Azərbaycan-Özbəkistan münasibətləri yeni regional tərəfdaşlığın təməlidir


Sahil İsgəndərov, politoloq
Son illər Azərbaycan-Özbəkistan münasibətləri ənənəvi diplomatik qarşılıqlı əlaqələrdən daha geniş məna kəsb etməyə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Milli Xəbər Agentliyinə verdiyi müsahibədə vurğuladığı kimi, bu gün ikitərəfli münasibətlər siyasi etimadın iqtisadi tamamlama, humanitar yaxınlıq və regional inkişaf üçün ortaq baxışla birləşdirildiyi çoxşaxəli alyans modelini sərgiləyir.
Xüsusi unikallıq təməli ilə seçilən Azərbaycan-Özbəkistan münasibətləri ortaq tarixi təcrübə, türk mədəni irsi, dili, mənəvi dəyərləri və tarixi yaddaş qarşılıqlı etimad üçün təbii əsas yaradır. Lakin bu münasibətlərin müasir əhəmiyyəti artıq yalnız sivilizasion yaxınlıqla yox, həm də onların ardıcıl şəkildə institusionallaşması ilə müəyyənləşdirilir.
Son beş ildə yüksək əsviyyəli 15 qarşılıqlı səfər baş tutub və siyasi əlaqələrin bu intensivliyi strateji əlaqələndirmənin sabit mexanizminin formalaşmasından xəbər verir. İlham Əliyevlə Şavkat Mirziyoyev arasındakı şəxsi münasibətlər bu prosesdə xüsusi rol oynayır və iki ölkənin siyasi müzakirələrində qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm amil kimi qəbul olunur.
İkitərəfli münasibətlərdə əsas mərhələ 2024-cü ildə Strateji Tərəfdaşlığın Daha da Gücləndirilməsi haqqında Bəyannamənin və 2025-ci ildə Müttəfiqlik Münasibətləri haqqında Müqavilənin imzalanması oldu. 2023-cü ildə Ali Dövlətlərarası Şuranın yaradılması da çox vacib məqam kimi tarixə düşüb. Onun əhəmiyyəti epizodik siyasi dialoqdan uzunmüddətli prioritetlərin müntəzəm əlaqələndirilməsinə keçidlə şərtləndirilir.
Beləliklə, Azərbaycan-Özbəkistan münasibətləri siyasi iradənin daimi əməkdaşlıq institutlarına çevrildiyi modelə uyğun şəkildə inkişaf edir.
Münasibətlərin dərinləşməsinin ən bariz göstəricilərindən biri iqtisadi-ticari əməkdaşlığın yüksələn xətt üzrə inkişafıdır. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi bir ildə üç dəfədən çox artaraq 795 milyon dollara çatıb. 2026-cı ilin yanvar-may ayları arasında ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici daha 33% artıb.
Lakin ticarətin kəmiyyət artımından daha vacib olan məqam onun strukturunun da dəyişməsidir. Tərəflər tədricən sadə mal mübadiləsindən birgə müəssisələrin, investisiya mexanizmlərinin və istehsal zəncirlərinin yaradılmasına keçir.
Kapitalı 500 milyon dollar olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti mühüm bir alətə çevrilib. Onun fəaliyyəti hər iki ölkədə sistemli layihə maliyyələşdirilməsi üçün əsas yaradır və siyasi etimadın uzunmüddətli investisiyalara çevrilməsinə imkan verir.
Neft, qaz və neft-kimya sənayesindəki layihələr xüsusi diqqət çəkir. “Neftegaztexnologiya” və “Turan Energy” birgə müəssisələri iki ölkənin istehsal və texnoloji imkanlarını birləşdirir. Xüsusilə Azərbaycan neft-kimya məhsullarının Özbəkistana ixracı vacibdir.
Daha bir perspektivli sahə avtomobil sənayesidir. “Chevrolet” avtomobillərinin və “Isuzu” avtobuslarının istehsalı iqtisadi əməkdaşlığın lokalizasiya və sənaye əməkdaşlığı səviyyəsinə çatdığını göstərir.
Bundan əlavə, ikitərəfli investisiya axını qeydə alınır. Azərbaycanda Özbəkistan sərmayələrinin yatırıldığı 130-dan çox təşkilat fəaliyyət göstərir, Azərbaycan müəssisələri isə Özbəkistanda böyük layihələr həyata keçirirlər. Bunların arasında Daşkənddəki “Rits-Çarlton” otel və yaşayış kompleksi, habelə “Sea Breeze Uzbekistan” turizm layihəsi mövcuddur.
Nəticə etibarilə, bu yalnız icarət tərəfdaşlığı yox, həm də hər iki ölkənin şirkətlərinin bir-birinin bazarlarında iştiraka təşviq edildiyi qarşılıqlı asılı iqtisadi sistemdir.
İkitərəfli əlaqələrdə nəqliyyat və tranzit məsələlərinə gəldikdə, 2025-ci ildə Azərbaycan və Özbəkistan arasında tranzit daşımaları 6,7% artaraq 1,4 milyon tona çatıb. 2026-cı ilin yanvar-iyun ayları arasında artım daha 12,2% təşkil edib.
