Pyotrun vəsiyyətində Qafqazın istilası və İstanbulun fəthi – “Dirilik” jurnalından çıxarışlar


Rusiya imperatoru böyük Pyotrun vəsiyyətnaməsi

Miladın 1138-ci ilində vəfat etdikdə özü yazmışdır:

Cənabi-Haqqın həmdü-sənasından sonra tamam övlad və canişinlərim bilməlidirlər ki, görürəm, gələcəkdə get-gedə bütün övladım bir-birindən sonra Avropanın sair məmalikində hökmran olacaqlardır. Zira Avropanın bütün rəyasət və səltənətləri köhnələnmiş və qocalmışlardır. Rus səltənəti isə ibtidadan vəziyyət və samanca, tərəqqi, nəzm və nəsəqcə ləyaqətli və cəmii-rəyasət və səltənətlərin sərdəftəridir. Biz ibtidada bu səltənəti əql ilə tapmışıq. Mən əfkarım öz bəkçisinin təyidi ilə muradımın gəmisini məqsudi-sahilinə yetirmişəm. Mən bilirəm ki, mənim canişinlərim o təkin tədbirlər ilə bu səltənətin tövsiyinə çalışıb bəhri-əzəm misalında edəcəklərdir. Binaənəleyh, onlar üçün bunca kəlməni hidayət və vəsiyyət surətində yazıram ki, əllərində dəsturüləməl olsun.

1) Rus dövləti həmişə müharibə ləvazimatı tədarük edib hazır olmalıdır, zira bu qüvvə Rusiyanın tərəqqisinə səbəb olacaqdır.

2) Mümkün olduqca müharibə zamanında Avropanın ətraf və əknafında olan dövlətlərdən sərəskərlər tələb etməlidir. Müharibə işində həmişə işləməlidir. Sülh zamanında üləma, hükəma və ərbabi-sənayeni dəvət etməlidir.

3) Avropa məmləkətləri ilə sair məmləkətin arasında fitnə və fəsad vüqu olduqda yaxşı bir mövqe tutmaq şərti ilə onların birisi ilə şərik olmalıdır, ələlxüsus, alman qövmünün arasındakı iğtişaşda. Zira bu hökumət Rusiya dövləti ilə bitişikdir.

4) Lehistana ixtilal və nifaq salmalı, o məmləkətin əyan və əkabirinə rüşvət verib, onların dəyanətini xələldar etməlidir. Moskvadan əsgər gətirdib olduğu kimi Lehistanda qoymalıdır. Əgər sair hökmdarlar müdaxilə edərlərsə, filfövr Lehistan topraqından bir parça onlara haqqus-sükut verməli, iş tamam olduqdan sonra o parçanı da geri almalı, Rusiya səltənətini möhkəm və təkmil etməlidir.

5) Mümkün qədər də İsveç, Norveç məmləkətindən əldə etməli, amma tədbir ittixaz etməlidir. Çünki o məmləkətin valisi, əlinizdə o məmləkəti fəth və təsxir etməyə bəhanə olmaq üçün sizə hücum edərsə, o vaxt bu məqsədi hasil etmək üçün Danimarka qitəsini İsveç-Norveçdən ayırmalı və bu iki məmləkətin arasında ədavət və xüsumət danəsini əkməlidir.

6) Rus şahzadələri həmişə Almaniya sultanlarının, böyüklərinin, vəlilərinin və ali rütbə sahiblərinin qızlarını təzvic etməlidirlər, bu zəmində böyük fayda təsvir olunur.

7) İngilis hökuməti ilə ittihad və irtibat, ticarət ümuratında dəxi ittifaq etməli, çünki gəmiqayırmaya gərək olan ləvazimat mumaileyha hökumətdən alınacaq və çoxlu məmfəət hasil olacaqdır. İngilislərlə olan irtibatın səbəbilə hərb gəmisi və əsləhələr qayırmaqdan böyük köməklik görüləcəkdir.

8) Rusiya dövlətinin hüdudu Avropada şimala, Baltik dənizinin şimalına qədər, cənubən Qara dənizə qədər vüsətlənməlidir.

9) Rusiya dövlətini o vaxt dövlət adlandırmaq olar ki, paytaxtını bütün Asiya və Avropa xəzinələrinin açarı olan İstanbulda qərar vermiş ola. Əlhal, hətta əlimkan çalışıb İstanbulun qərb və civarına sahib olmalı. Əlbəttə, İstanbula sahib olan padşah aləmdə padşahlar-padşahı olacaqdır. Buna görə bu məqsudu nizai-felə çıxartmaq üçün həmişə Türkiyə ilə İran arasında fitnələr törədib dava və dalaşı daimət ilə baqi və bərqərar etməlidir. Sünni və şiə məzhəbinin ixtilafı böyük ordu və kəskin silah işini görürsə də, Asiyada Rusiya nüfuzunu yürüdmək üçün dəxi ən birinci vəsilədir. Bununla bərabər, sizə dəxi lazımdır ki, daimül-övqat hər vəsilə ilə mümkün olsa, onların arasında nifaq, bürudət səbəblərini toplayıb, bir-birlərinə xüsumət və ədavət artırıb, onları ülfət və müvanisət məqamına gəlməyə qoymayasınız. Bizi ən çox xoşhal edən şeylərdən biri də sünni, şiə və sairənin arasındakı ədavət, üləmanın ümuri-müsliminə müdaxilə və təsəllüt etməyi və onların müsəlmanları Avropa millətləri ilə qarışmağa caiz görməməkləridir ki, islamlar göz açıb quyu ilə açıq yolu tanıyarlar. Bu iki firqə islam adının tezliklə Asiyadan bərtərəf olmasına, isəviyyətin tərbiyə və mədəniyyətini Rusiya padşahlarının o yerlərdə nəşr və tə’mim etməyinə kifayət edəcəkdir.

