Avstraliyada tamamilə süni intellekt tərəfindən yaradılan mahnıların ölkənin musiqi siyahılarına daxil edilməsi qadağan ediləcək.
Turkustan.az xəbər verir ki, ABC News-un məlumatına görə, Avstraliya Səsyazma Sənayesi Assosiasiyası (ARIA) süni intellektlə yaradılan musiqilərlə bağlı yeni qaydalar tətbiq edəcəyini açıqlayıb.
Yeni qaydalara əsasən, avqustun 28-dən etibarən tamamilə süni intellekt vasitəsilə yaradılan mahnılar ARIA-nın musiqi çartlarına daxil edilə bilməyəcək.
Bununla yanaşı, əsasən insanlar tərəfindən hazırlanan, lakin səsyazma prosesində süni intellekt alətlərindən istifadə edilən mahnıların çartlarda yer almasına icazə veriləcək. Bunun üçün həmin əsərlərin çartların manipulyasiyası ilə bağlı narahatlıq yaratmaması tələb olunacaq.
ARIA rəhbərlərindən Annabelle Herd bildirib ki, sənətçilərin süni intellekt alətlərindən yararlanması ilə bütün mahnının tamamilə süni intellekt tərəfindən hazırlanması arasında ciddi fərq var.
Aytən Yaşar/ Turkustan.az