Yeni dərs ili yaxınlaşır: Bir uşağın məktəb xərci neçəyə başa gəlir? - ŞƏRH


Tədris ilinin başlamasına sayılı günlər qaldığı bir vaxtda valideynləri ən çox düşündürən məsələlərdən biri məktəb hazırlığının ailə büdcəsinə təsiridir.

Geyim, ayaqqabı, çanta və digər zəruri ehtiyaclarla yanaşı, il ərzində tələb olunan əlavə vəsaitlər də ümumi xərcləri artırır. Xüsusilə bir neçə məktəbli övladı olan ailələr üçün bu yük daha ciddi hiss olunur.

Bəs bütün bu ehtiyacları nəzərə aldıqda, bir uşağın yeni dərs ilinə hazırlanması valideynə orta hesabla neçəyə başa gəlir? Xərclərin artmasına hansı amillər təsir edir və ailələr bu yükü azaltmaq üçün hansı addımları ata bilərlər?

Turkustan.az bu sualları iqtisadçı-ekpsert Günay Hüseynovaya ünvanladı.

İqtisadçı-ekspert Günay Hüseynova:

Günay Hüseynova

Təxminən bir uşağın məktəb xərci 200 manat civarında olur. Bu məbləğ alınan məhsulların keyfiyyətindən və tələb olunan məktəb ləvazimatlarının sayından asılı olaraq bir qədər az və ya çox ola bilər.

Bir məsələni də qeyd etmək istəyirəm. Bakı Tikiş Fabriki tərəfindən məktəbli geyimlərinin qiymətində artım olmayacağı açıqlanıb. Düşünürəm ki, ayaqqabılar da məktəbli geyimləri kimi standartlaşdırılmalıdır. Bu, həm ailə büdcəsinin qorunması, həm də qiymətlərin tənzimlənməsi baxımından faydalı olar.

Məktəb xərclərinin ailə büdcəsinə ciddi yük yaratmaması üçün valideynlərin əksəriyyəti lazım olan əşyaları və ləvazimatları aylar öncədən alaraq tədarük görür. Məlumdur ki, tədris ili yaxınlaşdıqca tələbatın artması və bəzi satıcıların bundan fürsət kimi istifadə etməsi qiymətlərin yüksəlməsinə səbəb olur.

Əslində, ibtidai və orta təhsil pilləsində oxuyan şagirdlər üçün əlavə ləvazimatların sayı minimuma endirilməlidir. Məsələn, bəzən tanınmayan müəlliflərin hazırladığı kitab və ya test vəsaitlərinin məktəbdə valideynlərə alınmasının tapşırıldığı hallar olur. Hər fənn üzrə əlavə vəsaitlərin alınması valideynlərin maliyyə yükünü artırır. Ailədə bir neçə uşaq olduqda isə bu yük daha da ağırlaşır.

Axı söhbət ali məktəbə hazırlaşan şagirddən getmir. Kiçik yaşlı uşağın həm əlavə maliyyə yükü ilə üzləşməsi, həm də 10-15 kiloqramlıq çanta daşıması nə dərəcədə doğrudur? Sinifdə beş şagirdin həmin vəsaiti almaq imkanı olduğu halda, digər uşaqların bundan məhrum qalması sosial bərabərsizliyə də səbəb olur.

Məktəblərdə başqa bir problem isə valideynlərdən müxtəlif adlar altında qanunsuz şəkildə pul toplanmasıdır. Fond pulu, süpürgə pulu, xadimə pulu, “Bilik günü” üçün hədiyyə və digər məqsədlərlə valideynlərdən əlavə vəsait tələb edilməsi də ailələrin maliyyə yükünü artırır.

Nəticədə valideyn həm övladının məktəb xərclərini qarşılamaq, həm də məktəbin müxtəlif xərclərini ödəmək məcburiyyətində qalır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