Şimali Koreya Rusiyaya əlavə qoşun göndərdi - GUR


Şimali Koreyanın Rusiyaya daha 8 500 hərbçi göndərdiyi, onların arasında pilotsuz uçuş aparatlarının (PUA) operatorlarının da olduğu bildirilir.

Turkustan.az xəbər verir ki, bu barədə CNN-ə Ukrayna Müdafiə Nazirliyinin Hərbi İnkişaf İdarəsinin rəis müavini, general-mayor Vadim Skibitski məlumat verib.

Skibitskinin sözlərinə görə, Rusiyaya göndərilən Şimali Koreya hərbçilərinin əsas hissəsi Kursk vilayətində yerləşdirilib. Onların arasında təxminən 1 000 mühəndis və minaaxtaran, həmçinin 400 PUA operatoru var. Bildirilir ki, Şimali Koreyalı PUA operatorlarının Ukraynaya qarşı hücumlarda istifadə edilməsi gözlənilir.

Ukrayna kəşfiyyatının nümayəndəsi əlavə edib ki, Kreml sentyabr ayında Şimali Koreyadan daha 50 min hərbçi göndərilməsini istəyə bilər. Onun sözlərinə görə, indiyədək təxminən 25 min Şimali Koreya vətəndaşı Rusiya Silahlı Qüvvələrində yerləşdirilib və ya rotasiya olunub.

Skibitski həmçinin Şimali Koreyanın Rusiyaya raket tədarükünü davam etdirdiyini bildirib. Onun sözlərinə görə, ötən ilin avqustuna qədər Pxenyan Rusiyaya Ukraynaya qarşı istifadə üçün ən azı 150 ədəd KN-23 və KN-24 ballistik raketi göndərib, daha 120 raketin tədarükünü vəd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