“Məni ölümlə hədələyib, ölkədən çıxmağımı istəyirlər” – Sərdar Cəlaloğlu kürd qalmalından danışdı


Son günlər Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun kürdlər haqda dedikləri ciddi müzakirələrə səbəb olub. Onun xalq qəhrəmanı kimi tanınan Qaçaq Nəbi və xanımı Həcərlə bağlı səsləndirdiyi fikirlər də yenidən gündəmə gətirilib. Sərdar Cəlaloğlu qeyd edib ki, tarixi xalq qəhrəmanı kimi tanınan Qaçaq Nəbi ilə bağlı Maksim Qorkinin “Qafqazda qaçaqlar” (“Razboyniki na Kavkaze”) oçerkində bəhs olunan Qara Nəbi məsələsi araşdırılmalıdır. Bəzi sosial media istifadəçiləri isə sözügedən fikirləri araşdırdıqlarını və Cəlaloğlunun təqdim etdiyi bəzi məlumatların yanlış olduğunu bildirərək, ADP sədrini tənqid ediblər.

Sərdar Cəlaloğlu niyə Qaçaq Nəbi və kürd məsələləri ilə bağlı fikirlərinə görə hədəfə çevrilir? Bu məsələlərin uzun müddət gündəmdə qalmasının səbəbi nədir?

Globalinfo.az-a danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, Qaçaq Nəbi barədə yeni heç nə danışmayıb:

“10 il bundan əvvəl demişəm ki, Azərbaycan xalqına təqdim edilən xalq qəhrəmanları və ideallar sovet rejiminin ideyalarına uyğun idi. Qəhrəmanların hamısını kasıb təbəqədən seçilərək ictimai rəyə təqdim olunurdu. Prezident İlham Əliyev bu yaxınlarda Azərbaycanın Rusiyanın koloniyası olduğunu deyib. Buna qarşı mübarizə aparan adamları niyə tanımırıq? Halbuki Quba üsyanının başçısı buna qarşı mübarizə aparıb. Şəki, Car-Balakən üsyanları da bu səbəbdən baş verib. Onlara kimlər rəhbərlik edib? Üsyanların niyə başladığına dair xalq məlumatsızdır. Həmin üsyanlara rəhbərlik edən şəxslər Azərbaycan xalqının qəhrəmanlarıdır. Müstəqil Azərbaycan uğrunda həyatlarını, ailələrini qurban veriblər.

Bu kontekstdə Nəbinin haqqında danışmışam. Bir xalq qəhrəmanı gərək xarici düşmənlərə qarşı mübarizə aparsın. Bu adı elə qazana bilər. Yoxsa xalqın öz içində varlılara qarşı mübarizə aparmaq xalq qəhrəmanı hesab olunmur. Bütün dünya xalqlarında xalq qəhrəmanı xalqı yadelli işğalçılardan qoruyan insanlara deyirlər. Nəbinin belə bir mübarizəsi olmayıb. Daxildə apardığı qəhrəmanlıqla bağlı da bir fakt yoxdur. Sadəcə sovet hökuməti 1950-ci illərdə Azərbaycanda çar Rusiyasına qarşı mübarizə aparan kasıb obrazı yaratmaqla bağlı göstəriş verib. O vaxt Əli Vəliyev Qubadlıda qaçaqçılıq edən İsfəndiyar bəyin hərəkətlərini Qaçaq Nəbinin adına yazıb. Beləliklə, dastan yaradılıb. İnsanlar bu xalq dastanında yazılanları Nəbinin fəaliyyəti kimi qəbul edirlər. Elə bilirlər ki, bütün bunlar real hadisələrdir.

Halbuki İsfəndiyar bəyin qohumları bu gün də Nəbinin adına çıxılan qəhrəmanlıq hadisələrinin İsfəndiyar bəyə aid edilməsi və onun adının əbədiləşdirilməsi uğrunda mübarizə aparırlar. Çar arxivlərinə, məhkəmələrə müraciətlər ediblər. Əli Vəliyevdən də bu addımı niyə atdığını soruşublar. Əslində, İsfəndiyar bəy olduğu üçün sovet hakimiyyəti bununla razılaşmayıb. Onun milli qəhrəman səviyyəsinə qaldırılmasının doğru olmadığını bildiriblər.

Qubadlıdan olan bəzi adamlar deyir ki, Nəbi Qubadlıdandır, onun haqqında niyə belə deyirsən? Halbuki İsfəndiyar da Qubadlıdandır. O qəhrəmanlıqları Nəbinin, yaxud İsfəndiyarın etməsinin qubadlılar üçün nə fərqi var? Faktiki olaraq, bəy oğlu olmasına baxmayaraq, əlində silah çar Rusiyasına qarşı vuruşub. Nəbi isə bunu etməyib.

Bu gün Nəbini xalq qəhrəmanı adlandıranlar bir dənə rəsmi sənədlə nümunə göstərə bilərlərmi ki, Nəbi həqiqətən də çar Rusiyasına qarşı vuruşub? Amma Qubada rus hakimiyyətinə qarşı 3 min atlı ilə vuruşub rusları Azərbaycandan çıxaran adamı heç kim tanımır. Bu məsələləri elmi və siyasi baxımdan ifadə etmişəm. Mənim nə Nəbi, nə Həcər, nə də kürdlərlə problemim yoxdur”.

