Gəncə şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ekoloji Renesans” İctimai Birliyi tərəfindən həyata keçirilən “Sağlam həyat tərzinin təşviqi” layihəsinin açılış tədbiri keçirilib.
Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının inzibati binasında keçirilən tədbirdə dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının, ali və ümumtəhsil müəssisələrinin, qeyri-hökumət təşkilatlarının, ekspertlərin, gənclərin və könüllülərin nümayəndələri iştirak ediblər. Tədbirə ümumilikdə 60-a yaxın iştirakçı qatılıb.
Açılış tədbirində “Ekoloji Renesans” İctimai Birliyinin sədri, layihə rəhbəri Leyla Məmmədova çıxış edərək sağlam həyat tərzinin təşviqinin iqlim dəyişmələri, ətraf mühitin çirklənməsi, su ehtiyatlarının və biomüxtəlifliyin qorunması kimi qlobal çağırışlarla sıx bağlı olduğunu bildirib.
O qeyd edib ki, sağlam cəmiyyətin formalaşması yalnız fərdlərin sağlamlığından deyil, eyni zamanda sağlam və dayanıqlı ətraf mühitin qorunmasından asılıdır. Bu istiqamətdə dövlət qurumları, təhsil müəssisələri, QHT-lər, ekspertlər, gənclər və ictimaiyyət arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.
Gəncə Dövlət Universitetinin Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri, biologiya elmləri doktoru, professor Sevda Əhmədova ekologiya və təbiətin mühafizəsi sahəsində maarifləndirmənin və elmi yanaşmanın əhəmiyyətindən danışıb. O, gənclərin ekoloji proseslərə fəal cəlb olunmasının vacibliyini diqqətə çatdırıb.
Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov isə gənclərin sağlam həyat tərzinin formalaşdırılması, sosial və ekoloji təşəbbüslərdə, həmçinin könüllülük fəaliyyətində iştirakının əhəmiyyətini qeyd edib.
Göygöl Milli Parkının nümayəndəsi təbii ərazilərin və biomüxtəlifliyin qorunması, təbiətə məsuliyyətli münasibətin formalaşdırılması və ekoloji maarifləndirmənin əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Daha sonra Gəncə Dövlət Universitetinin Ekologiya və təbiəti mühafizə kafedrasının müəllimi, layihənin təlimçisi Vüsal Musayev layihənin məqsədləri, əsas fəaliyyət istiqamətləri və qarşıdakı mərhələləri barədə məlumat verib.
Tədbir interaktiv müzakirələrlə davam edib. Müzakirələr zamanı sağlam həyat tərzi, ekoloji məsuliyyət, ətraf mühitin qorunması, yaşıllıqların artırılması, su və enerji resurslarından səmərəli istifadə, gənclərin və könüllülərin ekoloji təşəbbüslərdə iştirakı, eləcə də müxtəlif qurumlar arasında əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
İştirakçıların fikir və təkliflərinin sistemli şəkildə toplanması məqsədilə tədbir zamanı xüsusi təklif blankları da paylanılıb. Dövlət qurumlarının, bələdiyyələrin, təhsil müəssisələrinin, QHT-lərin, ekspertlərin, gənclərin və könüllülərin nümayəndələri öz fəaliyyət sahələri üzrə aktual məsələləri, mövcud ehtiyacları və mümkün həll yollarını qeyd ediblər.
Toplanan təkliflərin layihənin növbəti mərhələlərinin planlaşdırılmasında, gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsində, həmçinin yekun Yaşıllıq Forumunun mövzu və müzakirə istiqamətlərinin formalaşdırılmasında nəzərə alınması nəzərdə tutulur.
Layihə çərçivəsində 6 maarifləndirici təlim keçiriləcək
Layihənin növbəti mərhələsində 3 ali təhsil müəssisəsində və 3 ümumtəhsil məktəbində olmaqla, ümumilikdə 6 maarifləndirici təlimin keçirilməsi planlaşdırılır.
Ali təhsil müəssisələrində keçiriləcək hər bir təlimdə 150 nəfər, ümumtəhsil məktəblərində keçiriləcək təlimlərdə isə 100 nəfərin iştirakı nəzərdə tutulur.
Təlimlərdə sağlam həyat tərzi, ekoloji məsuliyyət, ətraf mühitin qorunması, yaşıllıqların əhəmiyyəti, su və enerji resurslarından səmərəli istifadə, ekoloji davranış və gənclərin ekoloji təşəbbüslərdə iştirakı kimi mövzulara diqqət yetiriləcək.
Layihə çərçivəsində məktəblərin iştirakı ilə 100 ağacın əkilməsi üzrə ağacəkmə aksiyasının keçirilməsi də nəzərdə tutulur. Aksiyanın maarifləndirmə fəaliyyətlərinin praktiki tədbirlərlə tamamlanmasına, məktəblilərin ekoloji təşəbbüslərə cəlb olunmasına və şəhərdə yaşıllıqların artırılmasına töhfə verməsi gözlənilir.
Layihənin yekun mərhələsində isə 250 nəfərin iştirakı ilə Yaşıllıq Forumunun keçirilməsi planlaşdırılır. Forumda layihə çərçivəsində həyata keçirilən təlimlərin və ağacəkmə aksiyasının nəticələri, açılış tədbirində toplanmış təkliflər, Gəncə şəhərinin aktual ekoloji problemləri, yaşıllıqların qorunması və artırılması, sağlam həyat tərzinin təşviqi və gələcək əməkdaşlıq imkanları müzakirə olunacaq.
Beləliklə, layihənin açılış tədbiri yalnız layihənin təqdimatı ilə məhdudlaşmayıb, müxtəlif sahələrin nümayəndələrinin bir araya gəldiyi, aktual problemlərin müzakirə olunduğu, real ehtiyacların müəyyənləşdirildiyi və gələcək əməkdaşlıq istiqamətlərinin formalaşdırıldığı platforma kimi diqqət çəkib.
“Sağlam həyat tərzinin təşviqi” layihəsi sağlam həyat tərzinin təşviqinə, ekoloji maarifləndirmənin gücləndirilməsinə, gənclərin və ictimaiyyətin ekoloji təşəbbüslərdə iştirakının artırılmasına, yaşıllıqların qorunması və artırılmasına, eləcə də müxtəlif tərəflər arasında davamlı əməkdaşlığın inkişaf etdirilməsinə yönəlib.
«Ekoloji Renesans” İctimai Birliyi tədbirin keçirilməsi üçün məkan və şərait yaratdığına görə Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatına, həmçinin tədbirdə iştirak edərək fikir və təklifləri ilə layihəyə töhfə verən dövlət qurumlarına, yerli özünüidarəetmə orqanlarına, təhsil müəssisələrinə, QHT-lərə, mütəxəssislərə, gənclərə, könüllülərə və bütün iştirakçılara təşəkkürünü bildirib.
