Azərbaycan musiqiçiləri Macarıstanda Turan Qurultayında - FOTOLAR
Macarıstanın Buqaç şəhərində növbəti Böyük Hun-Türk Qurultayı keçirilib. Macarıstan Turan Fondu tərəfindən təşkil olunan üçgünlük tədbir 27-dən çox türk icmasının nümayəndələrini bir araya gətirib. Qurultayda TDT-nin bütün üzv və müşahidəçi dövlətlərindən iştirakçılar təmsil olunublar. Proqram çərçivəsində ənənəvi idman növləri, musiqi, sənətkarlıq və müxtəlif mədəni tədbirlər təqdim edilib.
Qurultayda Azərbaycanı Əməkdar artist Nuriyyə Hüseynovanın rəhbərliyi ilə “Qorqud” Folklor Ansamblı təmsil edib.
Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə qurultayda iştirak edən Əməkdar artistlər Fəzilə Rəhimova, Təranə Əliyeva, müğənni-bəstəkar Çilənay Hüseynova, musiqiçilər Rüstəm Müslümov, Əkbər Məmmədov və Ceyhun Muradovdan ibarət qrup festivalda uğurlu çıxışları ilə yadda qalıblar.
Əməkdar artist Nuriyyə Hüseynova Turkustan.az-a açıqlamasında bildirib ki, Qurultayda Azərbaycan heyətinin çıxışları böyük rəğbətlə və alqışlarla qarşılanıb: “Xüsusilə, Türkiyədən gələn soydaşlarımız Türk bayrağı ilə yanaşı Azərbaycan bayrağını dalgalandırırdılar. Ümumən, Qurultay yüksək coşqu ilə keçdi.
Azərbaycan heyətinin çıxışlarına ayrıca maraq vardı. Ona görə mahnıları təkrar ifa etməli olurduq”.
N.Hüseynovanın sözlərinə görə belə tədbirlər Türk xalqlarının arasında mədəni əməkdaşlığın, əlaqələrin möhkəmlənməsinə xidmət edir. Qurultay türk xalqlarının ortaq irsinin tanıdılması baxımından əhəmiyyətli platformaya çevrilib”.
Bəxtiyar Səlimov/Turkustan.az





