Bişkek gündəliyi – Hamı üçün mövzu var


Aqil Camal

Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən “Şanxay Əməkdaşlıq Təşkilatı - plyus” formatında sammit və bu format çərçivəsində reallaşdırılan ikitərəfli görüşlər, ölkə, region və dünya gündəmində aparıcı mövzulara çevrildi.

Bu görüşlər içərisində Azərbaycan ictimai rəyində daha çox rezonansa səbəb olan Azərbaycan və İran prezidentlərinin görüşü, ortadaki səmimi atmosfer, qardaşlıq jestləri oldu.

Həmin görüşdə rəsmi Bakının bəyan etdiyi kimi, Azərbaycan tərəfi İranla mehriban qonşuluq və yaxın əməkdaşlığa hazır olduğunu bir daha nümayiş etdirdi. Eyni zamanda, ABŞ-la ixtilafın sülh və danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu vurğuladı.

Görüşdən sonra İrandan ənənəvi panfarsist dairələr iki prezidentin qardaşcasına ünsiyyətini hədəf aldılar, Pezeşkianı Azərbaycan türkcəsində (öz Ana dilində) danışmaqda ittiham etdilər.

Bu yanaşma bir daha göstərir ki, İranda Azərbaycanla münasibətlərin normal məcrada davam etməsini istəməyən, bu münasibətləri sabotaj etməyə çalışan qüvvələr hələ də aktivdir.

Bişkekdə Azərbaycan Prezidentinin birinci təması Ermənistanın Baş naziri Nikol Paşinyanla idi. Ermənistanda sonuncu parlament seçkisindən sonra bu İlham Əliyevlə Paşinyanın ilk görüşü idi. Paşinyan köhnə-yeni komandası ilə Azərbaycanla normallaşma prosesini davam etdirməyə hazır olduğunu göstərdi.

Paşinyanın Rusiya lideri Vladimir Putinlə görüşü isə tərəflərin idarəolunan gərgin ritorikası şəraitində keçdi. Sonradan Paşinyan bu görüşü nə qədər “səmərəli” adlandırsa da, Putinin onun qarşısına qoyduğu konkret və qəti tələblər, iki ölkə arasında münasibətlərin qeyri-müəyyən məcraya keçdiyini göstərdi.

Bişkekdə Putinin Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva ilə bir neçə dəfə təkrarlanan təmasları, son zamanlar Rusiya mediasında və bəlli təbliğat ruporlarında Azərbaycana qarşı məqsədli hücumlar fonunda diqqətçəkən idi. Bu cür isti yanaşmanın Rusiyanın bəlli təbliğat maşınına necə təsir göstərəcəyini hər halda qısa vaxtda görəcəyik.

Qeyd olunmalı digər bir məqam Hindistanın Baş naziri Narendra Modinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməsidir. Azərbaycan Prezidentinin əyləşdiyi masaya yaxınlaşan Hindistan lideri, görünür, uzun illərdir beynəlxalq platformalarda Ermənistanı dəstəkləmələrinin perspektivsizliyini anlayıb, bu mövqenin artıq heç bir əhəmiyyət kəsb etmədiyi qənaətinə gəlib. Ona görə də, Azərbaycanla münasibətlərdə yeni səhifə açmağa çalışır.


MANŞET XƏBƏRLƏRİ