Rusiyanın Odessaya gecə saatlarında endirdiyi kütləvi zərbələr nəticəsində 8 nəfər yaralanıb.
Turkustan.az xəbər verir ki, hücum zamanı 24 mərtəbəli yaşayış binası, ofis binaları və iki təhsil müəssisəsinə ziyan dəyib.
Bu barədə Odessa Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, hücum nəticəsində biri uşaq olmaqla 8 nəfər xəsarət alıb, onlardan 2-si xəstəxanaya yerləşdirilib.
Lısak bildirib ki, 24 mərtəbəli yaşayış binasının bir neçə mərtəbəsində mənzillər dağılıb. Yaxınlıqdakı binaların pəncərələri sınıb, avtomobillərə də ziyan dəyib.
Bundan başqa, bir neçə ofis binası və iki təhsil müəssisəsi zərər görüb.
Hazırda şəhərin müxtəlif ərazilərində hücumun nəticələri qiymətləndirilir. Təcili yardım və kommunal xidmətlərin əməkdaşları hadisə yerində çalışır. Energetiklər isə elektrik enerjisinin bərpası istiqamətində iş aparırlar.
Aytən Yaşar/ Turkustan.az