Bu məqam iki ölkənin əhəmiyyətli coğrafi üstünlüyünü nümayiş etdirir. Azərbaycan Orta Asiya, Qafqaz və Avropa arasında əsas əlaqə qovşağıdır, Özbəkistan isə Orta Asiyada mərkəzi mövqe tutur. Buna görə də onların əməkdaşlığı təkcə ikitərəfli ticarət üçün deyil, həm də yeni Avrasiya marşrutlarının inkişafı üçün vacibdir.
Təsadüfi deyil ki, Azərbaycan Prezidenti müsahibədə Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə əlaqələndirilməsi ehtimalını xüsusi vurğulayıb. Bu cür təşəbbüslərin həyata keçirilməsi Azərbaycan-Özbəkistan tərəfdaşlığını Şərqlə Qərbi birləşdirən daha böyük nəqliyyat arxitekturasının bir elementinə çevirə bilər. Məhz burada ikitərəfli münasibətlər regional əhəmiyyət kəsb edir: Azərbaycan və Özbəkistanın iqtisadi maraqları Avrasiya regionunda əlaqəni artırmaq məqsədi ilə üst-üstə düşür.
Enerji sahəsində əməkdaşlıq perspektivləri tədricən ənənəvi neft və qaz əməkdaşlığından bərpa olunan enerjiyə keçidi ehtiva edir.
2025-ci ildə Azərbaycan, Özbəkistan və Qazaxıstan tərəfindən “Yaşıl Dəhliz Birliyi” birgə müəssisəsinin yaradılması regional enerji əməkdaşlığı üçün yeni bir məntiqi sərgiləyir. Bu, bərpa olunan enerjinin ixracı və Xəzər dənizi vasitəsilə ötürülməsi də daxil olmaqla, yaşıl enerji dəhlizi layihəsinin əlaqələndirilməsini əhatə edir.
Bu istiqamət bir neçə səbəbdən strateji əhəmiyyətə malikdir. Əvvəla, enerji əməkdaşlığını şaxələndirir. İkincisi, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələri gücləndirir. Üçüncüsü, Avropa və regional bazarlara yönəlmiş yeni enerji infrastrukturunun inkişafını asanlaşdırır. Beləliklə, enerji tərəfdaşlığı tədricən transformasiya olunur: karbohidrogen sektorundakı əməkdaşlıqdan yaşıl enerji potensialının birgə inkişafına qədər.
İkitərəfli münasibətlərin uzunmüddətli məzmunu xüsusilə də cəmiyyətlər arasındakı əlaqələrlə şərtləndirilir. Bu kontekstdə mədəni və humanitar əməkdaşlıq köməkçi deyil, strateji bir sahədir.
Azərbaycan və Özbəkistan Mədəniyyət Günləri, Xivədə “Şuşa Günləri”, elmi konfranslar, təhsil proqramları və media forumları ictimai qarşılıqlı əlaqənin daimi kanallarını yaradır.
Özbəkistan Milli Pedaqoji Universitetinin Nizami Gəncəvinin adını daşıması xüsusilə böyük rəmziliyə malikdir. Bu, sadəcə böyük şairə hörmət əlaməti deyil: bu cür simvollar mədəni irsin türk xalqları üçün ortaq bir məkan kimi qəbul edilməsini nümayiş etdirir.
Bakıda yaradılan “Özbəkistan” Parkı da oxşar funksiyanı yerinə yetirir. Bundan əlavə, Özbəkistanın təşəbbüsü ilə inşa edilən Füzulidəki Mirzə Uluqbəy Məktəbi ikitərəfli münasibətlərdə xüsusi əhəmiyyət kəsb edir. Bu layihə genişmiqyaslı bərpa prosesindən keçən bir bölgədə həyata keçirilməsi sayəsində əlavə məna qazanır.
Bu kontekstdə mədəni diplomatiya bir neçə səviyyədə önəm kəsb edir - tarixi yaddaşı gücləndirir, cəmiyyətlərin bir-birinə müsbət baxışlarını inkişaf etdirir və siyasi birlik üçün sosial təməl yaradır.
Azərbaycan-Özbəkistan media və QHT forumları, qeyri-hökumət təşkilatları üçün ilk birgə qrant müsabiqəsi iki ölkənin cəmiyyətləri arasında üfüqi əlaqələri inkişaf etdirir.
Şəhərlər arasında qardaşlıq münasibətlərinin inkişafı ikitərəfli münasibətlərin dərinlləşdirilməsi və möhkəmləndirilməsinə ümidləri daha da gücləndirir. Bakı və Daşkənd, Şuşa və Xivə, Lənkəran və Buxara, Şəki və Kokand və digər şəhərlər regional səviyyədə birbaşa əlaqələrin unikal şəbəkəsini təşkil edir.
Bu model xüsusilə müttəfiqliyin uzunmüddətli dayanıqlığı üçün vacibdir. Əgər dövlət münasibətləri siyasi elitaların qərarlarından asılıdırsa, regionlararası, təhsil və mədəni əlaqələr onların yeni nəsillər arasında davamlılığı üçün əsas yaradır.
