Ağ Ev Donald Tramp administrasiyasının Şimali Koreyaya qarşı siyasətinin dəyişmədiyini və ABŞ prezidentinin Şimali Koreya lideri Kim Çen Inla ilkin şərt olmadan görüşməyə açıq olduğunu açıqlayıb.
Turkustan.az xəbər verir ki, Ağ Ev rəsmisi Cənubi Koreyanın “Yonhap” xəbər agentliyinin ABŞ və Şimali Koreya liderləri arasında mümkün sammitə hazırlıq aparılıb-aparılmadığı ilə bağlı sualını cavablandırıb.
Rəsmi şəxs Trampın ilk prezidentlik dövründə Koreya yarımadasında sabitliyin təmin edilməsi məqsədilə Kim Çen Inla üç zirvə görüşü keçirdiyini xatırladıb.
“ABŞ-ın Şimali Koreyaya qarşı siyasəti dəyişməyib. Prezident Tramp Kim Çen Inla ilkin şərt olmadan görüşməyə açıqdır”, – deyə Ağ Ev rəsmisi bildirib.
Cənubi Koreyanın Milli Kəşfiyyat Xidmətinin ölkə parlamentinin Kəşfiyyat Komitəsinə təqdim etdiyi brifinqdə də Tramp və Kim arasında mümkün görüşün istənilən vaxt baş tuta biləcəyinin nəzərə alınmasının vacibliyi vurğulanıb.
Aytən Yaşar/ Turkustan.az