Pakistanın daxili işlər naziri Möhsün Nəqvi İran Prezidenti Məsud Pezeşkianla görüşdə ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibə və regiondakı gərginliklə bağlı “əhəmiyyətli irəliləyiş” əldə edildiyini bildirib.
Turkustan.az xəbər verir ki, Nəqvi Pakistan Ordusunun Qərargah rəisi Asim Munirlə birlikdə İranın paytaxtı Tehrana səfəri ilə bağlı “X” sosial şəbəkəsində açıqlama verib.
O, Pezeşkianla görüşün “müsbət və məhsuldar” keçdiyini, danışıqlar zamanı ABŞ-İran gərginliyi, Yaxın Şərqdəki vəziyyət və “İslamabad Sazişləri”nin bərpası üçün atıla biləcək addımların müzakirə edildiyini bildirib.
Nəqvinin sözlərinə görə, İran Prezidenti ölkəsinin mövqeyini və narahatlıqlarını bölüşüb və tərəflər məsələləri hərtərəfli müzakirə ediblər.
“Əhəmiyyətli irəliləyiş əldə edildi və görüş çox müsbət notlarla başa çatdı. Ümid edirik ki, bu impuls regionda daha böyük irəliləyişə və davamlı sülhün bərqərar olmasına yol açacaq”, – Nəqvi deyib.
Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr üzrə Baş İdarəsi (ISPR) isə Nəqvi və Munirin İrana səfərinin əsas məqsədinin regionda gərginliyin artmasının qarşısını almaq, mövcud qarşıdurmaya son qoyulmasına töhfə vermək və Hörmüz boğazının yenidən açılmasına dəstək göstərmək olduğunu açıqlayıb.
Bəyanatda tərəflərin regional sülh və gərginliyin danışıqlar yolu ilə aradan qaldırılması məsələləri üzrə fikir mübadiləsi apardıqları və Pakistan nümayəndə heyətinin Tehrana səfərinin başa çatdığı bildirilib.
![]()
Aytən Yaşar/ Turkustan.az