Sərdar Cəlaloğlu qeyd edib ki, kürd məsələsində səsləndirdiyi fikirlər də yanlış anlaşılıb:

“Mənə sual verdilər ki, İran kürdləri ABŞ-ın verdiyi silahlarla hücum edəcəklər, Təbrizi, Urmiyanı, Naxçıvanı tutacaqlar. Bununla bağlı xəritə də düzəldiblər. Kürd dövləti adlanan həmin xəritədə Azərbaycanın, Qarabağın bir hissəsi, Kür çayından Araz çayına qədər, Naxçıvan da daxil olmaqla bütün əraziləri kürd dövləti elan edilib. Deyirlər ki, burada kürd dövləti quracaqlar. Mən də dedim ki, xeyir ola, Türkiyə, İraq ərazisində dövlət qurursunuz? Kürdlərin apardığı mübarizə Türkiyədə, Suriyada, İraqda, eləcə də Azərbaycanda yalnız türklərə qarşı yönəlib. Əsrin əvvəllərində onların güvəndiyi bir şəxs olub. Rusların təhriki ilə ermənilərlə birləşib qırğın törədiblər. Sonrakı illərdə də bənzər hadisə baş verib, 2 mindən çox adam öldürülüb. İndi də yenidən silahlanmağa başlayıblar.

Bunların nə ixtiyarı var ki, harada kürd yaşayırsa, həmin ərazilərə iddia etsinlər? Onlar bizim bütün tarixi şəxsiyyətlərimizi kürd kimi qələmə veriblər. Şah İsmayıl Xətainin, Nadir şahın kürd olduğunu, Bakı, Naxçıvan, Gəncə, Füzulinin kürd şəhərləri olduğunu deyirlər. Açıq şəkildə Azərbaycanda yaşayan bəzi kürdlər bu məsələni qaldırırlar.

ADP sədri deyib ki, Azərbaycanda ölkədə 5-6 min kürd yaşayır:

“Onlar Türkiyədə, İraqda, Suriyada yaşayan kürdlərə dəstək verirlər. Əllərində silahla gedib döyüşənlər, pul göndərənlər də var. Ermənilər Azərbaycana qarşı düşmənçilik cəbhəsindən çıxdıqdan sonra imperialistlər kürdləri Azərbaycana qarşı bir qrup kimi hazırlayırlar. Əvvəllər də demişəm, necə ki, Suriyada, Türkiyədə kürdlər qırıldı, İranda da ABŞ kürdləri müdafiə etməyəcək. Prezident Donald Tramp birinci dedi ki, kürdlər bizim dediyimizi etməsə, onları cəzalandıracağıq. İndi İran nəinki öz ərazisindəki kürdlərin bazalarını bombalayır, hətta İraqdakı kürdlərə də hücumlar edilir. Mən bununla bağlı 5-6 həftə əvvəl proqnoz vermişdim. İndi mənim günahım odur ki, mən hadisələri qabaqlayıram. Təhlil edirəm, nəyin necə olacağını görürəm”.

S.Cəlaloğlu bildirib ki, kürdlərin qabaqcıl adamları sərsəm ideyalardan imtina etməlidirlər:

“Azərbaycan torpaqlarına iddialardan əl çəkməlidirlər. İndi İran bu camaatı qırır, həmin kürdlər niyə ağızlarına su alıb oturublar? Nə üçün bəyanat vermirlər bu barədə? İraq Kürdüstan Regional Hökumətinin Baş naziri Məsrur Bərzani boş təhdidlər irəli sürür. Kürdlərə heç kim icazə verməyəcək ki, özlərinə dövlət yaratsınlar. Yaxın Şərqdə gərək bir neçə dövlət dağılsın ki, bir dənə kürd dövləti yaransın”.

Cəlaloğlu qeyd edib ki, sosial şəbəkələrdə ona hücumlar təşkil edirlər:

“Ölümlə hədələyirlər. Söyüş söyən bloqerlər, tiktokerlər tutulur, amma bir partiya sədrini açıq-aşkar ölümlə hədələyən şəxslərə qarşı tədbir görülmür. Ünvanıma göndərilmiş bir videoda şəxs adını, soyadını deyir, mənim şəklimi qoyub “səsini kəsməsən, səni öldürərik” deyir. 40 ildən artıqdır ki, siyasətdəyəm. İxtiyarım var ki, Azərbaycan dövləti və tarixi ilə bağlı istənilən məsələdə fikrimi bildirim, mövqe ortaya qoyum. Çox təəssüf ki, dediklərim nöqtəsinə qədər düz çıxır. 5-6 ay əvvəl dedim ki, ABŞ-ın verdiyi silahlara inanıb Naxçıvana iddia etməyin. Farsların, rusların bizə qarşı münasibəti yaxşı deyil. Qərb də yeri gələndə bizə qarşı hansısa addımı ata bilər. Erməni silahından sonra indi də kürd silahından türklərə qarşı istifadə etməyə başlayıblar.

Bu cür tendensiyaların qarşısı alınmasa, yaxın 20-30 il ərzində kürdlərlə türklər arasında çox ciddi konfliktin şahidi olacağıq”.


MANŞET XƏBƏRLƏRİ