ABŞ prezidenti Donald Trampın reytinqinin prezidentliyi dövründə ən aşağı səviyyəyə düşməsi Vaşinqtonda qarşıdan gələn aralıq seçkiləri ilə bağlı ciddi suallar yaradıb.
Turkustan.az “Reuters/Ipsos” milli sorğu layihəsinin keçirdiyi sorğuların nəticələrinə istinadla xəbər verir ki, amerikalıların cəmi 33 faizi Trampın fəaliyyətini bəyənir, 64 faizi isə narazıdır. Eyni zamanda, respondentlərin təxminən 80 faizi ABŞ-nin İranla müharibəsinin uzun müddət davam edəcəyini düşünür.
İran müharibəsinin uzanması, enerji qiymətləri və yaşayış xərclərinin artması artıq Tramp administrasiyası üçün təkcə xarici siyasət problemi deyil, ciddi daxili siyasi riskə çevrilir. Xüsusilə noyabrda keçiriləcək aralıq seçkiləri fonunda bu mənzərə respublikaçılar üçün təhlükəli siqnal hesab olunur. Sorğular Trampın zəifləyən mövqeyinin Konqres uğrunda mübarizədə partiyasına da baha başa gələ biləcəyini göstərir.
Gedişat nəyi göstərir, noyabr seçkiləri Tramp və respublikaçılar üçün ağır siyasi sınağına çevriləcəkmi?

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Musavat.com-a açıqlamasında keçmişdə keçirilən bir sorğu nəticəsini nümunə olaraq göstərərk deyib: "Ipsos ciddi və metodoloji baxımdan etibarlı sorğu qurumudur. “Röyters”in onunla birgə hazırlayıb təqdim etdiyi sorğu nəticələri bu baxımdan ictimai rəyi əks etdirmiş ola bilər. Lakin onun sorğu nəticələrini “seçki nəticələrini proqnozlaşdıran model” olaraq qəbul etmək yanlış olardı. Məsələn, 2024-cü ildə “Röyters/Ipsos milli sorğu layihəsi Trampın qalib gələcəyini göstərməmişdi. Əksinə, sorğuya görə Kamala Harris 50%, Tramp 48% səs almalı idi. Real nəticədə isə Tramp 49,9% ilə Harrisdən azacıq üstünlük qazanaraq qalib gəldi. Ipsos daha sonra bəyan etdi ki, sorğu ictimai rəyi ölçmək üçün nəzərdə tutulub, seçki nəticələrini proqnozlaşdırmaq üçün deyil. Çünki yekunda seçki sisteminə və nəticələrə təsir göstərən fərqli məqamlar var. Beləliklə, sorğu nəticəsindən göründüyü kimi Trampa hazırki ictimai etimad olduqca aşağı düşüb, lakin bu, noyabrda keçiriləcək seçkilərin nə ilə nəticələnəcəyini proqnoz etmək üçün yetərli amil deyil. Hazırki geosiyasi mənzərə, İranla müharibənin uzanması, ABŞ-nin, şəxsən Trampın müharibə iddiaları və reallıqların üst-üstə düşməməsi, iqtisadi problemlərin artması - bütün bunlar noyabr seçkilərində Trampın və ümumilikdə Respublikaçıların qalibiyyətinə real təhlükə yaradır”.
Ona görə də şərhçi düşünür ki, bu, “respublikaçılar mütləq məğlub olacaqlar” deməyə əsas vermir: “Tramp bu günlərdə ictimai çıxışlarından birində Amerika xalqına səslənərək “şər dövlət” İrana qarşı müharibəyə və onun gətirdiyi iqtisadi çətinliklərə dözməyə çağırdı. Başqa sözlə, Tramp Amerika xalqını İranla müharibənin labüdlüyünə inandırmağa qadir olarsa, respublikaçıların seçkilərdə qalibiyyəti təmin edəcəyini ehtimal etmək olar. Bu ehtimal reallaşarsa, ABŞ-nin İranla müharibəsi sözsüz ki, daha da uzanacaq". /Musavat.com/