Məxfi qalsın: bizim üləmamızın müdaxilə və təsəllütü idi ki, bu günə qədər Rusiya dövlətinin tərəqqisinə mane olmuşdur. Mən öz qüdrət və istiqlalımı izhar etməklə onları mən etdim. İndi ən adi bir dərəcədə qalmışlardır. Lakin çox zəhmətlərlə bu qailəni aradan qaldırdım. Ruhanilərin dövlət və millət ümuratından müdaxilə əllərini qısaldıb onları kəlisalara mütəqaid elədim. Bundan əlavə, cürbəcür tədbirlər etməli ki, İran məmləkəti gün-gündən pulsuz və ticarətsiz qalsın. Xülasə, İranı həmişə tənəzzülə sövq etməli və hali-ehtizarda saxlamalı ki, Rusiya dövləti istədiyi vəqtində zəhmətsiz İranı söndürməyə qadir olsun. Amma Türkiyə dövləti məhv olmadan İranın canını almağınız məsləhət deyildir. Gürcüstan məmləkəti, Qafqasya xətası İranın şahdamarıdır. Rusiyanın təsəllüt neştəri məzkur damara yetişərsə, filfövr ürəyindən zə’f qanı açılacaq və onu öylə bihal edəcəkdir ki, min Əflatun gəlsə də, onu islah edib və sağaltmaq mümkün olmayacaqdır. O vaxt İran məmləkəti Rusiya padşahlarına dəvə kimi müti olacaqdır və Türkiyənin işini qurtardıqdan sonra İranı müşkülatsız nəhrü zibh etmək mümkün olar. Ona binaən, sizə lazımdır ki, vəqt fövt etmədən Gürcüstanı və Qafqasyanı zəbt və təsxir edib İranın daxili hakimlərini özünüzə xadim və müti edəsiniz.

Ondan sonra Hindistana qəsd etməli. Zira o məmləkət çox böyük və vüsətli bir ticarət yeridir. Əgər oranı ələ keçirmiş olsanız, İngiltərə vasitəsilə hasil olunan pul əvvəlkindən də ziyadə Hindistandan hasil edilə biləcəkdir. Hindistanın açarı Türkistanın paytaxtıdır. Nə qədər bacarırsınızsa, qırğız, xivə və Buxara səhraları tərəfindən iləriləyiniz ki, məqsudunuz sizə yaxınlaşacaqdır. Lakin təəmmül və fikr etməyi buraxmayınız. Tələsmək və yeyinlikdən ictinab ediniz.

Avstriya dövləti ilə zahirdə dost olmalı, amma öylə bir tədbir etməli ki, Alman və Avstriya get-gedə ayaqdan düşsünlər. Bəlkə Avstriya ilə yoldaş olmalı, Türkiyəni Avropadan çıxartmalı, bu şərtlə ki, Avstriya bu yoldaşlıqdan fayda hasil edə bilməsin. Bu işdə iki yol vardır. Biri, Avstriyanı başqa tərəfdə məşğul etməli və bir də Avstriyaya Türkiyə məmləkətindən öylə bir parça verməli ki, gələcəkdə onun geri alınması asan olsun.

10) Yunanilər ilə sülh və müsalimət ilə dolanınız, dava vaxtında onlar sizə böyük imdad edərlər.

11) İsveç, Norveçi, Türkiyəni, İranı və Lehistanı fəth etdikdən sonra İtaliya və Fransa ilə ittihad və irtibat peyda ediniz. Əgər onlardan heç birisi bizim dostluğumuzu qəbul etməzlərsə, o vaxt bu vəsilə ilə o biri əyalətləri nistü nabud ediniz. Ondan sonra o hökuməti də öz təhti-təsərrüfünüzə keçirib hökümran olunuz.

12) Əgər bu iki zikr olunan rəyasətlərdən biri müharibəni qəbul etməzsə, öylə bir tədbir etməli ki, bu iki hökumətin arasında fitnə və fəsad vaqe olsun. Bu cəhətlə get-gedə onlardan biri aradan götürülüb bərbad olacaqdır. O vaxt qalmış hökumətləri tarac edib bir nəfərin zəhmətini çəkmədən bütün Avropa məmləkətinə fərmanfüruluq edərsiniz. İşin axırında sair məmləkətlərin hamısını öz məmləkətinizə ilhaq edib bütün dünyaya sahib olarsınız.

Yazı MİMTA Fondunun layihəsi əsasında transliterasiya edilmiş “Dirilik” jurnalının 1 iyun 1915 tarixli 16-cı sayından götürülmüşdür.


MANŞET XƏBƏRLƏRİ