞ prezidenti Donald Trampın İran cəmiyyətini “sərt xətt tərəfdarları və mülayimlər” kimi qruplara bölərək təzyiqi artırmağa çalışdığını iddia edib.
Parlament sədri belə vəziyyətdə əsas çıxış yolunun milli birlik və həmrəyliyin qorunması olduğunu qeyd edib. Onun sözlərinə görə, sosial birlik indiyədək düşmən planlarının qarşısını alıb və hazırda daha da vacib əhəmiyyət daşıyır.
Qalibaf əlavə edib ki, ölkədə siyasi və hərbi rəhbərlik tam koordinasiya şəraitində fəaliyyət göstərir və bu birlik İranın ali rəhbəri Müctəba Xameneinin ətrafında formalaşıb.
Aytən Yaşar/ Turkustan.az