MHP sədri Dövlət Baxçalı İsrailin Suriyaya son hücumunu pisləyərək, bu addımın beynəlxalq hüquqa, regional sülhə və sabitliyə zidd olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Baxçalı yazılı açıqlamasında İsrailin regional sülh və təhlükəsizliyi təhdid edən siyasətinin beynəlxalq hüquq çərçivəsində qarşısının alınmasının zərurətə çevrildiyini qeyd edib.
O, İsrailin Suriyanın İdlib vilayətində yerləşən Əbu Zuhur Hərbi Hava Bazasına hücumunun ölkənin infrastrukturunu və imkanlarını hədəf aldığını, Suriyanın ərazi bütövlüyü və suverenliyinə zidd olduğunu vurğulayıb.
Baxçalı bildirib ki, hücumun səbəbi İsrailin “tarixi ekspansionizmi və beynəlxalq hüquqa etinasızlığı” və ya qarşıdan gələn seçkilərlə bağlı siyasi məqsədlər olsa belə, bu, “qanunun aliliyinə, sülhə və regional sabitliyə qarşı qəbuledilməz hücumdur”.
MHP lideri İsrailə Türkiyəni təhrik etməkdən və ölkənin milli təhlükəsizliyinə birbaşa və ya dolayı müdaxilə kimi qiymətləndirilə biləcək addımlardan çəkinmək çağırışı edib.
“Türkiyə münaqişə axtaran ölkə deyil. Lakin ona qarşı yönələn təhdidləri görməzdən gələcək, suveren hüquqları pozularkən susacaq və milli təhlükəsizliyini başqalarının mərhəmətinə buraxacaq bir ölkə də deyil”, – Baxçalı bildirib.
Aytən Yaşar/ Turkustan.az