Krım Xəbər Agentliyi (QHA; Qırım Haber Ajansı) azərbaycanlı şair-publisist, Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalı ilə geniş müsahibə yayımlayıb.
“Azərbaycanlı şair Qoşalı: Krım yalnız siyasi böhran dövrlərində xatırlanmamalıdır” başlıqlı müsahibədə Türk dünyasının ədəbi-mədəni inteqrasiyası, ortaq tarixi yaddaşın qorunması, türk xalqları arasında ədəbi işbirliyinin genişləndirilməsi, ortaq bağlantılar mühiti, Krım tatar ədəbiyyatının Türk dünyasındakı yeri və İsmayıl bəy Qaspıralının ideya irsi çevrəsində geniş fikir mübadiləsi aparılıb.
Əkbər Qoşalı müsahibədə ədəbiyyatın estetik hadisə olmaqla yanaşı, həm də milli və tarixi yaddaşın daşıyıcısı olduğunu vurğulayıb. Onun fikrincə, Türk dünyasının gələcək mədəni inteqrasiyası hər bir xalqın özünəməxsusluğunu qorumaqla qarşılıqlı tanınma və yaxınlaşma üzərində qurulmalıdır.
Müsahibədə Türk dünyasında ortaq ədəbi dövriyyə sisteminin yaradılması ilə bağlı konkret təkliflər də irəli sürülüb. Əkbər Qoşalı qarşılıqlı keyfiyyətli çevrilərin artırılması, ortaq nəşriyyat və dərgilərin, peşəkar çevri mərkəzlərinin, ədəbiyyat agentliklərinin, rəqəmsal kitabxana və audiokitab platformlarının yaradılmasını vacib sayıb. O, Daşkənddə çıxan yeni bir romanın qısa müddətdə Bakıda, Krım tatarcasında nəşr edilən şeir kitabının Kazan və Ankarada, azərbaycanlı gənc yazarın isə Bişkekdə tanınmasının təbii ədəbi prosesə çevrilməli olduğunu bildirib.
Ortaq türk dili məsələsinə də toxunan Əkbər Qoşalı milli ədəbi dillərin qorunmasını prinsipial sayaraq, süni şəkildə yeni dil yaratmağın tərəfdarı olmadığını bildirib: “Ağacı birləşdirmək üçün budaqları kəsməyə ehtiyac yoxdur; kök onsuz da birdir”. Onun qənaətincə, ortaq türk kommunikasiya mühiti ortaq əlifba, qarşılıqlı dil öyrənilməsi, media, kino, ədəbiyyat, tələbə mübadiləsi və davamlı mədəni təmaslar vasitəsilə həyatın öz içindən formalaşmalıdır.
QHA müsahibəsində Krım və Krım tatarlarının Türk dünyasının ortaq mədəni yaddaşındakı yerinə ayrıca diqqət ayrılıb. Əkbər Qoşalı Krımın İsmayıl bəy Qaspıralıdan, Bəkir Çobanzadədən Çingiz Dağçıya uzanan böyük mədəni yaddaş məkanı olduğunu vurğulayıb. O bildirib ki, Krımı yalnız siyasi böhran dönəmlərində anmaq mədəni yaddaşa haqsızlıqdır; Krım Türk dünyasının gündəmində daimi yaddaş hadisəsi kimi yaşamalıdır.
Şair-publisist Krım tatarlarının sürgün, Vətən və geri dönüş mübarizəsinin gələcək nəsillərə çatdırılmasında ədəbiyyatın əvəzsiz roluna da toxunub. Onun sözlərinə görə, roman, poeziya, anım ədəbiyyatı, teatr, kino, uşaq ədəbiyyatı və şifahi tarix materialları milli yaddaşın nəsillərarası ötürülməsini təmin edən önəmli vasitələrdir.
Müsahibənin sonunda Əkbər Qoşalı İsmayıl bəy Qaspıralının tarixi ülküsünü çağdaş dönəmin tələbləri ilə səsləşdirərək Türk dünyasının gələcəyinə dair baxışını belə ümumiləşdirib:
“Dildə yaxınlıq, fikirdə dayanışma, işdə birlik; yaddaşda bərabərlik, gələcəkdə ortaqlıq!”
Müsahibə Krım Xəbər Agentliyində yeni ayın ilk günündə (1 sentyabr 2026-cı ildə) yayımlanıb.