Münasibətlərin strateji məntiqi nəticəsi ondadır ki, Azərbaycan-Özbəkistan tərəfdaşlığı artıq yalnız ikitərəfli kontekstdə qiymətləndirilmir.
Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini ardıcıl şəkildə genişləndirir. Mərkəzi Asiya dövlət başçılarının məşvərət görüşlərində Azərbayacn liderinin iştirakı xüsusilə əhəmiyyətlidir. Bu, C5 formatının faktiki olaraq C6 formatına keçidini göstərir və regional əməkdaşlığın coğrafi və siyasi əhatə dairəsini genişləndirir.
Yeri gəlmişkən, məhz Özbəkistan bu qərarın qəbulunda mühüm rol oynayıb. Beləliklə, Daşkənd təkcə Bakının müttəfiqi kimi yox, həm də yeni regional konfiqurasiyanın formalaşmasında əsas tərəfdaş kimi çıxış edir.
Bu reallıq çox vacib olan fundamental geosiyasi əlaqə yaradır: Mərkəzi Asiya - Xəzər dənizi - Cənubi Qafqaz - Avropa. Azərbaycan və Özbəkistan bu məkanın əks qütblərində yerləşsələr də, məhz bu səbəbdən onların bir çox sahələrdə maraqları bir-birini tamamlayır.
Tərəfdaşlığın digər bir konteksti Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlıqdır. Bakı və Daşkənd üçün təkcə siyasi qarşılıqlı əlaqə üçün platforma deyil, həm də ortaq mədəni məkanın qorunması mexanizmini təmsil edir.
Azərbaycan və Özbəkistan türk əməkdaşlığını əsasən mədəni konsepsiyadan tamhüquqlu siyasi və iqtisadi formata çevirməkdə maraqlıdırlar. Nəqliyyat, investisiya, enerji, təhsil, rəqəmsal texnologiyalar və humanitar əlaqələr onun gələcək inkişafının əsas sahələri ola bilər. Ortaq tarixi irsin qorunması təşəbbüsləri ilə birlikdə bu, daha sıx siyasi və iqtisadi inteqrasiya üçün humanitar təməl yaradır.
Cənab İlham Əliyevin müsahibəsi Azərbaycan-Özbəkistan münasibətlərinin mövcud modelinin bir-biri ilə əlaqəli dörd səviyyə üzərində qurulduğunu təsdiqləyir.
Əvvəla siyasi çərçivədə yüksək səviyyəli etimad, liderlər arasında müntəzəm təmaslar və sazişlər əsasında ittifaqın yaranmsı rəsmiləşdirilib.
İkincisi, iqtisadi kontekstdə artan ticarət, investisiya mexanizmləri, birgə müəssisələr və sənaye əməkdaşlığı formalaşıb.
Üçüncüsü, infrastruktur sahəsində tranzitin inkişafı, Orta Dəhliz və yaşıl enerji də daxil olmaqla enerji əlaqələri yaradılıb.
Dördüncüsü, humanitar gündəliyi şərtləndirən mədəniyyət, təhsil, media, QHT-lər, turizm və regionlararası əlaqələr təşəkkül tapıb.
Tərəfdaşlığı davamlı edən bu dörd komponentin vahid çərçivədə birləşməsidir. Onun gələcək potensialı iki ölkənin milli layihələrini daha genişmiqyaslı regional təşəbbüslərlə sinxronlaşdırmaq imkanına malikdir.
Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana qarşıdan gələn dövlət səfəri sadəcə növbəti diplomatik təmasdan daha böyük hadisədir. Bu, mövcud razılaşmaların möhkəmləndirilməsi və birgə fəaliyyətin yeni sahələrinin müəyyən edilməsi üçün bir mərhələyə çevrilə bilər.
Əsas perspektiv ikitərəfli layihələrin toplanmasından onların vahid strateji sistemdə birləşməsinə keçməkdən ibarətdir. Bu mənada, Azərbaycan-Özbəkistan müttəfiqliyi tarixi və mədəni yaxınlığın müasir dövlət tərəfdaşlığına necə çevrilə biləcəyinin ən bariz nümunələrindən birini təmsil edir.
Onun əhəmiyyəti Bakı-Daşkənd münasibətləri çərçivəsini aşır. Nəqliyyat dəhlizləri, enerji layihələri, birləşmiş ərazi icmaları və Mərkəzi Asiya ilə qarşılıqlı əlaqə mexanizmləri vasitəsilə Xəzər regionunu, Mərkəzi Asiyanı, Cənubi Qafqazı və Avropa bazarlarını birləşdirən daha geniş əməkdaşlıq məkanı formalaşır.
Bu tərəfdaşlığın əsas resursu təkcə coğrafiya və iqtisadiyyat deyil, həm də siyasi etimaddır. Məhz bu etimad iki dövlətə uzunmüddətli maraqları uzlaşdırmağa və tək bir siyasi dövr üçün deyil, onilliklər üçün nəzərdə tutulmuş layihələr yaratmağa imkan verir.


MANŞET XƏBƏRLƏRİ