ABŞ Dövlət Departamenti Türkiyəni Artemis Sazişlərini imzalaması münasibətilə təbrik edib.
Turkustan.az xəbər verir ki, Dövlət Departamentinin Türkiyənin Artemis Sazişlərinə qoşulması ilə bağlı yaydığı yazılı açıqlamada Ankaranın kosmosun dinc məqsədlərlə tədqiqi və istifadəsinə sadiq olduğu vurğulanıb.
Açıqlamada qeyd olunub ki, Türkiyə sazişləri imzalayan 71-ci ölkədir və bununla kosmosun dinc məqsədlərlə tədqiqi və istifadəsinə öhdəlik götürüb.
Sənədin avqustun 31-də Vaşinqtonda ABŞ rəsmiləri ilə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır tərəfindən imzalandığı bildirilib.
Dövlət Departamenti Türkiyəni ABŞ-ın müdafiə əməkdaşlığı, regional təhlükəsizlik və ticarət sahələrində sıx əməkdaşlıq etdiyi mühüm NATO müttəfiqi kimi qiymətləndirib.
AYtən Yaşar/ Turkustan.az